• office@soyqirim.az
  • (023)335-37-07
#evimyeniişyerim# Azərbaycanın multikultural mühiti-BUDUQLULAR Şahdağ etnik qrupuna aid edilən etnoslardan biri də buduqlulardır. Onların əsas yaşayış məskəni-Buduq kəndi Quba rayonunda yerləşir.

Buduqluların Azərbaycanın etnik tarixində özünəməxsus izi və yeri vardır. Buduqlular erkən orta əsrlərdə Sasani basqınlarından qorunmaq üçün Qafqaz Albaniyasının çətin keçilən dağlıq ərazilərində məskunlaşmışlar. Bunu həm etnoqrafik materiallar, həm də qədim mənbələrdə verilən toponimik məlumatlar təsdiq edir. Tarixi-etnoqrafik məlumatlar buduqluların kök etibarilə qədim alban tayfalarının varislərindən biri olduqlarını, əcdadlarının Bed mahalından gəldiyini və qədim ərazilərinin adını yaddaşlarında qoruyaraq yeni yaşayış məskəninə verdiklərini söyləməyə əsas verir.
Buduq kəndinin ərazisi ilə bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın verdiyi fərman hesab olunur. Həmin fərmana görə, şah Buduq mahalının idarə olunmasını Məlik Davuda tapşırmışdı. XVIII əsrə aid mənbələrdə, o cümlədən Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində Buduğun Quba xanlığının tərkibində bir mahal olduğu qeyd olunur. XVIII əsr və XIX əsrin əvvəllərində Quba xanlarından Hüseynəli xanın, Fətəli xanın və Şeyxəli xanın fərmanlarında Buduq mahalının adı çəkilirdi. Qeyd etmək lazımdır ki, Buduq əsilzadələrinə bəylik rütbəsini də məhz Quba xanları vermişlər. XVIII əsrdən XIX əsrin 30-cu illərinədək Buduq Quba əyalətinin on mahalından biri sayılırdı. Buduq kəndinin memarlıq və qəbir abidələrində Alban mədəniyyəti üçün səciyyəvi olan astral inamlar və təbiət qüvvələri ilə bağlı motivlər bu günədək qorunub saxlanılır. Bu qəbir daşlarından da görünür ki, bu ərazidə islam dininin yayılmasından sonra daş stelalarda islam ənənələri ilə yanaşı, bədii Alban incəsənətinə və inanclarına aid olan bir sıra elementlər də qorunmuşdur.
Buduqluların etnik tarixi, etnoqrafiyası, məişət ənənələri, qədim dini-mifik dünyagörüşləri bütövlükdə Azərbaycan mənəvi mirasının zəngin ənənələrinin yadigarıdır. Bu ənənələr Azərbaycan xalqının keçmişi ilə bu günü arasında körpü yaradaraq Azərbaycan mədəniyyətinin, tarixinin varisliyinin dərin köklərini bir daha təsdiq edir.

Paylaş

Spread the love