15 июня — День национального спасения

15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi tariximizdə xüsusi yer tutur. Bu gün ölkəmizin dövlətçilik ənənələrinin qorunub saxlanılması və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
1993-cü ilin mürəkkəb və çətin günlərində Azərbaycan ciddi siyasi böhranla üz-üzə qalmışdı. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət idarəçiliyinin güclənməsinə və vətəndaş həmrəyliyinin təmin olunmasına zəmin yaratdı.
15 iyun yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də xalqın öz gələcəyinə sahib çıxmasının, milli birliyin və dövlətçilik ideyalarının təntənəsinin simvoludur. Məhz həmin gündən etibarən Azərbaycan inkişaf, tərəqqi və sabitlik yolunda yeni mərhələyə qədəm qoydu.
Bu əlamətdar gün bizə müstəqilliyin qorunmasının, milli həmrəyliyin və dövlətə bağlılığın nə qədər vacib olduğunu bir daha xatırladır. Bu gün qazanılan uğurların təməlində məhz o dövrdə atılmış mühüm addımlar dayanır.
Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkəmizə daim sülh, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıram. Qoy dövlətimiz hər zaman güclü, xalqımız isə birlik və həmrəylik içində olsun.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Quba Soyqırımı Memorial Kompleksinin birgə təşəbbüsü çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyevin Azərbaycana bəxş etdiyi siyasi sabitlik” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə Dövlət Xidmətinin tabeliyində olan müxtəlif qoruqların əməkdaşları iştirak edərək mövzu ətrafında çıxışlar ediblər. Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində və müstəqilliyin qorunub saxlanılmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.

Qeyd edilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixi üçün mühüm dönüş mərhələsi kimi qiymətləndirilir və bu tarix ölkənin sabit inkişaf yoluna çıxmasında əsas siyasi əsaslardan biri hesab olunur. Ulu Öndərin həyata keçirdiyi strateji siyasətin dövlətin uzunmüddətli inkişafı üçün möhkəm baza yaratdığı vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.

 

Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. İyunun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.
Tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan mədəniyyət naziri Adil Kərimli və Türkmənistan Dövlət Təsviri Sənət Muzeyinin direktoru İsmail Orazov çıxış ediblər.
Qonaqların sərgi ilə tanışlığı zamanı məlumat verilib ki, təqdimat Azərbaycan Milli İncəsənət Muzeyinin “Əzim Əzimzadənin əsərlərində yaşayan milli irsimiz” sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin fondundan ənənəvi və müəllif xalçalarının nümayişi, eləcə də ənənəvi sənətkarlıq sərgisi və “Müasir modada milli naxışlar” adlı moda tanıtımını əhatə edir.
Ekspozisiyada Xalq rəssamı, Azərbaycan peşəkar qrafika sənətinin banilərindən olan Əzim Əzimzadənin (1880-1943) əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir edilən mühit muzey eksponatları vasitəsilə tamaşaçılara çatdırılır.
Sərgidə XIX əsrdən bu günədək dövrü əhatə edən xovlu, xovsuz xalçalar və xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. Sərgini Xalq rəssamı Eldar Mikayılzadənin əl işləri daha da dolğunlaşdırır.
Sərgi məkanında qurama sənəti ilə bağlı nümunələr də yer alıb. Mərhum Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir.
Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar Şəkidən olan sənətkar Hüseyn Hacımustafazadə tərəfindən “ustad dərsi” formatında əyani şəkildə göstərilir. Zərgərliklə bağlı ənənələr isə sənətkar Füzuli Əlizadə tərəfindən təqdim olunur.
Burada həmçinin tanınmış modelyer Gülnarə Xəlilova və gənc modelyer Anara Zakirlinin “Müasir modada milli naxışlar” adlı geyim kolleksiyası nümayiş etdirilir.
Ümumi konteksti Azərbaycan mədəni irsinin kompleks şəkildə təqdimatına xidmət edən sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır.

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “18 may-18 iyun – Azərbaycanda İnsan Hüquqları Aylığı” çərivəsində maarifləndirici seminar keçirilib. Seminarda iştirak edən Quba rayon Sərvər və Şəmsəddin Şəmiyev qardaşları adına İsnovqışlaq kənd tam orta məktəbinin müəllim və şagirdlərini məlumatlandıran Kompleksin bələdçisi Orxan Hüseynov, müstəqilliyimiz bərpa etdikdən sonra respublikamızda digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də ardıcıl islahatların aparıldığını qeyd edib. Bildirilib ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif yaş qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

Mədəniyyət  Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət  Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması və “irs Dostu” könüllü proqramı çərçivəsində könüllülərin cəlb edilməsinə dair görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov tarix-mədəniyyət qoruqlarının idarə olunmasının təkmilləşdirilməsi, mədəni irsin qorunması və bu sahədə ictimai iştirakçılığın artırılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, tarix-mədəniyyət qoruqlarının inkişafı üçün investisiyaların cəlb edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını qeyd edib.
Görüşdə qoruqların inkişafı ilə bağlı görüləcək işlər və könüllü proqramının icrasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərliyi ilə Akademiyanın bir qrup professor-müəllim heyəti və kursantları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Ziyarətçilərə məlumat verilərək bildirilib ki, XX əsrin əvvələrində bolşevik-erməni dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və təcavüzkar siyasət nəticəsində bir çox bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb. Quba soyqırımı məzarlığı 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Burada müxtəlif yaş qruplarına aid yüzlərlə insan cəsədlərinin qalıqları qeydə alınıb. Məzarlıqda azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleksin 2013-cü ilin sentyabrın 18-də açılışı həyata keçirilmişdir.

 

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 108 illiyinə həsr olunmuş "Müsəlman şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda" adlı III Respublika elmi konfransı keçirilib.

Tədbirdə Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri Lətafət Beybutova və Kompleksin mütəxəssisi Təhminə Əliyeva iştirak ediblər.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin əməkdaşları işğaldan azad olunmuş ərazilərə - Ağdam, Şuşa, Xankəndi, Xocalı şəhərlərinə səfər ediblər. Səfərin əsas məqsədi tarixi-mədəni irsin öyrənilməsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Səfər çərçivəsində kompleks əməkdaşları Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu əməkdaşlarının bələdçiliyi ilə Gövhər Ağa Məscidi, Ağdam Cümə Məscidi və Mehmandarovların malikanəsi də daxil olmaqla regionun tarixi-mədəni irsini əks etdirən abidələrlə tanış olublar. Həmçinin Xocalı Soyqırımı Memorial Kompleksinə də ziyarət təşkil olunub.
Daha sonra kompleks əməkdaşları Qarabağ Universiteti ilə tanış olub. Kompleksin direktoru Dr Rəxşəndə Bayramova ilə Qarabağ Universitetin rektoru Şahin Bayramov arasında görüş keçirilib, görüş zamanı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Səfərin sonunda Soyqırımı Memorial Kompleksinə aid kitab və bukletlər universitetə təqdim edilib.

 

“Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı sərgi təşkil olunub.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində , Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Quba RİH-i və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Quba rayonunun I Nügədi, Zizik, İqriq, Alekseyevka kənd məktəbləri, Zərdabi qəsəbəsi, eləcə də Quba Peşə Liseyində “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı sərgi təşkil olunub. Təşkil olunan sərgilərdə təhsil müəssisələrinin rəhbər heyəti, eləcə də müəllim və şagirdləri iştirak edib. Sərginin açılışında çıxış edən Kompleksin əməkdaşı Abutalib Turabov Kompleksin fəaliyyəti haqqında ətraflı danışaraq, təşkil olunan sərginin mədəni irsimizin bərpası və qorunması istiqamətində gənclərimizin maarifləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra Kompleksin mütəxəssisləri Səriyyə Abidova, Zərifə Əlirzayeva, İslam Aslanov, Emin Ulubəyov, Orxan Hüseynov və Tərlan Məmmədov çıxış edərək vurğulayıblar ki, ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpasına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bundan əlavə, Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə ölkəmizdə yerləşən yüzlərlə tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlər durmadan artır. Buna misal olaraq Qarabağda, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sistemli və layihələndirilmiş şəkildə həyata keçirilir. İşğal dövründəki dağıdılan abidələrin bərpası yalnız bir tikinti prosesindən ibarət deyil. Bu həm də xalqımızın kimliyini bərpa etməsi, itirilmiş dəyərləri yenidən əldə etməsi deməkdir. Hər bir abidə, hər bir daş bir xatirədir. Bu abidələrin bərpası keçmişimizi unutmamağı, gələcəyimizi isə daha möhkəm və güclü qurmağı öyrədir.
Sonda sərgi iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təşkil olunmuş sərgilərdə 250-dən çox insan maarifləndirilmişdir.

“28 May-Müstəqillik Günü” adlı vebinar keçirilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə 2026-ci il Şəhərsalma və Memarlıq ili çərçivəsində “28 May-Müstəqillik Günü” adlı vebinar keçirilib. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Tarix (Humanitar Fakültələr Üzrə) Kafedrasının müdiri dosent Azad Rzayev çıxış edərək bildirib ki, yüz səkkiz il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Daha sonra mövzu ilə bağlı vebinar iştirakçılarının sualları cavablandırılıb. Qeyd edək ki, vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən qoruqların ümumilikdə 35-a yaxın əməkdaşı iştirak edib.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları Quba rayonuna səfər ediblər. Nümayəndə heyətinə Özbəkistan Mədəniyyət Araşdırmaları və Qeyri-Maddi Mədəni İrs İnstitutunun (ICRICH) elmi və innovasiya fəaliyyəti üzrə direktor müavini Dr. Iroda A. Dadadcanova rəhbərlik edib. Səfər çərçivəsində qonaqlar rayonun tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olublar.

 

Qonaqlara Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı İslam Aslanov bələdçilik edib. O, nümayəndə heyətinə rayonun tarixi, mədəni irsi və görməli məkanları barədə ətraflı məlumat verib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin birgə əməkdaşlığı çərçivəsində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Virtual sərgilər və müasir təqdimat” adlı onlayn konfrans təşkil olunub.

Konfransda muzey və qoruqlarda müasir texnologiyaların tətbiqi, virtual sərgilərin təşkili və rəqəmsal təqdimat üsulları barədə fikir mübadiləsi aparılıb. Tədbirdə Əməkdar müəllim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nəzirə Əliyeva, eləcə də Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak ediblər.
Çıxışlarda mədəni irsin qorunması və təbliğində rəqəmsal texnologiyaların rolu, virtual sərgilərin əhəmiyyəti və innovativ təqdimat üsulları xüsusi vurğulanıb. Tədbir qarşılıqlı müzakirələrlə davam edib.