• office@soyqirim.az
  • (023)335-37-07
"Böyük Çin Səddi"

Dünyanın ən mühüm qədim memarlıq abidələrindən biri olan Böyük Çin Səddi ölkənin şimalında yerləşir. Abidə döyüşkən köçərilərin hücumlarından qorunmaq, eyni zamanda dövlət sərhədini müəyyən etmək üçün tikilmiş müdafiə xarakterli zəncirli qurğudur. Müasir dövrdə Çin Səddi özü dövlətin qoruduğu abidəyə çevrilib və eyni zamanda dünyanın yeni yeddi möcüzəsindən biridir.
Böyük Çin Səddinin tikintisi eramızdan əvvəl III əsrdə başlayıb və demək olar ki, iki min il – 1644-cü ilə qədər davam etmişdir. Əvvəlcə kiçik, bir-birindən ayrı olan çarlıqlar öz sərhədləri boyunca müdafiə divarları inşa etmişlər. Lakin e.ə. 230–221-ci illərdə imperator Sin Şi Huandi bu knyazlıqları birləşdirərək vahid imperiya yaratdıqdan sonra yeni dövlətin şimal sərhədi boyunca bir divarın tikilməsinə göstəriş vermişdir. Tikinti prosesinə bir milyon insan – həmin dövrdə Çin əhalisinin 20 faizi cəlb edilmişdir. Əsas çətinlik divarın qeyri-bərabər relyef boyunca çəkilməsi idi. Çünki bir tərəfdən səddin marşrutu tamamilə təbii landşafta – yüksəkliklərə və dərələrə uyğunlaşdırılmalı, digər tərəfdən də bu amil Çin Səddini unikal bir quruluşa çevirməli idi.
Böyük Çin Səddinin miqyası heyrətamizdir: divarın uzunluğu təxminən 9 min kilometr, bütün qolları ilə birlikdə isə 21 mindən çoxdur. Müxtəlif hissələrdə eni 5–7 metr, hündürlüyü isə 6–16 metr arasında dəyişir. Sədd qüllələr, qarnizon postları və bir-birinə divarlarla bağlı qalalardan ibarətdir. Burada 12 darvaza inşa edilmişdir ki, bunlar sərhəd nəzarəti və ticarət üçün istifadə olunurdu. Müxtəlif dövrlərdə Çin Səddində 25 minə qədər siqnal qülləsi mövcud olub. Ən qədim hissələri torpaq, gil, saman, qamış və daş qarışığından düzəldilib. Daha sonra divarın üst qatı üçün daş plitələrdən istifadə olunmağa başlanıldı. XIV–XVII əsrlərdə isə əsasən bişmiş kərpiclərdən istifadə edilmişdir.
Bəzi mənbələrə görə, Çin Səddinin inşası zamanı təxminən bir milyon insan həyatını itirib. Bu rəqəm təsirlidir, xüsusilə nəzərə alsaq ki, bütün işlər əl ilə, müasir texnika olmadan aparılmış nəticədə minlərlə fəhlə aclıq, xəstəlik, ağır iş şəraitində həyatlarını itirmişlər. Hesblamalardan belə görünür ki, hər 30 metr divara bir nəfərin ölümü düşür. Buna görə də Böyük Çin Səddi yalnız imperiyanın gücünün rəmzi deyil, həm də həyatlarını itirən qurbanların yadigarıdır.
Əfsanəyə görə, ölən insanların çoxu birbaşa səddin içərisində və ya onun yaxınlığında dəfn olunduğu üçün Böyük Çin Səddini “dünyanın ən böyük məzarlığı” da adlandırılır. Hətta bəzi insanlar inanırlar ki, divar nəhəng bir məzar daşına çevrilib və hər bir daşı özündə ölənlərin xatirəsini daşıyır.
Böyük Çin Səddi təkcə misilsiz bir memarlıq əsəri deyil, həm də bütöv bir dövrün əzəmətini və qurbanlarını simvolizə edir. O, qədim Çinin mühəndislik nailiyyətlərinin zirvəsini nümayiş etdirməklə yanaşı, onun inşasının gətirdiyi çətinlikləri və fədakarlıqları da xatırladır. Bu gün Böyük Çin Səddi dünya irsinin bir hissəsi kimi qorunur və nəsillərin tarixi yaddaşını özündə saxlayır. O, milyonlarla turisti cəlb edərək insan əməyinin, dözümlülüyün və vətəni qorumaq istəyinin əbədi abidəsi olaraq qalır.

Paylaş

Spread the love