Tarixdə bu gün: 1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (b) Partiyası təsis olunaraq faktiki rəhbəri Azərbaycan xalqının düşməni A.Mikoyan təyin edilir. Partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq məqsədilə silahlı üsyan xəttini irəli sürdü.
Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə edərək Gəncəbasarda və Qarabağda ermənilərin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsini bu planın tərkib hissəsinə çevirir. Azərbaycan ordusunun, demək olar ki, hamısı Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşduğu anda 1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycanın şimal sərhədlərinə yaxınlaşır və aprel ayının 26-dan 27-nə keçən gecə Azərbaycan ərazisinə daxil olaraq Bakıya doğru irəliləməyə başlayır. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi ilə bağlı dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini müəyyən edən dövlətlərə notalar təqdim olunmasına baxmayaraq, Antanta dövlətləri Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar.
Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət edir. Halbuki, XI rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut edir və aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olunur.
Paylaş