"Teymur bəy Novruzov"
Milli Ordu quruculuğu tarixində xidməti olmuş azərbaycanlı hərbi sərkərdələrdən biri də general-mayor Teymur bəy Novruzov idi. Teymur bəy 1880-ci il aprelin 20-də Yelizavetpol qəzasının Qovlar kəndində peşəkar hərbçi ailəsində anadan olmuşdur. İbtidai təhsilini Tiflis kadet korpusunda alandan sonra o, 1898-ci ildə Yelisavetqrad zabit məktəbini müvəffəqiyyətlə bitirmişdir. Teymur bəy Novruzov I Dünya müharibəsində Nijeqorodskoy 17-ci Əlahəzrət draqun polkunun 4-cü eskadronunun komandiri olaraq Cənubi-Qərb cəbhəsinin əməliyyatlarında yaxından iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Teymur bəy hökumətin 2 avqust 1919-cu il tarixli qərarı ilə polkovnik T.Novruzova xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Bir qədər sonra isə Azərbaycan Ordusunda Süvari Diviziyanın komandiri təyin edilərək, o diviziyanın hissələrinin yaradılması, komplektləşdirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində böyük işlər görmüşdür. Süvari diviziyanın 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.
Sovet hakimiyyətinin ilk vaxtlarında işğalçılara qarşı 1920-ci ilin mayında Gəncə üsyanının da təşkilatçılarından və fəal iştirakçılarından biri olan T.Novruzov üsyan yatırıldıqdandan sonra Fransaya mühacirət etmiş və orada vəfat etmişdir.
Paylaş