Xudafərin körpüsünün işğaldan azad olunmasından 2 il ötür
1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunan Cəbrayıl rayonunun Qumlaq kəndi yaxınlığında yerləşən Xudafərin körpüsü hal-hazırda Araz çayı üzərində bütöv qalan yeganə qədim körpüdür. Bu körpü çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Körpü 15 aşırımlı, memarlıq üslubuna görə isə XII əsrin abidəsidir. Körpü tağlarının dayaqları təbii özüllər — sudan çıxan qayalar üstündə ucaldığından onun aşırımları müxtəlif ölçülü və sərbəst düzümlüdür. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metr, ən iri tağ aşırımı 5,8 metrdir. Körpünün bütün tağları kərpicdən qurulduğu halda əsas inşaat kütləsi çay daşındandır . Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üzərində tikilən Xudafərin körpüsü yüz illər boyunca həm ölkə daxili, həm də beynəlxalq əlaqələrdə əsas rol oynamışdır. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyan daş körpü tikildiyi vaxtdan bir sıra böyük tarixi hadisələrin şahidi olmuş, saysız-hesabsız əsrlərin ağır yükunu öz çiynində daşımışdır. 1993-cü ildə mənfur ermənilər Cəbrayıl rayonunun işğalı zamanı bütün ərazilərə, o cümlədən Xudafərin körpüsünü dağıdaraq ciddi zərər vurmuşdur.
Lakin, 2020-ci ildə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əlamətdar dönüş baş verdi. Qarabağ 30 illik düşmən əsarətindən qurtuldu. Xudafərin körpüsü 18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Bütün cəhdlərə baxmayaraq düşmən ulularımızın izlərini bu qədim, əbədi və əzəli Azərbaycan torpaqlarından silə bilmədi. Hazırda Azərbaycan dövləti tərəfindən Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpası üçün yeni işlər aparılır, işğaldan azad olunmuş ərazilərimizdə iqtisadi, mədəni, sosial həyatın dirçəldilməsi lahiyələrin icrasına başlanılır.
Paylaş