• office@soyqirim.az
  • (023)335-37-07
23 iyun 1918-ci ildə Azərbaycanda hərbi vəziyyət elan edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox mürəkkəb daxili və beynəlxalq vəziyyətdə ölkənin ərazi bütövlüyünü təmin etmək, iqtisadi-sosial sahələrdə inkişafa nail olmaq, həmçinin ordu quruculuğunu zəruri qanunlarla möhkəmləndirmək məqsədilə mühüm qanunvericilik tədbirləri həyata keçirei. AXC hökuməti fəaliyyəti dövründə güclü ordunun formalaşması üçün vacib olan müxtəlif hərbi strukturların yaradılmasına, hərbi kadrların hazırlanmasına, ümumən ordunun təminatına xüsusi diqqət verirdi. Eyni zamanda 4 iyun 1918-ci il Osmanlı-Azərbaycan dostluq və qarşılıqlı yardım haqqında müqaviləyə əsasən türk qoşunları yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusunun yaradılması üçün misilsiz kömək göstərirdi. Rusiya imperiyası dövründə müsəlmanların hərbi xidmətə çağırılmaması səbəbindən azərbaycanlılar arasında zabit kadrların çatışmaması da özünü kəskin şəkildə büruzə verirdi.
Milli Şuranın 28 may 1918-ci il tarixli ilk hökumət tərkibi haqqındakı qərarında hərbi nazirlik yaratmaqla ordu quruculuğuna önəm verirdi. Xosrov bəy Sultanov ilk hərbi nazir kimi hökumətin tərkibinə daxil edildi. Yaranmış təhlükəni, ölkədəki gərgin vəziyyəti nəzərə alaraq hökumət 23 iyun 1918-ci ildə bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.
1918-ci il iyulun 11-də Gəncə Şəhər Hərbi Mükəlləfıyyət İdarəsi hökumətin qərarı ilə Ümumazərbaycan Hərbi Mükəlləfiyyət İdarəsinə çevrildi. Həmin gün 1894-1899-cu illərdə anadan olmuş müsəlmanları orduda xidmətə cəlb etmək üçün səfərbərlik elan edildi. Hökumətin qərarında Azərbaycan Hərbi Mükəlləfıyyət İdarəsinə çağırışçıların toplanış məntəqəsinin yerini və çağırış vaxtını müəyyən etmək tapşırıldı. Baş nazir F. Xoyski və hərbi idarə işləri üzrə səlahiyyətli İ. Ziyadxanovun imzaladığı sənəddə hərbi mükəlləfiyyətdən yayınan şəxslər barəsində hərbi vəziyyət dövrünün qanunlarına uyğun olaraq cəza tədbirlərinin görülməsi nəzərdə tutulurdu.
Həmin vaxt Qafqaz İslam Ordusu Osmanlının 5-ci diviziyası və general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında təşkil edilmişdi.
Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunda 18 minədək əsgər və zabit var idi ki, bunun 6000-i Osmanlı nizami ordusundan, 12 minə qədəri isə Azərbaycan hərbi hissələrindən ibarət idi.

Paylaş

Spread the love