• office@soyqirim.az
  • (023)335-37-07
28 May – Respublika Günü / 28 May, 2021

Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 28 May 1918-ci il milli qürur hissi duyduğu bir tarixi gündür. Xalqımız bu tarixdə çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olmuş, Şərqin ilk demokratik respublikasının təməlini qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində milli hökumətimizə rəhbərlik etmiş şəxslərin – M. Rəsulzadənin, Ə. Topçubaşovun, F.Xoyskinin, H.Ağayevin, N.Yusifbəylinin, S.Mehmandarovun, Ə.Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur..
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun yaranması və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını və mahiyyətini əyani şəkildə səciyyələndirmişdir.
Lakin 1920-ci il aprelin 28-də Sovet Rusiyasının müdaxiləsi nəticəsində 23 aylıq fəaliyyətindən sonra türk dünyasının ilk müstəqil dövləti süquta uğramış və Azərbaycanda sovet hakimiyyəti qurulmuşdur.
Azadsevər xalqımız1991-ci ildə yenidən öz müstəqilliyini elan etmişdir.Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən bu illər ərzində xalqımızın həyatının bütün sahələrində dirçəliş baş vermişdir.Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Paylaş

Spread the love