“Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu

Artıq bir neçə ildir ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə geniş tərkibdə ictimaiyyətin iştirakı ilə simpoziumlar, konfranslar, forumlar, sərgilər keçirilir. Bu gün kompleksdə “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu öz işinə başlayıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçirilən simpoziumda Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar Mədəniyyət işçisi, dosent Sədaqət xanım Əliyeva, yerli idarə-müəssisə rəhbərləri, ölkədə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, ziyalılar, həmçinin gənc fəallar iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra simpozium öz işinə başlayıb.
Simpozium iştirakçılarını salamlayan kompleksin direktoru Dr. Rəxşəndə Bayramova bildirib ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla 12 il ərzində 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir. Dr. Rəxşəndə Bayramova qeyd edib ki, keçirilən simpoziumun qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqamətində mühüm rol oynayır.
Çıxış edən Quba RİH-nin başçısının müavini xanım Səidə Abasova simpozium iştirakçılarını salamlayaraq simpozium çərçivəsində əldə olunan bilik və təcrübələrin tətbiqi nəticəsində regionumuzda və ölkəmizdə qoruq və muzey işinin səviyyəsinin yüksələcəyini, tarixi-mədəni irsin qorunması sahəsində uğurların artacağını vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov Mədəniyyət Nazirliyi tərəfindən tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsi baxımından bir sıra layihələrin həyata keçirildiyini, bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində işlərin görüldüyünü söyləyib.
Daha sonra çıxış edən natiqlər simpoziumun əhəmiyyətindən danışaraq muzey və qoruqların mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Rəsmi hissə bitdikdən sonra gün ərzində davam edən bölmə iclaslarında “Qoruq və Muzeylərin tarixi və çağdaş rolu”, “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması”, “Abidələrin bərpası və konservasiyası”, “Qoruq və muzey pedaqogikası və təhsil sahəsində istifadəsi”, “Qoruq və muzeylərdə eksponatların təqdimatı və innovativ yanaşmalar”, “Bələdçilik və ziyarətçi təcrübəsinin artırılması”, “Cəmiyyətin qoruq və muzeylərə marağının artırılması və qoruq-muzey marketinqi”, “Qoruq və muzey menecmenti və strateji idarəetmə”, “Qoruq və Muzeylərdə inklüzivlik və əlçatanlıq”, “Qoruq və muzeylərdə süni intellekt və yeni texnologiyalar”, “Qlobal və yerli qoruq, muzeylər arasında əməkdaşlıq imkanları”, “Sosial şəbəkələrdə qoruq və muzeylərin təbliği”, “Ədəbiyyat ilə qoruq və muzeylərin əlaqəsi: Tarixi və Mədəni İrsin İnteraktiv Təqdimatı”, “Qoruq və muzeylərdə musiqilər vasitəsilə təqdimat” adlı mövzular ətrafında elmi müzakirələr aparılıb.
Qeyd edək ki, Simpozium çərçivəsində 80-ə yaxın elmi məqalə təqdim edilib, 100-dən çox iştirakçı qatılıb və simpoziumun materiallar toplusu hazırlanmışdır.

Quba, Qusar və Xaçmazda “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı sərgi təşkil olunub.

Təşkil olunan sərgilərdə Quba, Qusar və Xaçmaz Uşaq İncəsənət, eləcə də Musiqi Məktəblərinin direktor, müəllim və şagird heyəti, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak etmişlər. İştirakçılar Soyqırımı Memorial Kompleksi tərəfindən hazırlanmış “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı fotosərgi ilə tanış olmuşlar. Sərginin açılışında çıxış edən Kompleksin əməkdaşı Abutalib Turabov kompleksin fəaliyyəti haqqında danışaraq təşkil olunan sərginin mədəni irsimizin bərpası və qorunması istiqamətində gənclərimizin maarifləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Çıxış edən Kompleksin mütəxəssisləri Ülkər Zeynalova, Zərifə Ağarzayeva və Səriyyə Abidova cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği və Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə ölkəmizdə yerləşən yüzlərlə tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlərdən söhbət açıblar. Bildiriblər ki, Qarabağda, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sistemli və layihələndirilmiş şəkildə həyata keçirilir. İşğal dövründəki dağıdılan abidələrin bərpası yalnız bir tikinti prosesindən ibarət deyil. Bu həm də xalqımızın kimliyini bərpa etməsi, itirilmiş dəyərləri yenidən əldə etməsi deməkdir. Hər bir abidə, hər bir daş bir xatirədir. Bu abidələrin bərpası həm də bizə keçmişimizi unutmamağı, gələcəyimizi isə daha möhkəm və güclü qurmağı öyrədir.
Sonda sərgi iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən sərgidə 100-dən çox insan maarifləndirilmişdir.

27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı, kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş vebinar keçirilib. Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan müxtəlif qoruqların 45-dən çox əməkdaşı iştirak edib. Vebinarda Azərbaycanın tarixi irsi, vətənpərvərlik ruhu, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və bu istiqamətdə aparılan maarifləndirici fəaliyyətlər müzakirə olunub.
Tədbirdə çıxış edən AMEA Z.Bünyadov adına Şərqşunaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 2020-ci il 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi barədə geniş məlumat verib. O, müharibənin səbəbləri, gedişatı və Azərbaycanın tarixi ədaləti bərpa etməsi prosesinə toxunaraq şəhidlərin əziz xatirəsinin xalqın yaddaşında daim yaşayacağını bildirib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Əsrin müqaviləsi - 20 sentyabr 1994

Azərbaycan müstəqilliyini bərpa etdiyi 1991-ci ildən sonra müxtəlif sahələrdə inkişaf yoluna qədəm qoymuşdu. Lakin ölkənin ən böyük təbii sərvəti olan neftin səmərəli şəkildə işlənməsi və xarici bazarlara çıxarılması məsələsi ciddi diqqət tələb edirdi. O dövrdə Azərbaycanın iqtisadiyyatı hələ də keçmiş Sovet İttifaqının dağılmasınadan sonra çətin vəziyyətdə idi və xarici investisiyalar olmadan bu vəziyyətdən çıxmaq mümkün deyildi.
Bilavasitə Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və diplomatk bacarığı sayəsində 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq, Günəşli zəngin neft yataqlarının birgə işlənməsi haqqında 8 ölkənin 13 ən məşhur neft şirkətinin iştirakı ilə müqavilə bağlanmışdır. O, “Əsrin müqaviləsi” adlandırılan bu sənədi “Azərbaycanın müstəqilliyini möhkəmləndirən,əsası gələcəyə hesablanan tarixi müqavilə” adlandırılmışdır.
“Əsrin müqaviləsi” Azərbaycana yalnız zənginlik və inkişaf deyil, həm də uzunmüddətli sabitlik və strateji mövqe qazandırdı və XXI əsrdə qlobal enerji siyasətində oynayacağı rolu müəyyənləşdirdi.

Qobustan qaya rəsmləri

Qobustan ərazisi Bakı şəhərindən təxminən 60 kilometr məsafədə yerləşir. Buradakı Böyükdaş, Kiçikdaş və Cingirdağ massivlərində minillər boyu qorunub saxlanılmış qayaüstü təsvirlər tapılmışdır. Qobustan qaya rəsmləri Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin ən parlaq nümunələrindən biridir.
Qobustan qayaüstu təsvirləri eramızdan əvvəl X-VIII minilliyə və Orta əsrlərədək olan müxtəlif dövlərə aid edilir. 1939-cu ildən bu sahəni araşdıran alim İshaq Cəfərzadənin başçılığı ilə C.Rüstəmov, F.Muradova və digər arxeloqlar tərəfindən Qobustan petroqliflərinin ilk arxeloji tədqiqatlarına başlanılmışdır. O vaxtdan aparılan arxeoloji qazıntılar nəticəsində qayalar üzərində 7 mindən artıq rəsm, həmçinin qədim yaşayış məskənləri, mağaralar, 40-dək kurqan, mezolit dövrünə aid artefaktlar, 100 mindən çox maddi mədəniyyət əşyaları aşkarlandı.
Daha çox maraq doğuran Qobustan qayaüstü rəsmləri insanlığın minillər öncəki həyat tərzini, düşüncə dünyasını və mədəni inkişafını əks etdirən unikal abidədir. Əsasən, ov səhnələri, müxtəlif heyvan fiqurları, insanlar, rəqs səhnələri, dini ayinlər və gəmi təsvirlərinin yer aldığı bu rəsmlərdən məlum olur ki, qədim Qobustan sakinləri ovçuluqla, heyvandarlıqla, balıqçılıqla məşğul olmuş, eyni zamanda öz adət-ənənələrini də daşlara həkk etmişlər. Rəqs edən qadın və kişilərin təsviri onların bayram və mərasimlərdə birgə şənləndiklərini göstərir. Gəmi təsvirləri isə qədim insanların Xəzər dənizindən səyahət və balıqçılıq üçün istifadə etdiklərini sübut edir. Hətta bəzi rəsmlərdə günəş və ay kimi kosmik işarələr də öz əksini tapmışdır.Burada bizim eranın I əsrin sonlarına aid daş üzərində yazılmış qədim latın kitabəsi də tapılmışdır ki, bu da Qobustanın müxtəlif sivilizasiyaların yolu üzərində yerləşdiyini göstərir.
Nəticə etibarilə, Qobustan qaya rəsmləri xalqımızın qədim tarixi yaddaşının, mədəni irsinin və bədii düşüncəsinin nadir nümunəsidir. Bu abidələr bizə keçmişimizi daha yaxından tanımaq və gələcək nəsillərə çatdırmaq üçün əvəzsiz xəzinədir və Azərbaycanın tarixdə nə qədər qədim və zəngin köklərə malik olduğunu bütün dünyaya sübut edən canlı bir muzeydir.
2007-ci ildə Qobustan qaya rəsmləri UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilmişdir. Bu, Azərbaycanın qədim tarixinin beynəlxalq səviyyədə tanınması deməkdir. Hazırda Qobustan Dövlət Tarix-Bədii Qoruğu təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb edir.

 

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasından 12 il ötür.

2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində tikinti işləri görülərkən kütləvi məzarlıq aşkar edilmişdir. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m2 olan həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılmışdır. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilmişdir. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılmış və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.
30 dekabr 2009-cu il tarixində Cənab Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Açılışda cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Ümumi sahəsi 3,5 hektar olan Kompleks 5 hissədən ibarətdir: xatirə abidəsi, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.
Qeyd edək ki, Kompleks açıldığı gündən buranı 1 milyondan çox insan ziyarət etmişdir. Onlardan 200 mindən çoxu xarici ziyarətçilərdir. Gələn yerli və xarici ziyarətçilərə 4 dildə- Azərbaycan, rus, ingilis və ərəb dillərində ətraflı məlumatlar verilir.

Şəki Xan Sarayı

Şəki Xan Sarayı Şəki Xan Sarayı Azərbaycanın memarlıq incilərindən biridir. Saray 1762-ci ildə Şəki xanı Hüseyn xan Müştaq tərəfindən inşa etdirilmişdir. Tarixi bina Şəki şəhərinin Yuxarı Baş memarlıq kompleksində qala divarlarının içərisində yerləşir. Azərbaycanın memarlığının ən gözəl nümunələrindən hesab olunur və 2019-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəki Xan Sarayı təkcə bir memarlıq abidəsi deyil, həm də Azərbaycan xalqının incəsənət, memarlıq və mədəni irsinin parlaq nümunəsidir. Onun qorunması və gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət daşıyır.