Turkiyənin "Tarihstan Sosyal Bilimlər Araşdırma Mərkəzi"nin internet xəbər portalında Quba şəhərində"Soyqırımı Memorial Kompleksi"nin əməkdaşı Seyid Cabbarovun Quba Soyqırımı Kompleksi- Azərbaycanın "Kədər turizmi məkanı kimi " adlı məqaləsi yayımlanmışdır. Qeyd olunan məqaləni Sizə təqdim edirik.

https://www.tarihistan.org/seyid-abdulla-oglu-cabbarov-quba-soyqirimi-memorial-kompleksi-az-rbaycanin-k-d-r-turizmi-m-kani-kimi/25319/

Tarixdə bu gün. BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. Holokost İkinci Dünya Müharibəsi dövründə (1939-1945) milyonlarla avropalı yəhudinin təkcə milli mənsubiyyətinə görə qətl edilməsi hadisəsidir.

Adolf Hitlerin 1933-cü ildə hakimiyyətə gəlməsi ilə yəhudilərin hüquqlarının məhdudlaşdırılmasına başlanıldı. Yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət, 1938-ci ilin noyabrndan başlayan kütləvi soyqırımlar və yüzlərlə tarixi sinaqoqların, yəhudilərin dükanlarının, evlərinin və digər mülklərinin məhv edilməsi və yandırılması ilə nəticələnmişdir. Bu soyqırımları nəticəsində rəsmi yəhudilərin 400-ü öldürülmüş və 36.000 yəhudi isə xüsusi düşərgələrə köçürülmüşdür.
1945-ci ilin yanvar ayının 27-də Sovet ordusu tərəfindən azad olunan Osventsim-Birkenau (Polşa) ölüm düşərgəsində ölənlərin dəqiq sayının müəyyən edilməsi mümkün olmamışdır. Həmin düşərgədə öldürülənlərlə bağlı sənədlərin çoxu məhv edilmişdir. Lakin Nyurenberq tribunalının sənədlərində bu düşərgədə öldürülmüş 2,8 milyon insanların 90% yəhudilər idilər.
Tarixdə erməni vandalizminə və soyqırımlarına məruz qalmış bir ölkə olaraq Azərbaycan dövləti və xalqı yəhudi xalqına qarşı törədilmiş soyqırımlara görə təəssüflənir və hər il Holokost qurbanlarını yad etmək məqsədilə ölkədə müxtəlif anım tədbirləri keçirilir.

Kompleksin əməkdaşları beynəlxalq elmi jurnalın redaksiya heyətinə üzv oldular.

2021-ci ildən fəaliyyətə başlayan “Bank and policy” iqtisadi-siyasi elmi jurnalı Azərbaycanda işıq üzü gördü. Jurnalı nəşr edən təşkilat İMCRA (International Meetings and Conferences Research Association) şirkətidir. Bir sıra uğurlu naaliyyətlərə imza atan şirkətin “Bank and policy” jurnalını təsis etməkdə məqsədi, Azərbaycanda siyasi və iqtisadi arenada gedən islahatlara və yeniliklərə ciddi elmi dəstək verməkdir. Sözü gedən jurnalın redaksiya heyətinə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru t.ü.f.d. Rəxşəndə Bayramova və elmi işçisi t.ü.f.d.,dos. Sübhan Talıblı da üzv olmuşlar.

Bu gün Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə “20 yanvar- Müstəqilliyə gedən yol” mövzusunda onlayn elmi seminar keçirilmişdir.

Kompleks əməkdaşlarının iştirakı ilə keçirilən seminarda tarixçi, t.ü.f.d, dosent Sübhan Talıblının mövzu ilə əlaqədar məruzəsi dinlənilmişdir. Tarixçi alim məruzəsində 20 Yanvar 1990- cı il tarixində uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığını və müstəqillik yolunda şərəfli bir tarix yazıldığını həmin dövr hadisələrini təhlil etməklə seminar iştirakçılarının nəzərinə çatdırmışdır.

20 Yanvar

20 Yanvar – uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb imperiyaya qarşı öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutmuşlar. Buna baxmayaraq, soyuq qış gecəsində Bakının küçə və meydanlarına doluşan insanların o gecə ürəklərinə yalnız bir hiss hakim kəsilmişdir -Azadlıq, Müstəqillik. İnsanların gülləyə tutulduğu, tankların altında əzildiyi həmin gün tariximizin dönüş nöqtəsi oldu, azadlıq yolunda günəş doğdu. Bir qədər sonra isə tarixi məqam yetişdi və Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu.
 

Tarixdə bu gün: 11 yanvar 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Versal Sülh konfransında de-fakto tanınmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq keşməkeşli fəaliyyətinin uğurlu addımlarından biri də müstəqilliyinin bir çox ölkələr tərəfindən tanıdılması olmuşdur. Əlimərdan Bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına göndərilmiş nümayəndə heyəti dünyaya hürr yaşamaq istəyən, demokratik inkişaf yolunu tutan, dinindən, irqindən və millətindən asılı olmayaraq bütün insanlara hörmət və sayğı ilə yanaşan bir dövlətin – Azərbaycan dövlətinin mövcudluğu barədə məlumat vermişlər.
1920-ci ilin 11 yanvarında Dünya müharibəsinin yekunları ilə bağlı keçirilmiş Versal sülh konfransının Ali Şurasında Böyük Britaniyanın həmin dövrdəki xarici işlər naziri Lord Corc Nataniel Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması barədə qərar qəbul olundu. 15 yanvar 1920 ci il tarixində Paris Sülh konfransının rəsmi qərarı Ə.B.Topçubaşova təqdim edildikdən bir gün öncə yanvarın 14-də Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib Bəy Yusifbəyli vətəndaşlara müraciət edərək tanınma haqqında məlumat vermiş və bu münasibətlə 14 yanvar tarixində Azərbaycan Xalq Cümhuriyyətində qeyri-iş günü elan olunmuşdur.
Yanvarın 14-də Cümhuriyyətin de-fakto tanınması ilə əlaqədar Parlamentdə keçirilmiş təntənəli iclasda istiqlal yolunda həyatlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra isə təbrik nitqləri söylənmişdir. İclasda təbrik çıxışı edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə nitqini bu sözlərlə bitirmişdir:”Azərbaycan xalqı öz istiqlalını dünyaya tanıtdı. Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və təbliği ilə bağlı mühüm işlər görülüb

Yanvarın 7-də Milli Xalça Muzeyinin konfrans zalında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyəti və 2022-ci il üzrə nəzərdə tutulmuş planlarına dair mətbuat konfransı keçirilib.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli mətbuat nümayəndələrini salamlayaraq bildirdi ki, yola saldığımız il ərzində tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsinə nəzarət baxımından bir sıra işlər həyata keçirilib. Bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində görülən işlər davam etdirilib.
Struktur islahatları
Dövlət Xidmətində aparılan struktur islahatları ilə bağlı danışan Azad Cəfərli diqqətə çatdırıb ki, dövlət başçısı tərəfindən 22 oktyabr 2019-cu il tarixində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq, Bakı, Gəncə, Şabran, Salyan və Qəbələ regional idarələri fəaliyyətə başlayıb. Bu idarələrin yaradılması dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, idarəçilikdə səmərəliliyin təmin edilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqi, eləcə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etməkdədir.
Qeyd edildi ki, regional idarələrin kadr potensialı qabaqcıl təcrübə əsasında müsahibələr vasitəsilə formalaşdırılıb. 23 nəfər qazi və şəhid ailələrinin üzvü Dövlət Xidmətinin əməkdaşları sıralarına qoşulub. Hazırda regional idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir. Bundan əlavə, Dövlət Xidmətinin strukturunda Elektron sənəd dövriyyəsi, İnsan resurslarının idarə edilməsi sektorları təsis olunub.
Tarix-mədəniyyət abidələrinin qorunması və bərpası
Azad Cəfərli diqqətə çatdırıb ki, mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri il ərzində davam etdirilib. Hesabat dövründə 110 tarix-mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib. Hazırda daha 155 abidənin pasportu, abidələrin mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.
Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən biri də daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılmasıdır. Şabran rayonunda yerləşən Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilib. Qazax rayonunda Müəllimlər Seminariyasının binasının bərpasına başlanılıb. Daha 10 abidədə bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq addımlar atılıb.
Ötən ilin martında “Çıraqqala–Şabran”, “Qədim Şəmkir şəhəri” və “Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əsasnamələri təsdiq olunub.
Abidələrin mühafizəsi mövzusuna toxunan Dövlət Xidmətinin rəisi bildirib ki, abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılmasının qarşısı alınıb, abidələrin qəsdən korlama və ya məhv edilməsi ilə bağlı aşkara çıxan yeddi halla bağlı hüquq mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub. Ağdaş rayonunda Qarabəy karvansarası, Bərdə rayonunun Lənbəran və Uğurbəyli kəndlərindəki məscidlərdə təsdiq edilmiş layihə olmadan aparılan işləri misal göstərmək olar.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mədəniyyət obyektlərinin monitorinqi, ilkin inventarlaşdırılması və mühafizə tədbirləri barədə söz açan Azad Cəfərli deyib ki, monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Beynəlxalq əməkdaşlıq
Dövlət Xidmətinin rəhbəri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətə toxunaraq diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına tərəf dövlətlərin 14-cü iclasında, Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclasında, eyni zamanda Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 16-cı iclasında iştirak edib. İclaslarda Konvensiyasının implementasiya ilə bağlı məsələlər, əməkdaşlıq istiqamətləri, Konvensiyasının icrası barədə milli hesabatların təqdim olunub və digər məsələlərin müzakirə edilib. Azərbaycan “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının İkinci Protokolu üzrə Komitənin üzvü seçilib. Ölkə ərazisində olan bir sıra abidələrin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün sənədlər hazırlanıb. Beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Səfər çərçivəsində ekspert qrupu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Tərtər, Xocavənd, Kəlbəcər rayonlarında yerləşən erməni vandalizminə məruz qalmış daşınmaz tarix və mədəniyyət abidələrinə baxış keçirib və müvafiq məlumatlar toplanılıb. Həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinosun ölkəmizə səfəri çərçivəsində Füzuli və Ağdam şəhərlərinə səfər təşkil edilib. Qonaq işğalçı Ermənistanın törətdiyi vəhşiliklər, eləcə də tarixi, dini və mədəni abidələrimizin vandalizmə məruz qalması barədə ətraflı məlumatlandırılıb.
Ötən il Dövlət Xidmətinin fəaliyyətində Zəfər Gününün birinci ildönümünə həsr edilmiş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans da yaddaqalan olub. Tədbirdə yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
2022-ci ilin əsas hədəfləri
Azad Cəfərli bildirdi ki, 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi qarşımızda yeni məqsədlər qoyub. Ötən il ərzində Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb. Hazırda “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır.
Bundan əlavə, Şuşa şəhərində abidələrin “Bərpa təlimatı” hazırlanıb. Sənəddə işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyası öz əksini tapıb. Məlum olduğu kimi, ötən il Prezident Administrasiyası rəhbərinin işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində sənədləşdirmə işlərinin təşkili haqqında sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komissiya yaradılıb. Komissiyada təmsil olunan dövlət orqanları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tikinti işləri üçün torpaq sahələrinin istifadəyə, habelə icarəyə verilməsi ilə bağlı zəruri sənədlərin vaxtında rəsmiləşdirilməsi məqsədilə həmin torpaq sahələrinə yerində birgə baxış keçirilib və baxışın nəticəsinə uyğun olaraq müvafiq rəy təqdim olunub. Dövlət Xidmətinin təşəbbüsü ilə arxeoloji abidələrin qorunmasının təmin edilməsi məqsədilə bu layihələrin icrası nəzərdə tutulan ərazilərdə operativ tədqiqat işlərinin aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloqları da cəlb edilib.
Diqqətə çatdırıldı ki, “İşğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “yol xəritəsi” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının Baş planı ilə bağlı müvafiq rəy də hazırlanıb aidiyyəti üzrə göndərilib. Eyni zamanda Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb və müvafiq sənədlər razılaşdırılması məqsədilə hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
O da bildirildi ki, ötən il Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr də hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.
Mətbuat konfransının sonunda Azad Cəfərli KİV nümayəndələrinin suallarını cavablandırıb. Bakı şəhəri və regionlarda restavrasiyaya ehtiyac duyulan tarix-memarlıq nümunələri və əhalinin abidələrə qarşı münasibəti müzakirə edilib. Dövlət Xidmətinin rəisi qeyd edib ki, yeni ildə də tarixi-mədəni mirasın bərpası, qorunması və təbliği diqqət mərkəzində olacaq, bu istiqamətdə müxtəlif layihələr həyata keçiriləcək.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə "Çıraqqala-Şabran" Dövlət Tarix Mədəniyyət Qoruğu və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin əməkdaşlarının birgə iştirakı ilə ilk olaraq tanışlıq görüşü və daha sonra təcrübə mübadiləsi məqsədilə seminar təşkil edilmişdir.

Əməkdaşlıq mübadiləsi çərçivəsində həyata keçirilən tədbirdən öncə qonaqlar Soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, daha sonra Kompleksin muzeyi ilə yaxından tanış olmuşlar.
Seminarda hər iki qoruqda işin günün tələbləri səviyyəsində həyata keçirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Ümumilikdə, keçirilmiş görüşlərdə hər iki qoruq arasında elmi, fond və ekspozisiya sahəsində görüləcək işlər, internet platformasında birgə fəaliyyətin istiqamətləri təhlil edilmiş, gələcəkdə daha sıx əməkdaşlıq edilməsi məqsədilə prioritet istiqamətlər müəyyənləşdirilmişdir.
Müzakirələrin sonunda “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğunun əməkdaşlarına 1918-ci ildə Azərbaycan torpaqlarında baş vermiş soyqırımları əks etdirən tanıtım xarakterli kitab və bukletlər təqdim edilmişdir.

Quba Soyqırımı Memorial Kompleksi bu il 20 mindən çox ziyarətçi qəbul edib

Quba Soyqırımı Memorial Kompleksi 2021–ci ildə 20 mindən çox ziyarətçi qəbul edib. Ziyarətçilər arasında dünyanın bir çox ölkələrinin vətəndaşları yer alıb.

Kompleks Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən xüsusi karantin rejiminin qaydalarına uyğun fəaliyyətini davam etdirir.

Sosial şəbəkələrdə Quba Soyqırımı Memorial Kompleksinə aid səhifə və profillərdə mütəmadi olaraq təbliğat xarakterli layihələr həyata keçirilir. Kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) ziyarətçilərə, həmçinin izləyicilərə canlı bağlantılar qurularaq onlayn məlumatlar verilir.

İl ərzində Kompleksin əməkdaşları bir sıra uğurlar əldə edib. Ukraynada nəşr olunan “Humanitar elmlərin aktual məsələləri” adlı elmi jurnalda kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanın “Quba qəzasında soyqırımının törədilməsi və onun nəticələri” adlı elmi məqaləsi nəşr olunub. Bundan başqa kompleksin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının yerli və xarici mətbuat orqanlarında 15 dən çox, Abutalib Turabovun isə “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” adlı elmi məqalələri dərc edilib.

Milli-mənəvi dəyərlərin təbliğində fərqləndiyinə görə Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Abutalib Turabov “Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində keçirilən “İlin aktiv gənci” nominasiyasında diplom, Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə və gənclər arasında partiyanın təbliği, sosial şəbəkələrdə aktiv iştirakı, partiya işindəki səmərəli fəaliyyətinə görə isə fəxri fərmanla təltif olunub.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar kompleksin əməkdaşlarının Gəncə şəhərinə səfər təşkil olunub. Səfər çərçivəsində Nizami Gəncəvi Məqbərəsi ziyarət edilib.

“Nizami Gəncəvi İli ”çərçivəsində il boyu onlayn elmi-praktik konfranslar təşkil edilib.. Konfranslarda əməkdaşlar Mehriban Əliyeva, Lətafət Beybutova, Sübhan Talıblı, Aygün Ağamirzəyeva, Ülkər Zeynalova, Səriyyə Abidova, Nazilə Məmmədova, Orxan Hüseynov, Seyid Cabbarov və Emin Ulubəyov Nizami Gəncəvi haqqında müxtəlif məzmunlu məqalələri ilə çıxışlar ediblər.