Cənubi Qafqazda müstəqil respublikalar (1918-ci il) yaradıldıqdan sonra ermənilərin Zəngəzura qarşı ərazi iddiaları may -avqust aylarında soyqırımları ilə müşahidə olunmağa başladı. Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü Mixaylovun məruzəsində ermənilər tərəfindən Zəngəzur qəzasında 115 kəndin, 10-a yaxın təzə binə yaşayış məskənlərinin yerlə -yeksan edildiyi bildirilirdi. Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasında 10.068 nəfər insan öldürülmüş və ya şikəst edilmişdir.
Yerli dinc sakinləri müdafiə etmək məqsədi ilə 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Bütün müdafiə tədbirlərinin görülməsinə baxmayaraq ermənilərin Zəngəzur qəzasının azərbaycanlı əhalisinə qarşı soyqırımı 1919- 20- ci illərdə də davam etdirilmişdir.
Mənfur xislətli düşmən Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet dönəmində Zəngəzuru Azərbaycandan qoparmaq siyasətində daha da fəallaşmış qəzanın torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilmişdir.
Əzəli Azərbaycan torpaqlarında 1920-ci illərin sonlarından həyata keçirilən rayonlaşdırma siyasəti zamanı həmin ərazilərdə Qafan, Gorus, Mehri və Sisiyan rayonları təşkil edilmiş, Zəngəzur bir tarixi vilayət kimi ləğv edilmişdir.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.459-460