Xocali Faciəsinin 28-ci il dönümü ilə əlaqədar “Tarixin qanlı salnaməsi”adlı tədbir Xaçmaz şəhər 8№ li tam orta məktəbində keçirildi.

Xocali Faciəsinin 28-ci il dönümü və  “31 Mart Azərbaycanlıların  Soyqırımı” adlı layihəyə əsasən anım tədbiri Xaçmaz şəhər 8 № li tam orta  məktəbində həyata keçirilmişdir. “Tarixin qanlı salnaməsi”  mövzusunda təşkil olunan tədbirdə məktəbin rəhbərliyi,  həmçinin müəllim və şagird  kollektivi iştirak etmişdir.  Tədbirdə  ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan söhbət açılmışdır. Sonda təhsil müəssisəsinin rəhbərliyinə soyqırımı hadisələrini  özündə  əks  etdirən  kitablar hədiyyə olunmuşdur.

Xaçmaz şəhər 7№ li tam orta məktəbində “Tarixini Unutma!”adlı tədbir təşkil olundu.

 

 

Soyqırımı Memorial Kompleksinin rəhbərliyinin təşəbbüsü ilə ümumtəhsil müəssisələrində həyata keçirilməsi nəzərədə tutulan “31 Mart Azərbaycanlıların  Soyqırımı” (2018-2023-cü illər ) adlı layihəyə əsasən silsilə tədbirlərin davamı olaraq növbəti tədbir Xaçmaz şəhər 7 № li tam orta  məktəbində təşkil olunmuşdur. “Tarixini Unutma!”  mövzusunda keçirilən tədbirdə məktəbin rəhbərliyi,  həmçinin  100 nəfərə yaxın  şagird iştirak etmişdir. Tədbirdə XX əsr ərzində Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən, eləcə də Kompleksin fəaliyyəti barədə  geniş məzmunlu məlumatlar verilmişdir. Daha sonra məktəbin fəal şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş və  Kompleks əməkdaşları tərəfindən iştirakçılar üçün Quba Soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuşdur.

 

 

 

“Tarixin qanlı izləri” adlı tədbir Xaçmaz şəhər 1№ li tam orta məktəbində keçirildi.

Ümumtəhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan “31 Mart Azərbaycanlıların  Soyqırımı” (2018-2023) layihəsi çərçivəsində  24.02.2020-ci il tarixində  Xaçmaz  şəhər 1№ li tam orta  məktəbinin  rəhbərliyinin,  həmçinin   müəllim və şagird  kollektivinin  iştirakı  ilə “Tarixin qanlı izləri”  adlı  tədbir təşkil edilmişdir. Tədbirdə  RİH-nin baş məsləhətçisi Yaqut Məsimova, Soyqırımı Memorial Kompleksinin  Elmi şöbəsinin  müdiri   Lətafət  Beybutova  və mütəxəssislər Orxan Hüseynov,  Ülkər Zeynalova çıxışlarında  təşkil olunan  layihənin  əhəmiyyətindən danışaraq, Azərbaycan soyqırımları haqqında ictimaiyyətin, xüsusən gənclərin maarifləndirilməsinin vacibliyindən,  gənclərimizin  beynəlxalq  tədbirlərdə  erməni  yalanına cavab olaraq gerçək tarixi faktları  açıqlamaq  üçün  məlumatlı,  bilikli  olmaları, ən vacibi isə onlar arasında tarixi  keçmişimizə hörmət hisslərini aşılayıb, faciələrimizin unudulmamasının vacibliyini  vurğuladılar. Tədbirin sonunda məktəbin rəhbərliyinə soyqırım hadisələrini özündə əks etdirən kitablar təqdim olunmuşdur.

”Erməni vəhşilikləri tarixdən silinməz” adlı tədbir Xaçmaz şəhər 4№ li tam orta məktəbində reallaşdı.

Quba şəhərində “Soyqırımı  Memorial  Kompleksi”nin    təşəbbüsü, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzi və Xaçmaz  rayon İcra Hakimiyyətinin  dəstəyi  ilə ”Erməni  vəhşilikləri tarixdən silinməz” (1992-Xocalı faciəsi, 1918-Mart soyqırımı) adlı tədbir  Xaçmaz  şəhər 4№ li tam  orta  məktəbində  təşkil edilmişdir.  Tədbirdə RİH-nin baş məsləhətçisi Yaqut Məsimova, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzininrəhbəri  Bəhruz Əfəndiyev, Soyqırımı Memorial Kompleksinin  Elmi şöbəsinin  müdiri   Lətafət  Beybutova  və mütəxəssislər Seyid Cabbarov, İslam Aslanov, Aygün Ağamirzəyeva  mövzu ilə bağlı, həçinin  Kompleksin fəaliyyəti barədə  geniş məzmunlu çıxışlar etmişlər.  Sonda təhsil müəssiəsinə   soyqırım  hadisələrini  özündə  əks  etdirən  kitab  və bukletlər hədiyyə olunmuşdur.

Kompleks rəhbərliyinin təşəbbüsü ilə 5 il ərzində (2018-2022) həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı ” layihəsi Xaçmaz şəhərinin təhsil müəssisələrində keçirilməsinə start verildi.

Quba şəhərində “Soyqırımı  Memorial  Kompleksi”nin    təşəbbüsü, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzi və Xaçmaz  rayon İcra Hakimiyyətinin  dəstəyi  ilə “Xocalı” faciəsinin 28-ci ildönümü və 2018-ci ildə Kompleksdə qəbul edilmiş, 5 il ərzində  (2018-2022) həyata keçiriləcək “31 Mart Azərbaycanlıların soyqırımı ”layihəsi  çərçivəsində maarifləndirici  tədbir təşkil edilmişdir.  Layihə çərçivəsində ilk tədbir  21. 02. 2020-ci  il  tarixində Xaçmaz  şəhər 2 N-li tam  orta  məktəbində  RİH-nin əməkdaşları, həmin məktəbin  rəhbərliyi  eləcə də müəllim və şagird kollektivinin iştirakı ilə həyata  keçirilmişdir. Tədbirdə  RİH-nin baş məsləhətçisi Yaqut Məsimova, Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) Quba Regional Mərkəzinin rəhbəri  Bəhruz Əfəndiyev, Soyqırımı Memorial Kompleksinin  Elmi şöbəsinin  müdiri   Lətafət  Beybutova  və mütəxəssislər Seyid Cabbarov, İslam Aslanov, Aygün Ağamirzəyeva  “Tarixinə  sahib  çıxan xalq məğlubedilməzdir” mövzusunda eləcə də Kompleksin fəaliyyəti barədə  geniş məzmunlu çıxışlar etmişlər.    Sonda “Quba soyqırımı” sənədli filmi  nümayiş edilmiş və təhsil müəssiəsinə   soyqırım  hadisələrini  özündə  əks  etdirən  kitab  və bukletlər hədiyyə olunmuşdur.

Xocalı-Tarixin qan yaddaşı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “E-Media Group”-un və Quba Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə Kompleksin muzeyində “Xocalı-tarixin qan yaddaşı” adlı tədbir keçirilmişdir.Tədbirdə ilk öncə Xocalı faciəsinin qurbanları 1 dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra, çıxış edən  natiqlər bu kimi tədbirlərin keçirilməsinin  erməni vandallarının törətdikləri insanlıqdan uzaq əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol olduğunu vurğulamışlar. Sonda  Azərbaycan rəssamlarının Xocalı faciəsini özündə əks etdirən  əsərlərindən ibarət rəsm sərgisi tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnsititutu və Soyqırımı Memorial Kompleksinin uğurlu əməkdaşlığı

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin Elmi araşdırmalar, ekspozisiyası və fond şöbəsinin müdiri Lətafət Beybutova staj artırmaq məqsədi ilə 2020-ci il fevral ayının ilk on günlüyündə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnsititutuna ezam olunmuşdur. L. Ə. Beybutova bu müddət ərzində Institutun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi”, “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbələri ilə sıx əlaqə yaratmış və şöbələrin elmi-tədqiqat planları ilə yaxından tanış olmuşdur. O şöbələrdə keçirilən elmi əsərlərin müzakirələrində iştirak edərək, şöbə əməkdaşları ilə işgüzar fikir mübadiləsi aparmışdır. Stajartırma müddətində L.Ə. Beybutova İnstitutda keçirilən bir sıra tədbirlərdə iştirak etmiş, İnsititutun elmi arxivində və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondlarında işləmiş və müvafiq ədəbiyyatla tanış olmuşdur. L. Ə. Beybutovanın stajkeçmə kursu Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov tərəfindən rəsmi məktubla məqbul hesab edilmişdir.

Təbrik edirik.

 

CÜMƏ MƏSCİDİ

Quba şəhərinin zəngin, milli-memarlıq ornametlərinə malik, ən qədim məscidlərdən biri 1802-ci ildə Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilmiş “Cümə” məscididir. “Cümə” məscidi ibadət yeri olması ilə yanaşı şəhərin ictimai həyatında da mühüm rola malik olan Azərbaycanın ən qədim dini mərkəzlərindən biri olmuşdur. Cümə məscidi şəhərinin mərkəzində, bazar ərazisinin ətrafında Quba meydanında yerləşirdi.
1918-ci ilin may ayının 1-də Hamazaspın başçılığı altında 3 minlik ordu üç tərəfdən Qubaya daxil olaraq şəhəri toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur.
Hamazasp Qubaya gəlişinin dördüncü günü Cümə məscidinin qarşısında yerli sakinlərlə görüşmüş və bildirmişdir ki, o bura bolşevik hökuməti qurmağa deyil, Qara dənizdən Şahdağadək Böyük Ermənistan yaratmağa gəlmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib istifadəyə verilən Soyqırımı Memorial Kompleksi

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Fondun prezidenti Azərbaycan Respublikasının birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə bir çox əhəmiyyətli layihələr həyata keçirilmişdir. Bu layihələrdən biri də Qubada tikilib istifadəyə verilmiş Soyqırımı Memorial Kompleksidir.
30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” nin yaradılması haqqında sərəncam imzalamişdır. Heydər Əliyev fondunun təşəbbüsü ilə tikilən kompleks 2013-cü il sentyabrın 18-də istifadəyə verilmişdir. Açılış zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da Kompleksdə iştirak etmişlər.

İsrailin Azərbaycana təyin edilmiş yeni səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir.

İsrailin Azərbaycana təyin edilmiş yeni səfiri  cənab Corc Dik Qubaya səfəri çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini də ziyarət etmişdir. Cənab səfirə erməni-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri haqqında ətraflı məlumat verilmişdir. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Məlumatlardan təsirləndiyini bildirən cənab Corc Dik Kompleksin “Xatirə Kitabı”na öz təəssüratlarını yazaraq İsrail xalqı adından Azərbaycan xalqının başına gətirilən bu ağrılara görə təsirləndiklərini və bu kimi faciəvi hadisələrin bir daha təkrarlanmayacağına ümid etdiklərini vurğulamışdır.