• office@soyqirim.az
  • (023)335-37-07
1918-ci il soyqırımı-Bakı qəzası

1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V. İ. Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuş S. Şaumyanın Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Bolşevik – daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmləşmişdir.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri, Erməni Milli Şurası və “Daşnaksutyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.
1918-ci il mart ayının 27-də Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin cənazəsinin Lənkərandan Bakıya gətirən “Evelina” gəmisində olan 48 nəfər müsəlman diviziyasının zabit və əsgərlərdən ibarət heyətin tərksilah edilməsi Bakıda qanlı toqquşmaların baş verməsi üçün üçün bəhanə olmuşdur.
1918-ci il martın 30-da şəhərin müxtəlif hissələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlanmışdır. Şəhərin mərkəzi və bütün müsəlman məhəllələri bolşevik-erməni birləşmələrinin silahlı hücumuna, aeroplanlardan bombardmana və Xəzər donanmasının sahilə gətirilmiş gəmilərindən fasiləsiz top atəşinə məruz qalmışdır. Mart günlərində Bakının azərbaycanlı əhalisi – kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılıqlarının və talanlarının qurbanlarına çevrilmişdir. Azərbaycan milli elitasının və siyasi qüvvələrinin şəhərdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə təsirsiz qalmışdır.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən 1918-ci il 31mart-01 aprel tarixlərində Bakı və ətraf kəndlərinin (Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və s. ) 12 mindən artıq türk-müsəlman əhalisi erməni silahlı dəstələri tərəfindən törədilmiş vəhşiliklərin qurbanı olmuşlar.
1918-ci ilin faciəli mart günlərində şəhərin müsəlman əhalisinə vurulan maddi ziyanın miqyası məlum faktlar əsasında 400 000 000 göstərilirdi. Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən “İsmailliyə” – Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq söz” qəzetlərinin, “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarının binaları da var idi. Müsəlmanların qaldıqları bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı.

Paylaş

Spread the love