• office@soyqirim.az
  • (023)335-37-07
Əziz izləyicilərimiz! Muzeyin bölmələrindən birində yer alan 1918-ci il soyqırımlarının həyata keçirilməsinin təşəbbüskarları, təşkilatçıları və onların həyata keçirdiyi soyqırımı siyasətinin mahiyyətindən bəhs edən qısa məlumatları Sizlərə təqdim edirik.

Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, “Müsavat” partiyasının durmadan artan nüfuzu bolşevik-daşnak və Bakıda olan digər rusiyayönümlü qruplarını daha da yaxınlaşdırdı. Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər “Müsavat” partiyasına ciddi şəkildə geri qalmışdı. “Müsavat”ın Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda azərbaycanlılara qarşı soyqırımı törədərək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, “Müsavat” partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara “dərs vermək” eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdürdü. S.Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən” Daşnaksytün” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edərək ona verilmiş səlahiyyətlərdən sui- istifadə etmiş, 70 % erməni əsgərlərindən ibarət olan qoşunlarla 1918-ci il mart ayından başlayaraq müsəlman əhalisinin kütləvi soyqırımına başlamışdır.
Bölmədə həmçinin erməni quldurlarının həmin dövrdə soyqırımları zamanı istifadə etdikləri soyuq, odlu silah nümunələri, işgəncə alətləri nümayiş olunmaqdadır.

Paylaş

Spread the love