• office@soyqirim.az
  • (023)335-37-07
İnsan hüquqlarının pozulduğu gün: Xocalı Soyqırımı / 26 Fevral, 2025

26 fevral 2025-ci il tarixində Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq “İnsan hüquqlarının pozulduğu gün: Xocalı Soyqırımı” adlı hibrid formatda tədbir təşkil olunub. İlk olaraq Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.Tədbiri giriş sözü ilə açan Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova Xocalı soyqırımının tarixi əhəmiyyətindən və insan hüquqlarının pozulması baxımından beynəlxalq hüquq müstəvisində dəyərləndirilməsinin vacibliyindən danışıb. O bildirib ki, Xocalı hadisəsi təkcə Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin faciəsidir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidir. Rəxşəndə Bayramova həmçinin Kompleksin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında məlumat verib və bu faciənin unudulmaması üçün beynəlxalq miqyasda təbliğat işlərinin gücləndirilməsinin önəmini vurğulayıb. Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili qeyd edib ki, Xocalı faciəsi təkcə bir gecədə baş verən hadisə kimi deyil, uzunmüddətli siyasi və hərbi təcavüzün tərkib hissəsidir. O, faciə zamanı baş verən dəhşətli qırğınları tarixi faktlarla izah edərək, bunun sadəcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı planlaşdırılmış soyqırımı aktı olduğunu bildirib. İradə Əlili həmçinin Azərbaycanın tarixi ərazilərində baş verən soyqırımlar haqqında yazılmış ədəbi və elmi əsərlərin bu faciələrin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq, İnsan Resursları və Sənədlərlə İş Şöbəsinin müdiri Fuad Məmmədov Xocalı soyqırımının hüquqi aspektlərini təhlil edərək bu hadisənin beynəlxalq hüquq baxımından soyqırımı aktı kimi qiymətləndirilməsinin vacibliyini qeyd edib. O, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması üçün Azərbaycan dövlətinin gördüyü işlərdən danışıb və müxtəlif ölkələrin parlamentləri tərəfindən Xocalı soyqırımının tanınmasının bu istiqamətdə mühüm addım olduğunu bildirib.Qeyd edək ki, tədbirdə 85-ə yaxın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan qoruq rəhbərləri və əməkdaşları iştirak edib.

Paylaş

Spread the love