AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə 2023-cü ildən fəaliyyətə başlayan beynəlxalq ekspedisiyanın fəaliyyəti, ərazidə aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, qazıntılar zamanı “Total Station”, GPS və 3D modelləşdirmə kimi müasir texnologiyalardan istifadə olunur, bütün məlumatlar vahid Arxeoloji İnformasiya Sistemində toplanır.
Azıx mağarasında aparılan hazırkı tədqiqatların əsas elmi əhəmiyyəti qazıntıların rəqəmsal sənədləşdirilməsi, laboratoriya analizlərinin aparılması, paleoekoloji rekonstruksiya, beynəlxalq elmi əməkdaşlıq və yerli kadr hazırlığının vahid tədqiqat proqramında birləşdirilməsindən ibarətdir.
Davam edən tədqiqatlar nəticəsində əldə olunacaq yeni elmi məlumatların Azıx mağarasının Paleolit dövrünə dair xronoloji və mədəni xüsusiyyətlərinin daha dəqiq müəyyənləşdirilməsinə, Cənubi Qafqazda qədim insanın məskunlaşması və yaşayış mühitinə dair elmi təsəvvürlərin genişləndirilməsinə, habelə Azıx mağarasının dünyanın ən qədim insan məskənləri kontekstində elmi əhəmiyyətinin daha dərindən və hərtərəfli qiymətləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Azıx mağarasında Azərbaycan-Almaniya birgə ekspedisiyası artıq 3-cü ildir davam edir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leiza İnstitutunun arasında imzalanmış memorandum çərçivəsində aparılan tədqiqatlarda Portuqaliya, Böyük Britaniya, ABŞ, Türkiyə, Fransa və digər ölkələrdən mütəxəssislər iştirak edir.



