"Gavurqala"
Gavurqala – Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndinin cənubunda yerləşən ilk orta əsrlərə aid yaşayış məskəni olub.
1958-ci ildə aparılan İlk arxeoloji tədqiqatlar nəticəsində ərazidə III-V əsrlərdən başlayaraq X-XI yüzilliyə qədər yaşayışı özündə əks etdirən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Ağ daşdan inşa edilmiş Gavurqala kilsəsi şəhərdə memarlığın inkişafını xarakterizə etmək üçün ən gözəl nümunədir. Məbədin dörd qapısı, döşəməsi isə hamar yonulmuş daşlarla örtülmüşdür. Məbəd ərazisindən daş sənduqə tipli qəbirlər aşkar edilmişdir. Bu sənduqənin qapağı üzərindəki yazıdan aydın olur ki, burada alban hökmdarı Qriqor Hammamın qardaşı dəfn edilmişdir.
Tədqiqatçılar Gavurqalanın əsl adı barəsində müxtəlif fikirlər söyləmişlər. Bəzi mənbə məlumatlarına görə, hökmdar nəslinə məxsus qəbiristanlığının burada yerləşməsi, buranın alban hökmdarlarının yay iqamətgahı kimi şöhrət qazanmış Aluen şəhərinin qalıqları olmasını iddia etməyə əsas vermişdir. Alban hökmdarının qardaşının qəbrinin burada olması da təsadüfi deyildir. Çünki Aluen şəhəri qafqaz albanlarının dini və ictimai tədbirlərinin keçirildiyi əsas yer idi.
Aluen şəhəri orta əsrlərdə Bərdədən Dəbilə (Dvinə) gedən ticarət yolunun üstündə yerləşmişdir. Bu yol üstündə ilk şəhər tipli yaşayış yeri də məhz Govurqaladır. Gavurqaladan toxuculuq, dulusçuluq, zərgərlik və şüşə istehsalına dair xeyli faktik material əldə edilmişdir. Lakin Gavurqalanı digər həmdövr abidələrindən fərqləndirən burada xırda-nəfis sənətkarlığın və toxuculuğun geniş yayılmasıdır. Axtarışlar zamanı zərgərliyə və toxuculuğa dair əmək alətləri kolleksiyası əldə edilmişdir.
Rəşid Göyüşov qeyd edir ki, sadalanan bütün keyfiyyətlər Gavurqalanı Qafqaz Albaniyasının dini istiqamətdə inkişaf etmiş ən möhtəşəm yaşayış məskənləri sırasına daxil etməyə imkan verir.
Paylaş