• office@soyqirim.az
  • (023)335-37-07
Rusiya imperiyasında xidmət etmiş, sonralar Azərbaycan Cümhuriyyəti ordusunda general-mayoru vəzifəsində çalışmış və Gəncə üsyanının əsas təşkilatçılarından biri olan Cavad bəy Şıxlinski 1874-cü il 3 yanvar tarixində Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olmuşdur.
Cavad bəy Tiflisdəki zadəganlar üçün kadet korpusunda oxuduqdan sonra təhsilini Peterburqda Mixaylov Topçuluq Məktəbində davam etdirib , 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri təyin olunmuşdur. Birinci Dünya Müharibəsində tatar polkunun tərkibində vuruşan C.Şıxlınski “Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir.
Cavad bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərmişdir. O, 1919-ci ildə Milli Ordunun 1-ci diviziyasının komandandiri təyin edilmiş və Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən Türkiyənin hərbi medalına təqdim olunmuşdu. 1919-cu ildə onun komandanlığı altında olan nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərmişdir. Həmin ilin sonlarında artıq Gəncədə generalın başçılıq etdiyi 1-ci piyada diviziyası 3 alaydan və 3 taburdan ibarət idi.
1920-ci ilin mayında Cavad bəy işğalçı sovet hakimiyyətinə qarşı Gəncədə qalxan üsyana başçılıq etmişdir. O, hərbi donanma komandanı Çingiz İldırım və Azərbaycan bolşevik ordusunun müvəqqəti qərargah rəisi general Əbdülhəmid Qaytabaşının hərbi əməliyyatlar zamanı XI Qızıl Ordunun komandanlığına tabe olmaq haqqında əmrlərini yerinə yetirməkdən boyun qaçırmış və Gəncə üsyanını davam etdirmişdir. Üsyanından sonra Tiflisdən İrana mühacirət edən Cavad bəy, daha sonralar Türkiyəyə köçərək ömrünün sonunadək orada yaşamış və 1959-cu ildə 84 yaşında dünyasını dəyişmişdir.

Paylaş

Spread the love