
Sərgidə Soyqırımı Memorial Kompleksinə aid bukletlər, kitablar və digər maarifləndirici materiallar ziyarətçilərin diqqətinə çatdırılmış, Azərbaycan xalqına qarşı törədilmiş faciələrin tarixi və hüquqi aspektləri ətraflı şəkildə izah olunmuşdur.
22.05.2025-ci il tarixində AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda onlayn formatda ustad dərsi keçirilmişdir. Maarifləndirilmə məqsədilə təşkil olunmuş vebinarda çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayaraq, Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqının tarixində Şuşanın özünəməxsus yeri və rolu vardır. Ulu əcdadlarımız olan türk tayfaları tərəfindən əsası qoyulan Şuşa ən mürəkkəb tarixi şəraitdə belə özünün varlığını qoruyub saxlayıb, türk-müsəlman şəhəri kimi mədəni irsimizə böyük töhfələr vermişdir. Daha sonra çıxış edən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, İnstitutun Gənc Alimlər və Mütəxəssislər şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumat verərək, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb. Sonda mövzu ilə bağlı yaranmış suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Əməkdar rəssam Adil Şıxəliyevin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə nümayiş olunan “Mələklərin fəryadı” adlı qobelen sərgisinin nümayişi 21.05.2025-ci il tarixində yekunlaşmışdır. Əsərlərin müəllifi olan əməkdar rəssam Adil Şıxəliyev “Mələklərin duası” adlı əsərini Soyqırımı Memorial Kompleksinə hədiyyə etmişdir. Qeyd edək ki, 2 ay ərzində davam edən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilib. Bu müddət ərzində əsərlər 8 minə yaxın yerli və xarici ziyarətçilərə nümayiş olunub.