Şeyx Babı türbəsi XIII əsrdə memar Əli Məcidəddin tərəfindən Füzuli rayonunun Babı kəndində tikilib. Xalq arasında “Şıxbaba türbəsi” adı ilə tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə səkkizguşəlidir. Ağ daşdan hörülüb və üstü səkkizguşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsirləri görünür. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan, tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273—1274-cü illər) əmr verilib. Məzarın sinədaşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb: Bu müqəddəs türbə Zahid Kamal, Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib.Türbə kompleksindən 1 türbə və zədələnmiş bir minarə qalıb. Abidə 29 sentyabr 2020-ci il tarixində Qarabağda baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində ciddi şəkildə zədələnmişdir.