Tədbirdə Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxış edərək bildirmişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırıma və deportasiyaya məruz qalmışdır. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Anar Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba Regional Mərkəzinin müdiri Bəhruz Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Naib Səttarov 20-ci əsrin, bəlkə də, ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı olan qətliamı olduğunu vurğulayaraq qeyd etdilər ki, bu soyqırımı susqundur, ona gorə ki, Sovet İttifaqı qurulduqdan sonra bu qanlı tarixin üzərindən dırnaqarası qardaşlıq xətti çəkildi. O dövrün mətbu orqanları bu hadisələrin üzərindən sakitcə keçdilər. SSRİ dağılan kimi yaxın keçmişimizdə mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş qanlı hadisələrin arxivləri açıldı, xalqımıza qanlı tariximiz haqqında məlumatlar verildi. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir.
Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edildi.