ADPU-nun Şamaxı filialında "Mədəni irsimiz: Dünən və bu gün" mövzusunda sərgi təşkil edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və suverenlik ili” və Quba Soyqırımı Memorial Kompleksinin layihəsi olan “Mədəni irsimiz: Dünən və bu gün” layihəsi çərçivəsində sərgi təşkil edilib. Sərginin açılışında çıxış edən Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, Quba Soyqırımı Memorial Kompleksi ilə filial arasında imzalanmış memorandumun bəndlərinə uyğun olaraq həyata keçirilən bu sərgi mədəni irsimizin bərpası və qorunması istiqamətində gənclərimizin maarifləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çıxışda qeyd olundu ki, Azərbaycan dövləti və xalqı tarixi və əzəli torpaqlarında haqlı mübarizəsini beynəlxalq hüquqa əsaslanaraq davam etdirir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti və silahlı qüvvələrin Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 illik işğal dövründən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu Zəfər yürüşündə həmçinin Ermənistanın xalqımıza qarşı törətdiyi etnik təmizləmə, soyqırımı və vandalizmin qisası alındı.
Ermənistan işğal etdiyi ərazilərdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizmə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Hazırda bu abidələrin bərpası və tarixi irsin qorunması istiqamətində araşdırmalar aparılır. Qarabağda, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sistemli və layihələndirilmiş şəkildə həyata keçirilir.
Daha sonra sərgi haqqında ətraflı məlumat verən filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı mədəni irsin qorunmasına və bərpasına dair aktual məsələlərə toxundu. O qeyd etdi ki, Qarabağda işğal dövründəki dağıdılan abidələrin bərpası yalnız bir tikinti prosesindən ibarət deyil. Bu, həm də xalqımızın kimliyini bərpa etməsi, itirilmiş dəyərləri yenidən əldə etməsi deməkdir. Hər bir abidə bir tarixdir, hər bir daş bir xatirədir. Bu abidələrin bərpası həm də bizə keçmişimizi unutmamağı, gələcəyimizi isə daha möhkəm və güclü qurmağı öyrədir. Çıxışda Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı geniş çıxış etdi, abidələrin tarixi və onların bərpa prosesləri ilə bağlı müfəssəl məlumatlar təqdim edildi.
Filialın əməkdaşlarının və tələbə heyətinin böyük maraqla izlədiyi sərginin nümayişi bir neçə gün ərzində davam edəcəkdir.

Aprelin 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarix Yerlər Gününə həsr olunmuş "Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı" mövzusunda tədbir keçirildi.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru dosent Sübhan Talıblı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru dosent Rizvan Qarabağlı, Tahir Salahovun ev muzeyinin direktoru Səadət Mirzəyeva, Mədəniyyət Nazirliyinin əməkdaşı Zakir Quliyev, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə iştirakçılar Mərkəzin foyesində Soyqırımı Memorial Kompleksi tərəfindən hazırlanmış “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı foto sərgi ilə tanış oldular.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış tədbirdə Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir giriş sözü ilə Mərkəzin baş fond mühafizi Nigar Hüseynova açaraq qonaqları salamladı, Azərbaycan xalqının zəngin tarix-mədəni irsini qorumasının və təbliğinin əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən bəhs etdi.
Çıxış edən qonaqlar Zöhrab Cəfərov, Sübhan Talıblı, Rizvan Qarabağlı, Səadət Mirzəyeva çıxışlarında Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği və Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlərdən söhbət açdılar.
Sonra “Qədim Azərbaycan abidələri” adlı videoçarx nümayiş olundu.

"47 Ronin Abidəsi"

Hökmdar Asano və 47 samurayın (ağalarını itirdiklərinə görə sonradan ronin adlanırdılar) qəhrəmanlıqlarını anmaq məqsədilə inşa edilən abidə Yaponiyanın Tokio şəhərinin Sengakuji məbədinin daxilində yerləşir. 47 Ronin hekayəsi Yaponiya tarixinin ən tanınmış samuray dastanlarından biridir. Bu hadisə XIX əsrin əvvələrində baş vermiş və samuray kodeksi olan “Buşido”nun ali dəyərlərini təcəssüm etmişdir.
Abidənin hekayəsi Asano Naganori adlı bir feodal hakimin, onun hakimiyyətini ələ keçirmək üçün hiylə işlədən saray məmuru Kira Yoshinaka tərəfindən təhqir edilməsindən başlayır. Asano bu təhqirə dözə bilməyərək Kiranı qılıncı ilə yaralayır. Lakin saray qanunlarını pozduğu üçün Asano edam edilir və bununla da Kira Yoshinaka öz məqsədinə çatır və Asanonun yerinə feodal hakimi olur.
Asanonun sadiq samurayları (roninlər) ağalarının intiqamını almağa qərar verirlər. Onlar anlayırdılar ki, istər Kira üzərində qələbə qazansınlar, istərsə də məğlub olsunlar, mövcud qanunvericiliyə əsasən ölüm cəzasına məhkum ediləcəklər.
1702-ci ilin dekabrında 47 Roninin qurduqları plan əsasında qalib gələrək Kiranı öldürür və ədaləti bərpa edirlər Roninlər edam edilməli idilər, lakin hökumət onların öz ağalarına olan sadiqliklərini nəzərə alaraq onlara şərəfli ölümü – yəni seppuku (şərəfli intihar) icazəsi verdi. Roninlərdən biri bağışlanır, qalan 46 ronin isə intihar edir.
Abidə Yaponiya xalqı üçün sadiqlik, şərəf və fədakarlıq rəmzidir. Hər il dekabr ayının 14-də intiqamın həyata keçirildiyi gündə anım mərasimi keçirilir və minlərlə insan Sengakuji məbədinə gələrək ehtiram göstərir.
47 Ronin abidəsi tarixdə dərin iz buraxan hadisənin yadigarıdır. Bu abidə samuray kodeksinin əhəmiyyətini, şərəf və sadiqliyi vurğulayan önəmli bir simvoldur. Həm tarix, həm də mədəniyyət baxımından 47 Ronin dastanı bu gün də insanları ilhamlandırmaqda davam edir.

18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə gələn məktəblilər üçün Kompleksin fəaliyyəti, soyqırımı həqiqətləri, eləcə də 1918-ci ildə Azərbaycan torpaqlarında baş verən hadisələrlə bağlı verilmiş məlumatlar əsasında viktorina təşkil edilmişdir. Sualları doğru cavablandıran fəal məktəblilərə Kompleksin bələdçiləri tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir.

"Müqəddəs Ailə Məbədi"

Barselona şəhərinin ən məşhur memarlıq abidələrindən biri olan Sagrada Família-yəni Müqəddəs Ailə Məbədi İspaniya memarlıq tarixində və ümumiyyətlə dünya memarlığında xüsusi yer tutur. Bu qeyri-adi və möhtəşəm məbədin müəllifi dünyaca tanınmış kataloniyalı memar Antoni Gaudidir. O, “Sagrada Família”nı ömrünün ən böyük və mənəvi layihəsi kimi qəbul etmiş və həyatının son 15 ilini yalnız bu layihəyə həsr etmişdi.
1882-ci ildə tikintisinə başlanmış bu məbəd hal-hazırda da tamamlanmamışdır. Gaudinin ölümündən sonra tikinti prosesi onun orijinal eskizlərinə əsasən davam etdirilib. Maraqlıdır ki, bu gün də məbədin tikintisi ianələr və xeyriyyə vəsaitləri hesabına aparılır. Əsas məqsəd məbədi 2026-cı ildə, yəni Gaudinin vəfatının 100-cü ildönümündə tamamlamaqdır.
Sagrada Família memarlıq baxımından tamamilə unikaldır. Gaudi burada təbiətdən ilham alaraq heykəltəraşlığı, riyaziyyatı və dini simvolları bir araya gətirib. Məbədin üç əsas fasadı vardır: Doğum fasadı, Əzab fasadı və Şöhrət fasadı. Hər biri İsa Məsihin həyatının müəyyən mərhələlərini təsvir edir. Məbəddə planlaşdırılmış 18 qüllə var – onlardan 12-si həvariləri, 4-ü İncil müəlliflərini, biri Məryəmi, ən hündür qüllə isə İsa Məsihi simvolizə edir.
İçəridəki interyer də eyni dərəcədə heyrətamizdir. Gaudi məbədin sütunlarını ağac gövdələrinə bənzədərək interyeri sanki bir meşə kimi dizayn etmişdir. Gün işığı şüşəbəndlərdən keçərək daxildə rəngarəng və mistik bir ab-hava yaradır.
2010-cu ildə Roma Papası XVI Benedikt tərəfindən “Sagrada Família” bazilika statusu almış və müqəddəs ibadət məkanı elan edilmişdir. 2005-ci ildən etibarən isə UNESCO tərəfindən Dünya İrsi siyahısına daxil edilmişdir. Sagrada Família yalnız dini inancın və sənətkarlığın təcəssümü deyil, həm də insan ruhunun nə qədər möhtəşəm işlərə imza ata biləcəyinin sübutudur. Bu möhtəşəm tikili hər il milyonlarla turistin diqqətini cəlb edir və Barselonanın rəmzinə çevrilib.

Açıq dərslərin təşkili davam edir.

 “Tarixi abidələrimizi qoruyaq” layihəsi çərçivəsində tarixi həqiqətlərimizin gənc nəslə çatdırılması məqsədilə açıq dərslərin təşkili davam edir. Təşkil olunan növbəti tədbirdə Quba rayonu Zizik kənd tam orta məktəbin 20-ə yaxın müəllim-şagirdləri iştirak etmişlər. 

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi", "Çıraqqala Şabran” Dövlət Memarlıq Qoruğu və "Pir hüseyn Xanəgahı" Dövlət Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar vebinar keçirilib.

Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova beynəlxalq miqyasda abidələrin qorunması və onların mədəni irsimizdəki əhəmiyyətini vurğulayıb. O, həmçinin, Azərbaycanın zəngin tarixi irsinin gələcək nəsillərə çatdırılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Daha sonra Pirhüseyn Xanəgahı Dövlət Memarlıq Qoruğunun direktoru Məhərrəm Müslümov bu cür tədbirlərin abidələrin qorunması və təbliği mövzusunda mühüm rol oynadığını bildirib.
Çıxış edən “Çıraqqala Şabran” Dövlət Memarlıq Qoruğunun direktoru Günel Pirquliyeva da Azərbaycandakı abidələrin tarixi və mədəniyyətini tanıdan tədbirlərin təşkilinin vacibliyini vurğulayıb. O, bu cür təşəbbüslərin xalq arasında mədəni irsin qorunmasına və təbliğinə fayda verdiyini qeyd edib.
Daha sonra Soyqırımı Memorial Kompleksinin əməkdaşları dünyanın müxtəlif yerlərində yerləşən, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələr haqqında ətraflı məlumatlar veriblər. Belə ki, çıxışçılar tərəfindən Maça Piçu, Əl Hambra, Müqəddəs Ailə Məbədi, Luvr Muzeyi, 47 Ronin Abidəsi və digər məşhur abidələr barədə müfəssəl məlumatlar təqdim olunub. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş vebinarda adı qeyd olunan qoruqların ümumilikdə 40-a yaxın əməkdaşı iştirak edib.

"Terrakota ordusu"

Terrakota heykəlləri e.ə. III əsrdə, Çin imperiyasını birləşdirən və Böyük Səddin bütün hissələrini birləşdirən ilk Çin imperatoru Sin Şi Huandi ilə birlikdə dəfn edilmişdir.
Sıma Çian xəbər verir ki, e.ə. 246-cı ildə taxta çıxdıqdan bir il sonra, 13 yaşlı İn Çjen (gələcək Sin Şi Huang) öz məzarını tikməyə başlamışdır. Onun fikrinə görə, heykəllər ölümündən sonra ona müşayiət etməli və yəqin ki, o, həyatda olduğu kimi, axirət dünyasında da hakimiyyət ambisiyalarını təmin etmək imkanı qazanmalı idi.
Heykəllər 1974-cü ilin mart ayında Lişan dağının şərqində artezian quyusu qazarkən yerli bir kəndli tərəfindən aşkar edilmişdir.
Lişan dağı, ilk Çin imperatoru Çinin süni şəkildə yaradılmış nekropoludur. Heykəllərin bir hissəsi üçün material məhz bu dağdan götürülmüşdür. Sin Şi Huandi e.ə. 210-cu ildə dəfn edilmişdir. Böyük Çin tarixçisi Sıma Çianın məlumatına görə, imperatorla birlikdə çoxlu qiymətli daş-qaş və sənətkarlıq nümunələri basdırılmışdır. Bundan əlavə, onun 48 kənizi də diri-diri məzara qoyulmuşdur. Təxminən 8 mindən çox piyada, oxçu və süvaridən ibarət terrakota heykəlləri yerin altında gizlədilmişdir. Heykəllərin detalları heyrətamizdir! Maraqlıdır ki, bütün əsgər heykəlləri bir-birindən fərqlənir. Hər heykəlin özünəməxsus xüsusiyyətləri, boyu, geyimi, üzü və hətta fərqli üz ifadəsinə malikdirlər. Alimlər hesab edirlər ki, heykəllər canlı insanlar üzərindən qurulub.
Terrakota ordusunun döyüşçü və at fiqurları Çinin müxtəlif bölgələrində hazırlanmışdır və oradan da Sian şəhərinin kənarına gətirilib. Çin Elmlər Akademiyasının Botanika İnstitutu heykəllərdən götürülən nümunələri və onların mənşəyini müqayisə edərək belə bir nəticəyə gəlmişdir. Araşdırmalara əsasən, at heykəlləri birbaşa nekropolun yaxınlığında hazırlanmışdır ki, bu da onların daşınmasını asanlaşdırmaq məqsədilə edilmiş ola bilər (at fiqurlarının çəkisi təxminən 200 kiloqramdır). Döyüşçü heykəlləri daha yüngüldür, onların orta çəkisi 135 kiloqramdır, lakin onların istehsal yeri hələ dəqiqləşdirilməmişdir.
Döyüşçü fiqurları əsl sənət əsərləri hesab olunur, çünki onlar əl ilə, fərdi qaydada və müxtəlif texnikalardan istifadə edilməklə hazırlanmışdır. Formalaşdırıldıqdan sonra heykəllər bişirilmiş və üzləri xüsusi üzlük maddə ilə örtülmüş, daha sonra isə boyanmışdır. Döyüşçülər rütbələrinə (zabitlər, sıravi əsgərlər) və silahlarına (mizraq və ya qılınc) görə fərqlənir.
Güman edilir ki, aşkar edilmiş əsgərlər qrupu imperatoru şərq tərəfindən qorumaq üçün yerləşdirilmişdir. Piramidanın qərb və cənub hissələrində də oxşar qoşun bölmələrinin olması ehtimal olunur.
1987-ci ildə, YUNESKO-nun 11-ci sessiyasında Terrakota ordusu “Birinci Çin imperatoru Sin sülaləsinin məqbərə kompleksi Dünya İrs Siyahısına daxil edilmişdir. Sin Şi Huangın məqbərə kompleksi Çində bu siyahıya salınan ilk abidələrdən biri olmuşdur. Terrakota ordusunun ziyarəti, çox vaxt xarici dövlət başçılarının Çinə səfər proqramına daxil edilir.