1920-ci ilin yazında Qarabağda və Zəngəzurda ermənilərin yenidən fəallaşmasına görə şimal sərhədini müdafiə edən Azərbaycan ordu hissələri – Quba, Bakı piyada alayları, tatar süvari alayının bölmələri Qarabağa göndərilmiş, nəticədə şimal sərhədləri müdafiəsiz qalmışdı. Yaranmış yeni hərbi şərait Azərbaycan üçün başqa bir təhlükə – bolşevizm təhlükəsini yaratdı. Bolşevik qoşunlarının cənuba doğru irəliləməsi ilə bu təhlükə reallığa çevrildi. Azərbaycan ordu hissələri Qarabağda və Zəngəzurda hərbi əməliyyatlar apardığından, şimaldan XI Qırmızı ordunun Azərbaycana maneəsiz daxil olaraq qısa zamanda Bakının tutması üçün şərait təmin olunmuşdu. Bunu Qırmızı ordu komandanlığı da əla bilirdi. Bakıdakı siyasi şərait, hakimiyyət böhranı da təcavüz imkanlarını artırırdı. Rusiyanın bolşevik rəhbərliyi Azərbaycanın şimal sərhədlərinin mühafizəsi haqqında müfəssəl məlumatlara malik idi. Bunu Qırmızı ordunun tərkibində olan və sonralar bu hadisələri qələmə almış İ.Dudin də öz xatirələrində qeyd edir
1920-ci il martın 28-də Petrovsk şəhəri XI Qırmızı ordu tərəfindən ələ keçirildi. Bolşevik rejiminin Şimali Qafqazda denikinçi qüvvələrə qalib gəlməsindən sonra Bakıda və digər bölgələrdə olduğu kimi quba qəzasında da yerli bolşeviklər Rusiyadan, eləcə də Bakı bolşeviklərindən hərbi-siyasi, maliyyə dəstəyi alaraq Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar təxribat fəaliyyətinə keçdilər. Baş nazir N.B.Yusifbəylinin daxili işlər nazirinə göndərdiyi 8 mart 1920-ci il tarixli məktubda Dağıstan bolşeviklərinin Azərbaycan bolşeviklərindən insani və maddi yardım aldıqları bildirilir, ondan bolşeviklərin Azərbaycandan Dağıstana və əksinə maneəsiz keçməsinin qarşısını almaq üçün bütün tədbirlər görmək tələb olunurdu
Rusiyada vətəndaş müharibəsinin gedişində bolşeviklərin qələbəsindən ruhlanan yerli bolşeviklər də baş qaldırmışdı. Bolşeviklər hətta Quba qarnizonunun əsgərləri arasında belə açıq təbliğat aparırdılar. Bunu Quba qəza rəisi Talıbxanov Bakı qubernatoruna 11 mart 1920-ci il tarixli məktubunda təsdiq edirdi Qarnizonda hətta bolşeviklərin öz partiya özəyi belə mövcud idi. Bolşeviklərin əsgərlər arasında təbliğatının qarşısını almaq məqsədi ilə qarnizon rəisi Məmmədbəyov dvizyon komandiri ilə birgə təbliğatçıların müəyyənləşdirilib cəzalandırılması üçün fövqəladə tədbirlər görməyə başlamışdı. Qarnizon əsgərlərini bolşevik təbliğatının təsirindən qorumaq üçün onlar təcrid olunmuş, əsgərlərin müxtəlif pritonlara, çayxanalara getməsi, eləcə də kazarmalara kənar şəxslərin daxil olması qadağan edilmişdi.
Bolşeviklərin Azərbaycana daxil olmasının qarşısını almaq məqsədilə Quba qəza rəisi Ağabəyovun sərəncamı ilə qəzanın Dağıstanla sərhədboyu iki yerdə – Yalama və Xəzrə rayonlarında mühafizə təşkil olunmuşdu. Yalamada mühafizəni yerli sakinlərdən ibarət 20 nəfərlik dəstə Ləcət və Xudat kəndlərində həyata keçirirdi. Xəzrədə də sərhəd xalq milisi və post mühafizəçiləri tərəfindən qorunurdu. Qusar pristavına mühafizə üçün yerli sakinlərdən milisə kömək məqsədilə dəstə yaratmaq tapşırılmışdı. Qəza rəisi tərəfindən sahə rəislərinə sərhədin mühafizəsinə diqqəti artırmaq üçün müvafiq göstərişlər də verilmişdi. Qəzanın daxilində bolşeviklərlə mübarizə aparmaq, bolşevik təbliğatı aparan şəxslərin fəaliyyətinin qarşısını almaq üçün tədbirlər gücləndirilmişdi.
Azərbaycan işğalı ərəfəsində XI Qızıl ordu hissələri artıq Dərbənddə idi və zirehli qatarlarla Dərbəndlə Samur çayı üzərindəki körpü arasında manevr edərək dəmiryolu xəttini qoruyurdular. Qırmızı ordunun şəxsi heyəti 72472 nəfərdən ibarət idi. İşğal ərəfəsində Quba bolşevikləri də fəallaşmışdılar. AKP MK göstərişi ilə antidövlət ünsürlərdən ibarət silahlı dəstələr təşkil olunmuş, silahlı üsyan qərargahı yaradılmışdı. Mühafizəsiz qalmış sərhədin qorunmasında Qubadakı hərbi hissələrin və yerli könüllü dəstələrin köməyindən istifadə olunması qərara alınmışdı. 4-cü Quba piyada alayının komandiri vəzifəsini icra edən kn. N.Tumanovun Ə.A.Şıxlinskiyə verdiyi məlumata görə Xaçmazdakı hərbi hissələri gücləndirmək və düşmən haqqında məlumat almaq, kəşfiyyat işlərini təşkil etmək üçün buraya qubalılardan ibarət 4 rota, 3 №-li zirehli qatar, Yalamadan isə 70 nəfər göndərilmişdi.
1920-ci ilin aprelin 27-ə keçən gecə işğalçı qoşunlar 5 zirehli qatarla Azərbaycan sərhədini pozaraq müstəqil dövlətə qarşı hərbi təcavüzə başladılar. Yalamada, daha sonra Xudat və Xaçmaz stansiyalarında Azərbaycan ordusunun azsaylı bölmələri onlara müqavimət göstərsələr də qüvvələrin qeyri-bərabərliyi ücbatından işğalçı qoşunların qabağını almaq mümkün olmadı.
Şimal sərhədində yalnız 3 min qüvvə var idi və bu qüvvə sərhəd boyunca səpələnərək əsasən Qusar-Quba-Xudat rayonunda yerləşdirilmişdi. Praporşik Babayevin komandanlığı altında iki rota, pulemyot komandası və atlı divizyonu qeyri-bərabər döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qalmışdı. Ləcət keçidində, Xudat stansiyasında da düşmənə müqavimət göstərilsə də onun qarşısını almaq mümkün olmadı. Zirehli qatarın ardınca aprelin 27-də səhər erkən Qırmızı ordunun 7-ci süvari və 31-ci piyada diviziyaları da sərhədi keçərək Quba qəzasının Qullar kəndinə daxil oldular. Qusar qarnizonu müqavimətsiz təslim oldu. Həmin gün 7-ci diviziyanın süvari polkları Quba şəhərini zəbt etdilər. Y.Tokarjevskinin yazdığına görə Qubada və Qusarda Azərbaycan ordusunun 31 zabiti və 500 əsgəri əsir götürülmüş, ümumiyyətlə isə müdaxilə zamanı 5 min əsgər əsir düşmüşdü.
Beləliklə, bir gün ərzində Quba qəzasının bütün ərazisini ələ keçirən işğalçı qoşunlar qısa müddətdə Azərbaycanın bütün ərazisini də tutaraq müstəqil dövlətin – Azərbaycan Cümhuriyyətinin varlığına son qoyurlar. Həmin dövrdə Quba qəzasında yerləşən Azərbaycan ordusunun bölmələri XI Qırmızı ordunun 20-ci diviziyasına tabe etdirildi. Bununla da Quba diyarı özünün yeni mərhələsinə – sovet dövrünə qədəm qoydu.
Cümhuriyyət dövrində yaradılmış bütün hakimiyyət strukturlrının ləğvinə qərar verildi. Qəza İnqilab komitəsinin 3 may 1920-ci il tarixli qərarı ilə bütün əksinqilabi partiya və təşkilatların fəaliyyəti qadağan edildi. Elə həmin gün F.abbasovun sədrliyi ilə AK(b)P Quba qəzası komitəsi yaradıldı.
Çevrilişdən sonra Azərbaycanda yaradılan və bütün dövlət hakimiyyətini öz əlində cəmləşdirən Azərbaycan Müvəqqəti İnqilab komitəsi və Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibi azərbaycanlılardan təşkil olunsa da bu, zahiri xarakter daşıyırdı, yeni yaradılmış sovet respublikası Moskvadan idarə olunurdu. Bolşeviklər xalqın adından çıxış edərək yaranmış dövləti proletar diktaturası adlandırırdılar. Bu isə hakim bolşevik partiyasının hökmranlığına bir növ siyasi pərdə idi. Gerçək hakimiyyət RK(b)P-nin yerli təşkilatı olan AK(b)P-yə məxsus idi. Əsas özəyi qeyri-millətlərdən, əsasən rus və ermənilərdən ibarət olan Azərbaycan K(b)P və Bakı partiya təşkilatı respublikanın ictimai-siyasi həyatında aparıcı rol oynayırdı. Azərbaycanda Kommunist Partiyası diktaturasını təmin edən amillərdən biri də buradakı rus ordu hissələri idi. Aprel işğalından sonra respublikanın müstəqilliyi tam formal xarakter daşıyırdı.
Milli hökumətin süqutundan sonra Azərbaycan xalqına qarşı qırmızı terror başladı. “Əksinqilabi sabotaj və möhtəkirliyə qarşı mübarizə” üzrə Fövqəladə Komissiya (FK) təşkil edildi, Ali inqilabi tribunal yaradıldı. Dövlət təşkilatlarının və ictimai təşkilatların fəaliyyətinə nəzarət etmək üçün 1920-ci il iyunun 9-da Fəhlə-Kəndli Müfəttişliyi təsis edildi. Bu işdə onlara xüsusi səlahiyyətlər verilmişdi. Belə ki, Fövqəladə Komissiya və Ali inqilabi tribunalın işi heç bir qanunvericilikdə məhdudlaşdırılmırdı, onların qərarı və hökmü qəti idi, dərhal həyata keçirilirdi. Bu təşkilatlar birbaşa ordu komandanlığına və mərkəzə – Moskvaya tabe idi. Ona görə həmin təşkilatların fəaliyyətinə Azərbaycan hökuməti demək olar ki, nəzarət edə bilmirdi. Azərbaycanda sovet hakimiyyətinin ilk günlərindən başlayaraq XI ordunun xüsusi şöbəsi kommunistlərdən başqa bütün mövcud siyasi qüvvələrə, hətta liberal əhval-ruhiyyəli adamlara, ziyalılara belə amansız divan tutmağa başladı. Bəzi məlumatlara görə Azərbaycanda 1920-ci ilin aprelindən -1921-ci ilin avqustuna qədər 48 min insan güllələnmişdi.
Bütün bu acı tarixi həqiqətlər xalqımızın mübarizə əzmini, müstəqillik ideyalarını boğa bilmədi. 1991-cı ildə xalqımız yenidən müstəqilliyinə qovuşdu və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan günü-gündən çiçəklənən bugün hər birimizin fəxr etdiyimiz dövlətimizi-Azərbaycan Respublikasını qurdu.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT