• office@soyqirim.az
  • (023)335-37-07
Quba Tarix-Diyarşünaslıq Muzeyi və "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə Qubada Zəfər Günü münasibətilə “Şanlı zəfərimiz” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini önə çıxarmaq və Azərbaycanın müstəqilliyi uğrunda döyüşən qəhrəmanlarımızı anmaqdır. / 7 Noyabr, 2024

İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban Əliyeva bu qələbənin Azərbaycanın müasir tarixində böyük bir dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Zəfər Gününün xalqımızın milli qürurunu əks etdirir və gələcək nəsillər üçün qəhrəmanlıq simvolu olaraq əbədi yaşayacaq.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva öz çıxışında 44 günlük savaşda Azərbaycanın tarixi ədaləti təmin etdiyini vurğulayıb. O bu vətən uğrunda savaşın nəticəsində ölkəmizin beynəlxalq aləmdə qazandığı siyasi və strateji üstünlüklərə diqqət çəkib.
Tədbirdə iştirak edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxışında “Dəmir Yumruq” əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edildiyini, Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə olan “Qarabağ” yaramızın sağaldığını vurğuladı.
Şəhid ailələri də çıxışlarında Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycanın regionda sabitlik və sülh təminatında əsas rol oynayan ölkəyə çevrildiyini bildiriblər. Onlar bu qələbənin hərbi və siyasi nəticələrini və güclü liderliyin bu nailiyyətdəki rolunu qeyd ediblər.
Tədbirin sonunda “Mədəni İrsimiz: Dünən və Bu Gün” adlı layihə çərçivəsində Qarabağda işğal dövründə dağıdılmış və Vətən müharibəsindən sonra yenidən bərpa olunmuş abidələrə həsr edilən sərgi təqdim olunub. Sərgidə Qarabağın tarixi irsinin bərpası və yenidənqurma işlərinin önəmi, eləcə də Azərbaycanın mədəni irsinin qorunmasının zəruriliyi xüsusi vurğulanıb.

Paylaş

Spread the love