• office@soyqirim.az
  • (023)335-37-07
Hamazaspın Quba qəzasında törətdikləri soyqırımı. (1-9 may)

 

1918-ci ildə Bakı Sovetinin rəhbəri daşnak-bolşevik Stepan Şaumyanın tapşırığı ilə Quba qəzasına göndərilən daşnak Hamazasp və ermənilərdən ibarət 3 minlik quldur dəstə, burada milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün dinc əhaliyə qarşı misli görünməmiş soyqırımlar törətmişlər.
Tarixi sənədlərdən məlum olur ki, Hamazasp 20 min nəfərə yaxın əhalidən və 10 minə yaxın evdən ibarət Qubanı istila etdikdən sonra şəhər əhalisinin qarşısında hədə–qorxu məzmunlu bir müraciət edir. Hamazasp Qədim Quba Meydanında, Cümə Məscidinin ətrafına yığılmış əhaliyə Qubaya gəlişinin məqsədini açıq –aşkar dilə gətirir: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya qayda–qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Məqsədim Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək, yurd-yuvanızı yerlə–yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaqdır”.
Şahid ifadələri və dövrün arxiv sənədləri göstərir ki, ermənilər Quba şəhərində Kərbəlayi Məmməd Tağıoğlunun 14 nəfərdən ibarət ailəsini, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Əbdul Qasımı diri–diri oda ataraq yandırmış, Kərbalayi Abuzər Məstan oğlunu və iki qızı – Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə–tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Salehoğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışdılar. Quba şəhər sakini Hacı İsmayıl Orucov öz izahatında yazırdı ki, şəhərdə ölüləri dəfn edən din xadiminin dediyinə görə o özü , 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdır. Hadisələr zamanı 2153 yaşayış evi, 24 məscid, 5 karvansara, 152 anbar, 166 samanlıq, 68 tövlə, 312 dükan, 17 dəyirman, 4 emalatxana, 4 çayçı və 284 digər tikililər talan edilməklə yandırılmışdır.
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış istintaq materiallarının 3 cild və 451 vərəqdən ibarət sənədlər toplusundan belə məlum olurki, Bakı Sovetinin əsasən ermənilərdən ibarət daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələri 9 gün ərzində Quba qəzasında ümumlikdə 16 mindən çox Azərbaycan türkünü qətlə yetirmiş və 167 kəndi tamamilə yandırıb məhv etmişlər.

Paylaş

Spread the love