Qutlu Musa türbəsi
Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nadir təsadüf edilən səciyyəyə malik türbədir. Türbə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramida şəkilli günbəzlə örtülüdür. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə onun 1314-cü il 15 iyulda ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir. Qutlu Musa türbəsinin yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Qutlu Musa türbəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.
Qutlu Musa türbəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqət cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.
Qeyd edək ki, Qutlu Xacə Musa oğlu türbəsi Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrundə inşa olunmuşdur.
Paylaş