Yeni tərzə inşa edilən sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırımı zamanı və bu hadisələrdən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat toplanılmışdır. Yaşanmış faciənin miqyası, ağırlığı və acılığını göstərmək üçün memar Vahid Kasımoğlu soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq heç bir dekorasiyadan və bəzəkdən istifadə etməmiş və burada matəm sükutunu təcəssüm etməyə çalışmışdır. Muzeyin görünüşü sanki yerə saplanmış 2 qılınc formasındadır. Bu qılıncların yerin altından üzə çıxması tarixi gizlətməyin mümkünsüzlüyünü, iti uclu olması isə ürəkləri parçalayan şiddəti bildirir.
Kompleksin bağında qədimdən bəri Qubanın rəmzi və həyat simvolu sayılan alma ağacları əkilmişdir. “Yeni həyatın başlanğıcı” və “həyat davam edir” mənasını verən alma bağında 3 yaş qrupu üzrə (kiçik, orta, yaşlı ) 40 simvolik mərmər daş yerləşdirilmişdir. Həmin simvolik qəbr daşları 1918-ci il faciə qurbanları olan qadın, gənc, uşaq və qocaların xatirəsinə hörmət əlaməti olaraq yaradılmışdır.