• office@soyqirim.az
  • (023)335-37-07
Tarixçilərimizin qələmindən : 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bir baxış #genocid / 28 Mart, 2021

Vaqif Abışov- “Azərbaycanlılara eləcə də türklərə qarşı törətdikləri 31 mart soyqırımının həyata keçirilməsində “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər əsas rol oynayırdılar. Sovet hakimiyyəti öz bölməsini Bakıda yaratmaq üçün Stepan Şaumyandan istifadə edib. Şaumyan isə Rusiyanın niyyətini həyata keçirmək, eləcə də böyük Ermənistan dövlətini yaratmaq niyyətini reallaşdırmaq üçün bütün qüvvəsi ilə çalışırdı. Şaumyanın Bakıda, eləcə də bölgələrdə kütlə arasında nüfuzu sıfıra bərabər idi. Məhz bu baxımdan O 1920-ci ilə kimi Bakıda öz mövqeyini möhkəmlətməsi istiqamətində bir növ fürsət gözləyirdi. Bu illər ərzində dəfələrlə iri və xırda təxribatlar törətsə də ciddi bir məqsədə nail ola bilməmişdir.
Şaumyanın Azərbaycanlılara qarşı törətdiyi ilk təxribat Azərbaycan tatar süvari polkunun qərargah rəisi olan Talışınskinin Bakı vağzalına gələndə qərargahı ilə bir yerdə həbs edilməsi oldu ki, bu da o zaman cəmiyyətdə böyük narazılıq yaratdı. Evelin gəmisində Lənkərana getmək istəyən Azərbaycan hərbi qüvvələrinin Şaumyanın göstərişi ilə erməni hərbçiləri tərəfindən tərkisilah edilməsi isə sonda qarşıdurmalara gətirib çıxartdı. Artıq uzun müddətdir ki, ciddi hazırlıq işləri görən Şaumyan İrandan, Cənubi Qafqazdan, eləcə də Türkiyədən türklərə qarşı döyüşən bir qrup erməni hərbçilərini artıq Bakıya yerləşdirmişdi. Bununla da 1918-ci ilin mart ayının 31-dən başlayaraq 3 gün müddətində Azərbaycanlılara qarşı qanlı qırğınlar törədildi.
Qeyd edək ki, Mart soyqırımı zamanı Bakı Quberniyası üzrə 1918-ci ilin iyunun 15-dən yaradılmış Fövqəladə Tədqiqat Komissiyasının topladığı tarixi sənədlərdə 3500 səhifədən ibarət 36 cilddə hüquqi sənədlər öz əksini tapmışdır. Burada öldürülən insanların siyahısı, əhaliyə və ölkəyə dəyən maddi ziyanın hesabatı toplanıb. Son günlər tarixi həqiqətləri üzə çıxartmaq üçün Milli Elmlər Akademiyasının Tarix İnstitutu Moskva, İngiltərə və Fransadan gətirilən tarixi sənədlərin üzərində xüsusi araşdırmalar aparır.

Paylaş

Spread the love