Sərgidə Soyqırımı Memorial Kompleksinə aid bukletlər, kitablar və digər maarifləndirici materiallar ziyarətçilərin diqqətinə çatdırılmış, Azərbaycan xalqına qarşı törədilmiş faciələrin tarixi və hüquqi aspektləri ətraflı şəkildə izah olunmuşdur.
22.05.2025-ci il tarixində AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda onlayn formatda ustad dərsi keçirilmişdir. Maarifləndirilmə məqsədilə təşkil olunmuş vebinarda çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayaraq, Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqının tarixində Şuşanın özünəməxsus yeri və rolu vardır. Ulu əcdadlarımız olan türk tayfaları tərəfindən əsası qoyulan Şuşa ən mürəkkəb tarixi şəraitdə belə özünün varlığını qoruyub saxlayıb, türk-müsəlman şəhəri kimi mədəni irsimizə böyük töhfələr vermişdir. Daha sonra çıxış edən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, İnstitutun Gənc Alimlər və Mütəxəssislər şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumat verərək, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb. Sonda mövzu ilə bağlı yaranmış suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Əməkdar rəssam Adil Şıxəliyevin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə nümayiş olunan “Mələklərin fəryadı” adlı qobelen sərgisinin nümayişi 21.05.2025-ci il tarixində yekunlaşmışdır. Əsərlərin müəllifi olan əməkdar rəssam Adil Şıxəliyev “Mələklərin duası” adlı əsərini Soyqırımı Memorial Kompleksinə hədiyyə etmişdir. Qeyd edək ki, 2 ay ərzində davam edən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilib. Bu müddət ərzində əsərlər 8 minə yaxın yerli və xarici ziyarətçilərə nümayiş olunub.
Martın 29-dan etibarən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə Əməkdar rəssam Adil Şıxəliyevin “Mələklərin fəryadı” adlı qobelen sərgisi ziyarətçilərə nümayiş olunub. 2 ay ərzində kompleksin muzeyində sərgilənən əsərlərlə yerli, eləcə də dünyanın bir çox ölkələrindən – Türkiyə, Rusiya, İtaliya, Fransa, Hindistan, Pakistan, İsrail, BƏƏ və digər ölkələrdən gələn 8 minə yaxın ziyarətçi yaxından tanış olublar. Bu sərgidə nümayiş olunan qobelen əsərlərdə palaz, kilim, xalça və sumax texnologiyalarından istifadə olunub. Qeyd edək ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” tərəfindən birgə təşkil edilib. Sərgidə yer alan əsərlər, xüsusilə ermənilərin 107 il öncə – 1918-ci ildə xalqımıza qarşı törətdiyi kütləvi qırğınlar, o cümlədən Quba soyqırımına həsr olunmuş “Mələklərin fəryadı” adlı qobelen əsəri faciənin dərin təsirini izləyicilərə çatdırır.
Tədbirdə Şirvan şəhər 1 saylı Mediasiya təşkilatının rəhbəri Hüquqşünas Tariyel İskəndərovun “Mənim hüquqlarım, mənim Konstitusiyam” mövzusunda məruzəsi dinlənilmişdir. Çıxış edən natiq Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərindən, Konstitusiyamızın qüdrəti və tam suverenliyimizin bərpasından eləcə də xalqımızın birliyindən, həmrəyliyindən bəhs etmişdir. Sonda mövzu ətrafında iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən “Gələcəyin Muzeyi” 2022-ci ildən fəaliyyət göstərir. Muzey dünyanın ən innovativ və futuristik binalarından biri hesab olunur. Binanın görünüşü halqa formasındadır və üzərində ərəb xətti ilə sitatlar yazılmışdır. Binanın layihələndirilməsi “Killa Design” memarlıq bürosuna məxsusdur.
Müasir standartlara cavab verən muzeydə süni intellekt, robot texnologiyası, kosmos tədqiqatları, biotexnologiya və ekoloji problemlərlə bağlı sərgilər nümayiş olunur. Gələcəyin Muzeyi həm interaktiv sərgilər, eyni zamanda elmi və texnoloji innovasiyaların təqdimatı üçün məkandır və regionda elmi biliklərin inkişafına töhfə verməyi qarşısına məqsəd qoymuşdur. Burada ziyarətçilər gələcək dünyanı hiss edə və texnologiyanın insan həyatına necə təsir göstərə biləcəyini öyrənə bilirlər. Muzey həmçinin tədqiqatçılar, alimlər və turistlər üçün bir platforma rolunu oynayır.