Muzeyin bölmələrindən birində yer alan Cavad qəzasının Xocalı kənd sakini, 18 yaşlı Sürəyya Məşədi Dadaş qızının 1918-ci ilin payızında Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində verdiyi ifadəsini Sizlərə təqdim edirik: Erməni bolşeviklərin bizim kəndə basqını zamanı mən südəmər körpə qızım, iki azyaşlı qardaşım – 9 yaşlı Abbasəli və 6 yaşlı Abu Səmədlə, həmkəndlilərim Ənnanə Allahverdi qızı, Töhvə Məşədi Mikayıl qızı, Qönçə İbadulla qızı və südəmər oğlu, Ağakişi İbadulla oğlu ilə dağlara qaçaraq orada təpəliklərdə gizləndik. 8 nəfərdən ibarət erməni atlıları bizi taparaq atəş açdılar. Hamımız yerə yıxıldıq. Ermənilər çıxıb getdilər. Mən sol çiynimdən, sağ əlimdən və ayağımdan yaralansam da, sağ qaldım. Mənim qardaşlarım və körpəm də sağ idilər. Qalanlar ölmüşdülər. Mən çox əziyyət çəkirdim. Tezliklə həmin ermənilər geri qayıtdılar və özləri ilə gətirdikləri 4 nəfər müsəlmanı elə oradaca öldürdülər. Ermənilərə xahiş edir və yalvarırdım ki, məni güllələsinlər. Onlar razılaşmadılar və dedilər ki, məni ona görə sağ qoyurlar ki, müsəlman qardaşlarım məni görsünlər. Körpəmin və qardaşlarımın sağ olduğunu gördükdə isə onları elə mənim sinəmin üstündəcə doğrayıb qətlə yetirdilər. Həmkəndlim Qönçənin də körpəsi sağ qalmışdı, ermənilər onu da doğradılar. Məni Beştalı kəndindən olan müsəlmanlar tapdılar və öz kəndlərinə gətirdilər. Öldürülənlərin meyitini də onlar torpağa tapşırdılar.