1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən “İstiqlal Bəyannaməsi” qəbul edilib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirmişdir
Məlum olduğu kimi Azərbaycan Xalq Cцmhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışı prosesinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olmuşdur. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü daxili siyasətin miqyasını və mənasını tam şəkildə səciyyələndirir. 1920 –ci ilin 11 yanvarında Versal sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması barədə qərar qəbul olunması isə xarici siyasətdə Azərbaycan diplomatiyasının ən böyük uğuru olmuşdur.
71 illik sovet işğalından sonra müstəqilliyinin yeni mərhələsinə qədəm qoyan müasir Azərbaycan Respublikası bu gün AXC –nin layiqli varisi kimi onun şərəfli işini davam etdirir.