• office@soyqirim.az
  • (023)335-37-07
“İmamzadə” məscidi

Qədim Gəncə şəhərinin təxminən 7 kilometr şimalda yerləşən İmamzadə məscidi Azərbaycanın mötəbər və məşhur dini ocaqlarından sayılır. “İmamzadə” məscidi (“Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi də tanınır) Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə dünyasını dəyişmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında inşa olunmuşdur.
Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Türbənin tikintisində qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq olunmuşdur. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçikgünbəzli hücrələr isə daha sonrakı dövrdə, çox güman ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir.
Bu dəyərli məkan imamzadələr üçün səciyyəvi olan cəhətlərə malik olmaqla yanaşı, tarixən türbə kimi inşa olunmuş, ətrafında digər türbələr də müxtəlif dövrlərdə ucaldılmışdır. Bununla yanaşı, Gəncə imamzadəsinin dini əhəmiyyətinin, tarixi mövqeyinin təsiri, əhali arasında əsrlər boyu mövcud olmuş nüfuzunun tədricən daha da yüksəlməsi onun inam-inanc məkanı olaraq mənəvi ocaq, milli dəyərlərin mühafizəçisi kimi rolunun yüksəlməsinə gətirib çıxarmışdır.
Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmışdır. 2010–2016-cı illərdə İmamzadə kompeksində Prezident İlham Əliyevin göstərişi ilə əsaslı şəkildə yenidənqurma və restavrasiya işləri aparılmışdır.

Paylaş

Spread the love