Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı rayon filialı və Quba rayon “Soyqırımı Memorial Kompleski”nin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn seminar keçirilib. Vebinarda ali təsil ocağının tarixçi alimləri, eləcə də Soyqırımı Memorial Kompleksinin əməkdaşları iştirak ediblər. Çıxışçılar Azərbaycan torpaqlarında, həmçinin Şərqi Anadolu və Cənubi Azərbaycanda erməni daşnaklarının həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində dinc müsəlman əhaliyə qarşı törədilən soyqırımı hadisələrindən bəhs etmişlər.

1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 106-cı ildönümü ilə əlaqədar olaraq AMEA Lənkəran Regional Elmi Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” adlı onlayn seminar keçirilmişdir. Vebinarda Regional Elmi Mərkəzinin və Soyqırımı Memorial Kompleksinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər XX əsrin əvvəllərində erməni qəsbkarları tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş soyqırımlar barədə danışaraq qeyd etmişlər ki, bu soyqırımlar bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür. Vebinarda ümumilikdə 30-a yaxın əməkdaş iştirak etmişdir.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba Regional Mərkəzinin dəstəyi ilə “31 mart-unudulmaz tarix” adlı tədbir keçirilib.

Tədbirdə Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxış edərək bildirmişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırıma və deportasiyaya məruz qalmışdır. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Anar Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba Regional Mərkəzinin müdiri Bəhruz Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Naib Səttarov 20-ci əsrin, bəlkə də, ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı olan qətliamı olduğunu vurğulayaraq qeyd etdilər ki, bu soyqırımı susqundur, ona gorə ki, Sovet İttifaqı qurulduqdan sonra bu qanlı tarixin üzərindən dırnaqarası qardaşlıq xətti çəkildi. O dövrün mətbu orqanları bu hadisələrin üzərindən sakitcə keçdilər. SSRİ dağılan kimi yaxın keçmişimizdə mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş qanlı hadisələrin arxivləri açıldı, xalqımıza qanlı tariximiz haqqında məlumatlar verildi. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir.
Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edildi.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Universitetinin “Siyasi və ictimai elmlər” kafedrasının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr Rəxşəndə Bayramova 1918-ci ildə bolşevik-daşnak birləşmələrinin Quba qəzasında həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasəti barəsində danışaraq qeyd etmişdir ki, faciə nəticəsində təkcə Quba qəzasında 16 mindən çox insan qətlə yetirilmişdir. Tarixçi onu da vurğulamışdır ki, Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks olunmuşdur. Daha sonra çıxış edən Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski bildirmişdir ki, hər zaman qonşu dövlətlərlə barış içində yaşamağa çalışan Azərbaycan xalqı tarixən erməni quldur dəstələrinin amansız soyqırımı siyasətinə tuş gəlmişdir. Təkcə 1918-ci ildə deyil, 1905-1907, eləcə də sonrakı illərdə erməni millətçiləri tərəfindən azərbaycanlıların hüquqlarının pozulması, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırım və deportasiya hallarına yol verilmişdir. Daha sonra çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Cavad qəzasında baş vermiş soyqırımların tarixinə nəzər salmışdır. Qeyd olunmuşdur ki, Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil etmişlər. Azərbaycan Universitetinin və Memorial Kompleksin əməkdaşlarının mövzu ilə bağlı çıxışları ilə davam edən elmi seminarın sonunda soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edildi.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Xaçmaz və Quba rayon komitələrinin təşkilatçılığı ilə “31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirilib.

Tədbirdə Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova çıxış edərək ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söylədi. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirdi. Daha sonra çıxış edən MİHİ Quba rayon komitəsinin sədri Məhərrəm Hacıyev və MİHİ Xaçmaz rayon komitəsinin sədri Qərib Umudov 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və soyqırımı nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini vurğuladılar.
Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edildi.

Ağa Məhəmməd oğlu Məmmədov

Quba qəzasının Qusar nahiyəsinin Əvəcuq kəndində 1868-ci ildə anadan olan Ağa Məmmədov dövrünün nüfuzlu şəxslərindən biri idi. Ağa Məmmədov Qubada və Dərbənddə tannımış alimlərdən ali mədrəsədə təhsil alandan sonra Bakıda təhsilini davam etdirmişdi. O, el arasında ədalət tərəfdarı, tərbiyəçi, yol göstərən insan kimi tanınanaraq “əfəndi” adına layıq görülmüşdü.
1918-ci ildə Quba soyqırımı zamanı Qanlı dərədə Ağa Əfəndi Əvəcuq kəndindən 40 nəfərlə bolşevik- daşnaklara qarşı igidliklə vuruşmuşdur. Döyüşlərin birində Ağa əfəndinin dəstəsi qusarlıların müdafiəsini yarmaq istəyən daşnakların qabağına çıxıb süngüləri işə saldılar. Əziz Şabanovun dəstəsi dərhal irəli cumdu. Ermənilər silahlarını atıb geri çəkildilər. Ağa əfəndinin adamları onların silahlarını yığıb səngərə daşıdılar. Onun qətiyyəti və cəsurluğu döyüşçüləri ruhlandırdı və çətin vəziyyətdən qurtardı.
Mənbə; “Qanlı dərə”. M. Məlikməmmədov.

“Murtuza Muxtarovun evi”

Bakının gözəl memarlıq nümunələrindən biri olan “Murtuza Muxtarovun evi” 1911-1912-ci illərdə İ.Ploşkonun layihəsi əsasında inşa edilmişdir. İlkin olaraq İ. Ploşko bu layihəni Şərq üslubunda tərtib etməyi düşünsə də, lakin M. Muxtarov onu qotika üslubunda tikdirməyi qərara almışdır.
Planlaşdırma nöqteyi-nəzərindən ev maraqlı formada işlənmişdir. Binanın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri, memarlıq incisidir.
Peterburqdan olan memarlıq akademiki H. D. Qrimm tərəfindən tərtib olunmuş Bakı üçün mədaxilli evin müsabiqə layihəsi 1900-cü ildə birinci mükafata layiq görülmüşdür.
Təəssüf ki, bolşeviklərin hakimiyyətə gəlişi ilə ev mülk sahiblərinin əlindən alınmış, XI Qırmızı Ordunun qərargahına çevrilmişdir. Bir müddət sonra bina Ə.Bayramov adına Qadınlar Klubu, Şirvanşahlar Muzeyi və nəhayət, nikah sarayı kimi istifadə olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə bina dövlət qeydiyyatına götürülmüş, 2005-ci ildə isə müvafiq sərəncama əsasən, burada təmir-bərpa işləri aparılmışdır.

 

Tarixçilərin qələmindən

1920-ci ilin mart ayında – Novruz bayramı günlərində ermənilər yaxşı düşünülmüş plan əsasında müxtəlif cəbhələrdə – Böyük Vedidə, Naxçıvanda, Ordubadda, Qarabağda və Zəngəzurda genişmiqyaslı hərbi əməliyyatlara başladılar. Qarabağda qiyamçı qüvvələrlə əməliyyatlar aparan Azərbaycan ordusunun diqqətini yayındırmaq üçün Zəngəzura İrəvandan əlavə qüvvələr gətirildi və müsəlman kəndlərinə bir sıra hücumlar edildi.(2, s.239; sənəd 81) Şuşa qəzasına soxulmağa cəhd edən 400 nəfərlik erməni dəstəsi Gerenzurdan hücuma keçərək azərbaycanlılar yaşayan Malxələf kəndini ələ keçirməyə çalışsa da, xeyli itki verərək geri çəkilməyə məcbur oldu.
Tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov
ZƏNGƏZURDA AZƏRBAYCAN XALQINA QARŞI SOYQIRIMI (1918-1920). səh 66

“İmamzadə” məscidi

Qədim Gəncə şəhərinin təxminən 7 kilometr şimalda yerləşən İmamzadə məscidi Azərbaycanın mötəbər və məşhur dini ocaqlarından sayılır. “İmamzadə” məscidi (“Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi də tanınır) Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Bağırın VIII əsrdə dünyasını dəyişmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında inşa olunmuşdur.
Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Türbənin tikintisində qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq olunmuşdur. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçikgünbəzli hücrələr isə daha sonrakı dövrdə, çox güman ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir.
Bu dəyərli məkan imamzadələr üçün səciyyəvi olan cəhətlərə malik olmaqla yanaşı, tarixən türbə kimi inşa olunmuş, ətrafında digər türbələr də müxtəlif dövrlərdə ucaldılmışdır. Bununla yanaşı, Gəncə imamzadəsinin dini əhəmiyyətinin, tarixi mövqeyinin təsiri, əhali arasında əsrlər boyu mövcud olmuş nüfuzunun tədricən daha da yüksəlməsi onun inam-inanc məkanı olaraq mənəvi ocaq, milli dəyərlərin mühafizəçisi kimi rolunun yüksəlməsinə gətirib çıxarmışdır.
Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmışdır. 2010–2016-cı illərdə İmamzadə kompeksində Prezident İlham Əliyevin göstərişi ilə əsaslı şəkildə yenidənqurma və restavrasiya işləri aparılmışdır.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş onlayn tədbir keçirilmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin, Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunun, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşlarının iştirakı ilə keçirilmiş vebinarda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər birdəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Xocalı soyqırımı ilə bağlı film izlənilmişdir. Tədbirdə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova bildirmişdir ki, Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biridir. Erməni cəlladlarının törətdiyi bu kütləvi qırğın nəticəsində günahsız insanlar qətlə yetirilmiş, arxeoloji, tarixi-memarlıq abidələri dağıdılmışdır. Daha sonra Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov Xocalı soyqırımının XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biri, bütün insanlığa qarşı cinayət olduğunu vurğulayaraq bildirmişdir ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.
Tədbir qoruq əməkdaşlarının mövzu ətrafında məruzələri ilə davam etmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Xocalı əsrin faciəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Yeni Azərbaycan Partiyasının Quba Rayon Təşkilatı və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Xocalı – əsrin faciəsi” adlı tədbir keçirilmişdir.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova və YAP Quba rayon təşkilatının, eləcə də Kompleksin əməkdaşları iştirak etmişlər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər birdəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə giriş sözü ilə açan Kompleksin direktoru Dr.Rəxşəndə Bayramova Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımın 32-ci ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda anılacağını bildirib.
Daha sonra çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib.
Tədbir Kompleks əməkdaşlarının mövzu ətrafında hazırladıqları məqalələrlə çıxış etməsi ilə davam edib.