• office@soyqirim.az
  • (023)335-37-07
Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri, görkəmli dövlət və siyasi xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya gəlmişdir.

Rusiya Müəssislər məclisinə nümayəndə seçilən, lakin 1917-ci ildə oktyabr çevrilişi baş verdiyi üçün Petroqrada gedə bilməyən Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirakı olmuşdur. 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutaraq milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, daha sonra Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifı və dini etiqad naziri vəzifələrini tutmuşdur.
Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin, eləcə də məktəb dərsliklərinin hazırlanması və nəşri, savadsızlıqla mübarizə kurslarının açılması və s. Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. Bundan əlavə hökumətin qəbul etdiyi son qərarlardan biri də hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar idi.
Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması müjdəsini yanvarın 14-də Nəsib bəy Yusifbəyli Azərbaycan xalqına çatdırmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Nəsib bəy Yusifbəyli 1920-ci il, may ayının 31-də yolda faciəli surətdə qətlə yetirildi.

 

 

 

Paylaş

Spread the love