• office@soyqirim.az
  • (023)335-37-07
Abidələrimizi tanıyaq, tanıdaq!

Gülüstan qalası Şamaxı şəhərinin şimal-qərbində, sıldırım qayalı bir dağın zirvəsində tikilmişdir. Vaxtilə Şirvanşahların qərargahı və hərbi istehkam məntəqəsi olmuş bu qala tarix boyu baş verən vuruşmalar və zəlzələlər nəticəsində uçulub dağılmış, indi onun yalnız bəzi bürc, divar və binalarının xarabalıqları qalmışdır.
Yerli sakinləin Qız qalası kimi tanıdığı Gülüstan qalasının tikildiyi dövr haqqında dəqiq məlumat yoxdur. Mənbələrə əsasən, Gülüstan qalası haqqında ilk məlumat VIII əsrə təsadüf edilir. Ərəb tarixçisi Təbərinin məlumatına görə, 733-734-cü illərdə Müslüm ibn Əbd əl-Məlik Şirvana hücum edərkən “Qaleyi Duxteran”ı tutaraq dağıdıb. Şirvanşahlar tərəfindən bərpa edilən Gülüstan qalası 1123-cü ildə yenidən dağıdılıb. Bir qədər sonra qala Şirvanşah II Məniçöhrün bacısı Şahbanu tərəfindən bərpa edilib.
XVI əsrin əvvəllərində Şah İsmayıl Səfəvinin Şirvana hücumu zamanı (1500) Gülüstan qalası möhkəm hərbi istehkam rolunu oynamışdır.
2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Şirvanşahlar dövrünə aid qala tikililərinin dolğun maketini qurmaq məqsədilə Avstriya şirkəti tərəfindən Gülüstan qalasının qalıqlarının skan çəkilişi aparılıb və qalanın 3D modeli hazırlanıb. Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür.

Paylaş

Spread the love