31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba rayonu İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə anım tədbiri-kütləvi ziyarət keçirilib.

Anım tədbirində Quba RİH-nin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri cənab Səbuhi Bəşirov, Yeni Azərbaycan Partiyasının (YAP) bir neçə rayon təşkilatının rəhbər və əməkdaşları, hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, media nümayəndələri, eləcə də minlərlə insan iştirak edib.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət edərək abidənin önünə gül dəstələri düzmüşlər. Ardınca Kompleksin ərazisində yerləşən xatirə abidəsini ziyarət etdikdən sonra Soyqırımı Muzeyində tarixi faktlarla, həmçinin təşkil olunmuş sərgi ilə tanış olublar.
Ziyarətdən sonra tədbir iştirakçıları Soyqırımı Memorial Kompleksinin yaxınlığındakı ərazidə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
Gün sonunadək davam edəcək anım tədbirinə minlərlə insan qatılıb.
Qeyd edək ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Heydər Əliyev fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı həyata keçirilmişdir.

31 Mart Azərbaycanlıların Soyqırımı Günündə Qusar rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatlarının rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edərək 1918-ci il soyqırımı qurbanlarının dəfn olunduğu abidənin üzərinə gül dəstələri düzüblər. Daha sonra rəsmi şəxslər Soyqırımı Muzeyini ziyarət edərək tarixi faktlarla, həmçinin təşkil olunmuş sərgi ilə tanış olublar.

1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi, "ASAN Könüllüləri " Təşkilatının Quba regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirdən öncə iştirakçılar 1918-ci il qurbanlarının dəfn olunduğu abidəni ziyarət edərək xatirələrini ehtiramla yad etmiş, abidə üzərinə gül dəstələri düzmüşlər. Daha sonra iştirakçılar Soyqırımı Muzeyini ziyarət edərək faciənin izlərini əks etdirən materiallarla yaxından tanış olmuşlar.
Ardınca tədbirin rəsmi hissəsi başlamışdır.
Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva çıxış edərək Quba məzarlığında aparılmış arxeoloji tədqiqatların nəticələrindən, aşkar edilmiş kütləvi məzarlıqların tarixi əhəmiyyətindən və bu faktların beynəlxalq elmi ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən danışmışdır. O həmçinin qeyd etmişdir ki, bu istiqamətdə aparılan araşdırmalar tariximizin obyektiv şəkildə təqdim olunmasına mühüm töhfə verir.
Daha sonra “ASAN Könüllüləri ” Təşkilatının Quba regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi çıxış edərək gənclərin tarix və irs mövzusunda araşdırmalara cəlb olunmasının vacibliyini vurğulamış, bu cür tədbirlərin onların tədqiqat bacarıqlarının inkişafına və sosial fəallığının artırılmasına xidmət etdiyini bildirmişdir.

1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü ərəfəsində anım tədbiri keçirilmişdir. Tədbir “Soyqırımı Memorial Kompleksi” ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirdən öncə universitetin direktoru və əməkdaşları 1918-ci il qurbanlarının dəfn olunduğu abidəni ziyarət edərək xatirələrini ehtiramla yad etmiş, abidə üzərinə gül dəstələri düzmüşlər. Ardınca iştirakçılar Soyqırımı Muzeyini ziyarət edərək həmin dövrün faciəvi hadisələrini əks etdirən eksponatlarla tanış olmuşlar.
Daha sonra tədbir rəsmi hissə ilə davam etmişdir. Tədbir iştirakçıları əvvəlcə 1918-ci il soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva çıxış edərək 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tarixi mahiyyətindən danışmış, bu hadisələrin yalnız milli deyil, ümumbəşəri faciə olduğunu vurğulamışdır.
Daha sonra ADPU-nun Şamaxı filialının direktoru Tənzilə Yusifova çıxış edərək tələbələrin və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə anım mərasimlərinin mühüm rol oynadığını bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Azərbaycan xalqının üzləşdiyi faciələrin öyrənilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması hər bir ziyalının borcudur.
Tədbirin sonunda Soyqırımı Memorial Kompleksi tərəfindən Şamaxı soyqırımlarının baş verdiyi məkanları özündə əks etdirən xəritə-kitabça tədbir iştirakçılarına təqdim olunmuşdur.

1918-ci il azərbaycanlılara qarşı soyqırımların 108-ci ildönümü ərəfəsində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə ziyarətçi axını davam etməkdədir. Belə ki, bu gün Kompleksi Yeni Azərbaycan Partiyasının Nizami və Quba Rayon Təşkilatlarının rəhbər şəxsləri və əməkdaşları, gənclər, eləcə də Sahibkar Qadınlar İctimai Birliyinin sədri və əməkdaşları ziyarət ediblər. Onlara soyqırımı hadisələri haqqında ətraflı məlumat verilib.

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov, universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva Azərbaycan tarixinin faciəli səhifələrindən biri olan 1918-ci il hadisələrinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb. O, eyni zamanda Kompleksin fəaliyyəti barədə iştirakçılara məlumat verib. Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov çıxış edərək vurğulayıb ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni silahlı dəstələri uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və mədəni abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Sonda tələbələr memorial kompleksin muzeyi ilə tanış olaraq, soyqırımı ilə bağlı nümayiş etdirilən sənədlər, foto materiallar və arxeoloji tapıntılar haqqında ətraflı məlumat əldə ediblər.

"Beynəlxalq Muğam Mərkəzi"

Beynəlxalq Muğam Mərkəzi Azərbaycanın paytaxtı olan Bakı şəhərində yerləşən mühüm mədəniyyət ocaqlarından biridir. Xəzər dənizinin sahilində yerləşən bu möhtəşəm bina ölkənin milli musiqi irsinin qorunması və təbliği məqsədilə yaradılmışdır. Mərkəzin əsas məqsədi Azərbaycan muğam sənətini yaşatmaq, inkişaf etdirmək və onu dünya ictimaiyyətinə tanıtmaqdır. Bu sənət Azərbaycan xalqının zəngin musiqi ənənələrinin mühüm tərkib hissəsi hesab olunur.
Mərkəzin binası müasir memarlıq üslubu ilə seçilir və onun forması ənənəvi Azərbaycan musiqi aləti olan tar alətinin quruluşunu xatırladır. Burada mütəmadi olaraq muğam konsertləri, beynəlxalq festivallar, elmi konfranslar və müxtəlif mədəni tədbirlər təşkil edilir. Mərkəz həm peşəkar musiqiçilər, həm də gənc ifaçılar üçün mühüm yaradıcılıq məkanıdır.
Beynəlxalq Muğam Mərkəzi muğamın tədqiqi və öyrənilməsi istiqamətində də mühüm fəaliyyət göstərir. Burada ustad dərsləri, seminarlar və musiqi layihələri həyata keçirilir. Bu tədbirlər gənc nəsildə milli musiqiyə marağın artmasına kömək edir. Mərkəz Azərbaycan muğamının dünyada tanıdılması baxımından da mühüm rol oynayır.
Muğam sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildikdən sonra bu mərkəzin fəaliyyəti daha da əhəmiyyət qazanmışdır. Bu gün Beynəlxalq Muğam Mərkəzi həm yerli, həm də xarici qonaqların böyük maraq göstərdiyi mədəniyyət məkanlarından biridir. Burada təşkil olunan tədbirlər Azərbaycan musiqisinin zənginliyini və dərinliyini nümayiş etdirir. Bu baxımdan mərkəz ölkənin mədəni həyatında xüsusi yer tutur və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

"Heydər Əliyev Mərkəzi"

Dünya memarlığının incilərindən sayılan, Bakı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi Azərbaycanın müasir memarlıq simvollarından biridir. 2007-ci ildə inşasına başlanılmış Mərkəz 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilmişdir. Dünyada parametrik dizaynın ən məşhur nümayəndələrindən sayılan bu binanın memarı, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Olduqca fərqli bir dizaynda olan binanın küncləri tamamilə aradan qaldırılmış, divarlar və damlar isə bir-birinə axırmış kimi görünür. Bu axıcı, dalğavari xətlər binaya futuristik və dinamik bir görünüş verir.
Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur. Mərkəz həmçinin turizm, mədəniyyət mərkəzi kimi də fəaliyyət göstərir. Belə ki, sərgi zalları, konfrans otaqları, auditoriyalar və geniş ictimai sahələr mövcuddur ki, ziyarətçilər həm mədəni, həm də təhsil tədbirlərində iştirak edə bilirlər. Burada beynəlxalq sərgilərin, konfransların və mədəni tədbirlərin keçirilməsi üçün də istifadə olunur. Heydər Əliyev Mərkəzi həm müasir texnologiya, həm də estetik baxımdan unikal bir bina olmaqla, Azərbaycan memarlığının qürur mənbəyinə çevrilmişdir.