Tarixçilərin qələmindən - Tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli

“İrəvan qalası Zəngi çayının kənarındakı ən yüksək təpədə inşa olunmuşdu.Çay tərəfdən qala divarı qalan divarlara nisbətən zəif idi.Qalanın digər divarları ikiqat hasarlardan ibarət idi.Kərpic və daşdan hörülmüş qala divarı qalan divarlara nisbətən zəif idi. Kərpic və daşdan hörülmüş qala divarları,həm hündür,həm də qalın idi.Birinci qala divarı ilə ikinci divarının arasındakı məsafə 15 və yaxud 20 sajenə bərabər idi.Divarlar arasındakı xəndək su ilə doldurullurdu.Qalanın 17 bürcü var idi.İrəvan qalasının divarları üstündə qurulmuş 60 topdan yalnız 20-si saz vəziyyətdə idi. İrəvan qalasında üç mortir (qısa lüləli top) də qurulmuşdu.Qalanı müdafiə edən qarnizon 7000 nəfərdə ibarət idi”
Mənbə: İrəvan qalası Qəhrəmanlıq qalası -s (17)

Kompleksin eksponatları

2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanan Quba məzarlığı erməni vəhşilikərinin əyani sübutu olmuşdur. Burada kəllə sümüklərinin içində tapılan mismarlar həmin insanların xüsusi amansızlıqla qətlə yetirildiyinin göstəricisidir. Bu mismarlar Kompleksin muzeyində xüsusi bir guşədə əyani sübüt kimi qorunub saxlanılır.

 

Girdiman qalası

İsmayıllı rayonunda yerləşən abidələrin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Bu abidələrdən biri də VII əsrə aid Girdiman qalasıdır. Girdiman qalası böyük diplomatik və sərkərdəlik bacarığı olan Albaniya hökmdarı Cavanşir (642-681) tərəfindən inşa etdirilmişdir. Qalanın strateji əhəmiyyətli mövqedə yerləşməsi müdafiəçilərin Ərəb, Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsinin qarşısını almağa və Albaniyanın müstəqilliyini qoruyub saxlamağına zəmin yaratmışdır. Sahəsi 80 hektar olan qoruq ərazisində 93 ədəd tarix və mədəniyyət abidəsi mühafizə olunur.

Dəhşətli günlər

Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış… “Təzə Pir” məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdir… Patrul 6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi. Geniş kütlələr qəzəb və nifrətlə dolub daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir ki, onların qarşısını almaq elə də asan olmayacaq…
“Naş qolos” qəzeti (4 aprel) 1918-ci il, № 59, Bakı.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmişlər. Kompleks əməkdaşlarını Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq sərəncamı ilə muzeyə yeni təyin olunmuş direktor tarix üzrə fəlsəfə doktoru Leyla xanım Məcidova qarşılamışdır.

Diyarşünaslıq Muzeyi haqqında ətraflı məlumat verən Leyla Məcidova muzeyin əsasının 1934-cü ildə Mirzə Ağəli Əliyev tərəfindən qoyulduğunu, 3 mərtəbədən və 12 otaqdan ibarət olduğunu, əsas fondunda isə 6500-dən çox eksponatın saxlanıldığını qeyd etmişdir.
Sonda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi ilə əlaqələrin qurulması və birgə tədbirlərin keçirilməsi üçün razılıq əldə edilmişdir.
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi

Qoruq əməkdaşları arasında təcrübə mübadiləsi layihəsi

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun təşəbbüsü və təşkilatçılığı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşlarının elmi fəaliyyət sahəsində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə treninq və seminarların təşkili üçün Kompleksin bir qrup əməkdaşı “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğuna ezam olunmuşdur.

Kompleksin rəhbərliyi və “Elmi Araşdırmalar, Ekspozisiya və Fond Şöbəsinin” bir qrup əməkdaşı ilk olaraq Hacıqabul rayonu Qubalı Baloğlan kəndində yerləşən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunu ziyarət etmişlər. Daha sonra “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları ilə birlikdə 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Səfər çərçivəsində hər iki qoruğun əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə müxtəlif mövzular ətrafında treninq və seminarlar da təşkil edilmişdir. Çıxış edən qoruq rəhbərləri Məhərrəm Müslümov və Dr.Rəxşəndə Bayramova 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat vermişlər. Seminar-treninqlər çərçivəsində hər iki qoruğun əməkdaşları “Elmi məqalələr”, ”Xarici əlaqələr”, “Mediada təbliğat”, “İnternet platformalarında görülən işlər” mövzularında ətraflı müzakirələr aparmışlar.

22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı günüdür.

Ədliyyə Nazirliyinin Əsasnaməsi ilk olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmiş və 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilmişdir. 105-ci ildönümü qeyd edilən bu bayram günü Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən hər il ölkədə böyük ruh yüksəkliyi ilə keçirilir.
23.09.2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmanın əsas məqsədi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Ədliyyə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında, qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.

2023-cü ilin 9 ayı ərzində “Heydər Əliyev ili” çərçivəsində “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu, Zaqatala Tarix-Mədəniyyət qoruğu və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin gördüyü işlər barədə onlayn iclas keçirilmişdir.

İclasda ilk olaraq Soyqırımı Memorial Kompleksi tərəfindən Heydər Əliyev ili çərçivəsində hazırlanmış müasir Azərbaycanın banisi, ümummilli liderin həyat və fəaliyyətindən bəhs olunan film izlənilmişdir. Daha sonra çıxış edən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov, Zaqatala dövlət təbiət qoruğunun direktoru Anar Laçınov və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr.Rəxşəndə Bayramova XX əsrdə xalqımızının mədəni həyatında yeni bir dövrün başlanıldığını və bu dövrün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirərək, 2023-cü il “Heydər Əliyev” ili çərçivəsində hər 3 qoruqda həyata keçirilmiş işlər qeyd olunmuş və müsbət təcrübələr digər qoruq əməkdaşları ilə paylaşılmışdır.
Sonda qoruqların elmi işciləri dahi öndər Heydər Əliyev haqqında yazdıqları elmi məqalələrindən qısa çıxarışları təqdim etmişlər.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” adlı kitabı Təbrizdə ərəb əlifbasında çap olunub.

542 səhifədən ibarət olan kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülüb. Kitabın elmi redaktoru AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, rəyçiləri isə akademik, tarix elmləri doktoru, professor Nərgiz Axundova, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovdur. Monoqrafiyanım “1905-1906-cı illər kütləvi qırğınlar və 1918-ci il mart soyqırımı” adlı 1-ci fəslində qeyd edilən dövrün insanlıq əleyhinə ağır cinayətləri barədə ətraflı məlumat verilir. 2-ci fəsildə 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyasından, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları və ərazilərin işğalından, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarından bəhs edilir. 3-cü fəsildə “Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlardan, 1990-cı il “20 Yanvar” faciəsindən (1990-cı il 25 yanvar Neftçala və Lənkəran faciələri) söz açılır. “Qarabağda soyqırımlar” adlanan 4-cü fəsildə Ağdaban soyqırımı və onun tanıdılması istiqamətində hüquqi-siyasi fəaliyyətdən, Qaradağlı soyqırımından, Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından, Malıbəyli, Aşağı və Yuxarı Quşçular qətliamından, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət olan Xocalı soyqırımından bəhs edilir. 5-ci fəslin mövzusu Aprel döyüşləri və Vətən müharibəsidir. “Azərbaycanlıların soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin siyasəti” adlanan 6-cı fəsil bu faciələrlə bağlı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinə, həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə həsr olunub. Kitabın sonunda əlavələrdə sənədlər, müqavilələr, qətnamə və qərarlar, bəyannamələr, xəritələr və şəkillər verilib.

"Böyük Mərdəkan qəsri"

Böyük Mərdəkan qəsri Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik olan qaladır. Qala XIV əsrin ortalarında III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən dörd künc formada tikilmişdir. Bu qala I Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti 700 kv.metrdir. İçəridən qala 5 yarusa bölünür.

12 Noyabr-Azərbaycan Respublikasında Konstitusiya Günüdür.

Müstəqil Azərbaycanın ilk konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindəndir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

Quba şəhər Heydər Əliyev Mərkəzində 2023-cü il “Heydər Əliyev ili” və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Quba Rayon İcra Hakimiyyəti və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vahid Əhmədov, Anatoliy Rafailov, Anar İsgəndərov, akademik Yaqub Mahmudov, Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Səbuhi Bəşirov, Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev, tarix elmləri doktoru, professor Şikar Qasımov və digər rəsmi şəxslər iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 1918-ci il qurbanlarının xatirəsinə ucaldılmış xatirə abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzərək dahi öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Kompleksin ərzisində 100 ədəd müxtəlif növ meyvə ağacları əkmişlər.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev parkında dahi öndərin abidəsi önünə gül dəstələri düzərək Quba rayon Heydər Əliyev mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuşlar.
Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra dahi öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilmişdir. Giriş sözü ilə çıxış edən Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova iştirakçıları salamlayaraq Kompleksin 10 illik fəaliyyəti barədə hesabat çıxışı etmiş, bu günə kimi əldə olunan uğurlar barədə danışmışdır. O həmçinin vurğulamışdır ki, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “Böyük Ermənistan” yaratmaq məqsədilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. O eləcə də bu hadisələrə ilk dəfə olaraq ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra çıxış edən digər natiqlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıblar. Bildirilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi-hüquqi qiymət olan bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımlarının rəsmən adı çəkilib.
Qeyd edək ki, Konfransda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, qoruq direktorları, rayon ziyalıları, mədəniyyət işçiləri və tarixçilər iştirak etmişlər.