25 aprel 1918-ci il – Bakı Soveti Xalq Komissarları Şurasının təşkili
1918-ci ilin mart ayında Bakı şəhəri və Bakı quberniyasını əllərinə keçirən bolşeviklər Bakıda müvəqqəti olaraq siyasi hakimiyyətlərini möhkəmləndirmək üçün 1918-ci il aprel ayının 25-dən yeni sovet hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Sovetini təsis etdilər. Həmin dövrə qədər fəaliyyət göstərən Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər duması buraxıldı. Əslində, qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət olan “erməni sovet hökuməti” BXKS-nin sədri vəzifəsinə seçilən S.Şaumyan, eyni zamanda xarici işlər komissarı, xalq daxili işlər komissarı P.A.Çaparidze, ədliyyə komissarı A.B.Karinyan, nəqliyyat komissarı Markaryan, fövqəladə komissiyanın sədri Ter-Qabrelyan, dövlət nəzarəti komissarı A.S.Boqdanov, əmək komissarı Y.D.Zevin seçildilər. Nəriman Nərimanov şəhər təsərrüfatı, Mir Həsən Vəzirov isə torpaq işləri üzrə xalq komissarları idilər. Bütün köhnə hakimiyyət orqanları ləğv edərək yeniləri ilə əvəzlindı. Hərbi Tribunal, Fövqəladə Komissiya təsis edildi, banklar, neft sənayesi, fəhlə-kəndli milisi, şəhər, qəza və xalq məhkəmələri yaradıldı, eyni zamanda Xəzər Ticarət Donanması milliləşdirildi.
Lakin yarandığı gündən milli dayağı olmayan, zəif sosial bazaya malik olan, Sovet Rusiyasının müstəmləkə siyasətinə xidmət göstərən qondarma qurum kimi BXKS 1918-ci il iyul ayının 31-də süquta uğradı.
Paylaş