XALÇA MUZEYİ
İlk muzey nümunələri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdı. Azərbaycanda isə muzeylərin yaranması XX əsrin 20-ci illərinə təsadüf edir. Azərbaycanda 212 muzey fəaliyyət göstərir. Bu muzeylərdən biri də 13 mart 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyidir. Azərbaycan xalçalarının ən zəngin kolleksiyası toplanan bu muzey dünyanın ilk xalça muzeyidir.
“Xovlu”, “Xovsuz”xalçalar, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdərən muzey fondunda 10 mindən artıq eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. Kolleksiyalarının böyük hissəsi isə XVII-XX əsrlərə aiddir.
2017-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” mükafatlandırılmışdır.
Paylaş