Abidələrimizi tanıyaq, tanıdaq: PƏNAHƏLİ XAN SARAYI
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq nümunəsi olan tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilən kompleksə çox güman ki, daha çox bina daxil olub. Xan sarayı bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpusda isə mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış otaqlar var. Bu birmərtəbəli evdə eyvanlı salon və geniş, dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burada qonaqları qəbul etmişdir. Ümumilikdə, eyvan binanın girişi rolunu yerinə yetirir. İmarətin ikinci binası uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik olmayıb, yalnız dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılır.
Erməni daşnakları tərəfindən işğal edilib, yararsız hala salınmış ərazilərdəki tarixi, dini və mədəni abidələr arasında Pənahəli xanın imarəti də təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə varbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.
Paylaş