Muzeyin bölmələrindən birində yer alan Azərbaycan əsilli fransız yazıçısı Ümmülbanu Mirzə qızı Əsədullayeva 1918-ci il mart hadisələrinin şahidlərindəndir. O, “Qafqaz Günləri”avtobioqrafik romanında yazır:
Sosialist təmayüllü bir erməni təşkilatı “ölkəni kommunist çevrilişindən xilas etmək” şüarları ilə ölkədə hərbi diktatura yaratdı. Amma camaat arasında söhbət gəzirdi ki, bu təşkilatın başında elə bolşeviklərin özləri durur. Bir gecə saat 2-də dayəm frolen Anna məni yuxudan oyatdı… Bütün şəhərdə işıqlar kəsilmişdi, elektrik yox idi. Bu dəhşətli qaranlıqda hardan atıldığı məlum olmayan atəş səsləri gəlir, güllələr vıyıltıyla ötüb keçirdi. Uzaqdan pulemyotlardan atılan güllə qatarlarının şaqqıltısı eşidilirdi. Biz qorxu içində “daşnakların” (millətçi erməni partiyasının adı belə idi) evimizə gələcəyini gözləyir, ümidsiz halda evimizi necə dağıdacaqlarını, bizim özümüzü necə qıracaqlarını fikirləşirdik… Üzbəüz binada yaşayan erməni qonşularımız bizə öz evlərində sığınacaq təklif etdilər… Biz yalnız küçəni keçməli idik. Lakin hər tərəfdən aramsız yağan güllələr hətta bu qısa məsafəni də ölümcül təhlükəli edirdi. Amma Allahın bizə rəhmi gəldi. Ertəsi gün səhər biz evimizin qarşısında yük maşınlarının durduğunu gördük. Bədənləri patrondaşlarla dolanmış adamlar həmin maşınları pəncərələrimizdən atdıqları əşyalarla doldurdular. Çirkli hərbi paltarlar geyinmiş bu adamların görkəmi qorxu və nifrət hissləri aşılayırdı. Lakin bu iyrənc talançılıq səhnəsinə baxarkən biz yenə daxilən sevinirdik. Əgər bu vaxt biz orda – öz evimizdə olsaydıq bizim özümüzü də heç tərəddüd etmədən pəncərədən atacaqdılar…
1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra, ailə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Mühacirət yeri isə Fransa oldu. Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi.