UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən ABŞ-ın Los-Anceles şəhərindəki Simon Vizental adına Mərkəzin şöbə müdiri Şimon Samuels Qubaya səfəri çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir. Qonağı salamlayan Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələrinin Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə törətmiş kütləvi qətliamları və mindən artıq kəndlərin yandırılıb dağıdılması haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.