Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. İyunun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.
Tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan mədəniyyət naziri Adil Kərimli və Türkmənistan Dövlət Təsviri Sənət Muzeyinin direktoru İsmail Orazov çıxış ediblər.
Qonaqların sərgi ilə tanışlığı zamanı məlumat verilib ki, təqdimat Azərbaycan Milli İncəsənət Muzeyinin “Əzim Əzimzadənin əsərlərində yaşayan milli irsimiz” sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin fondundan ənənəvi və müəllif xalçalarının nümayişi, eləcə də ənənəvi sənətkarlıq sərgisi və “Müasir modada milli naxışlar” adlı moda tanıtımını əhatə edir.
Ekspozisiyada Xalq rəssamı, Azərbaycan peşəkar qrafika sənətinin banilərindən olan Əzim Əzimzadənin (1880-1943) əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir edilən mühit muzey eksponatları vasitəsilə tamaşaçılara çatdırılır.
Sərgidə XIX əsrdən bu günədək dövrü əhatə edən xovlu, xovsuz xalçalar və xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. Sərgini Xalq rəssamı Eldar Mikayılzadənin əl işləri daha da dolğunlaşdırır.
Sərgi məkanında qurama sənəti ilə bağlı nümunələr də yer alıb. Mərhum Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir.
Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar Şəkidən olan sənətkar Hüseyn Hacımustafazadə tərəfindən “ustad dərsi” formatında əyani şəkildə göstərilir. Zərgərliklə bağlı ənənələr isə sənətkar Füzuli Əlizadə tərəfindən təqdim olunur.
Burada həmçinin tanınmış modelyer Gülnarə Xəlilova və gənc modelyer Anara Zakirlinin “Müasir modada milli naxışlar” adlı geyim kolleksiyası nümayiş etdirilir.
Ümumi konteksti Azərbaycan mədəni irsinin kompleks şəkildə təqdimatına xidmət edən sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır.

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “18 may-18 iyun – Azərbaycanda İnsan Hüquqları Aylığı” çərivəsində maarifləndirici seminar keçirilib. Seminarda iştirak edən Quba rayon Sərvər və Şəmsəddin Şəmiyev qardaşları adına İsnovqışlaq kənd tam orta məktəbinin müəllim və şagirdlərini məlumatlandıran Kompleksin bələdçisi Orxan Hüseynov, müstəqilliyimiz bərpa etdikdən sonra respublikamızda digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də ardıcıl islahatların aparıldığını qeyd edib. Bildirilib ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif yaş qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

Mədəniyyət  Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət  Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması və “irs Dostu” könüllü proqramı çərçivəsində könüllülərin cəlb edilməsinə dair görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov tarix-mədəniyyət qoruqlarının idarə olunmasının təkmilləşdirilməsi, mədəni irsin qorunması və bu sahədə ictimai iştirakçılığın artırılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, tarix-mədəniyyət qoruqlarının inkişafı üçün investisiyaların cəlb edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını qeyd edib.
Görüşdə qoruqların inkişafı ilə bağlı görüləcək işlər və könüllü proqramının icrasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 108 illiyinə həsr olunmuş "Müsəlman şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda" adlı III Respublika elmi konfransı keçirilib.

Tədbirdə Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri Lətafət Beybutova və Kompleksin mütəxəssisi Təhminə Əliyeva iştirak ediblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin birgə əməkdaşlığı çərçivəsində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Virtual sərgilər və müasir təqdimat” adlı onlayn konfrans təşkil olunub.

Konfransda muzey və qoruqlarda müasir texnologiyaların tətbiqi, virtual sərgilərin təşkili və rəqəmsal təqdimat üsulları barədə fikir mübadiləsi aparılıb. Tədbirdə Əməkdar müəllim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nəzirə Əliyeva, eləcə də Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak ediblər.
Çıxışlarda mədəni irsin qorunması və təbliğində rəqəmsal texnologiyaların rolu, virtual sərgilərin əhəmiyyəti və innovativ təqdimat üsulları xüsusi vurğulanıb. Tədbir qarşılıqlı müzakirələrlə davam edib.

Soyqırımı Memorial Kompleksinin kollektivi ağacəkmə aksiyası keçirib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyi və kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə kompleks ərazisində ağacəkmə aksiyası keçirilib. Tədbir zamanı ərazinin torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib, onların küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb. Qeyd edək ki, “Soyqırımı Memorial Kompleksi”nin kollektivi də hər il könüllü şəkildə ağacəkmə kampaniyalarında fəal iştirak etməklə bu təşəbbüslərə öz töhfəsini verir, eyni zamanda Ulu Öndər Heydər Əliyevin təbiətə və ekologiyaya qayğı ənənələrini yaşadır.

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir keçirilib.

2026-ci il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin, Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin, Quba ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Mirasını qoru, tarixini yaşat!” adlı tədbir keçirilib. Giriş nitqi ilə çıxış edən kompleksin direktoru Dr. Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq kompleksin fəaliyyəti, həyata keçirilən layihələr haqda ətraflı məlumat verərək bildirmişdir ki, 18 aprel tarixi dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Daha sonra çıxış edən natiqlər Quba Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, sektorun baş məsləhətçisi Aynur Yəhyayeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba ASAN Xidmət Mərkəzinin əməkdaşı Vəfa Rüstəmova vurğulamışdırlar ki, 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş şəkildə qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynayır. Daha sonra Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları – Orxan Hüseynov, Ülkər Zeynalova, Nurcan Allahverdiyeva və Səriyyə Abidovanın təqdimatında dünya və yerli tarixi abidələr haqqında ətraflı məlumatlar verilib.