18 aprel "Beynəlxalq Abidələr və Tarixi yerlər günü"dür. Bu münasibətlə tarixi yerlərin və abidələrin qorunmasında, tanıdılmasında , təbliğində zəhmət çəkən bütün dostlarımızı təbrik edirik.

Əsrlərdən bizə yadigar qalan mədəni irsimizin nümunələri sayılan abidələrimizin və tarixi yerlərin hər birinə sahib çıxaq və qoruyaq.
Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.Bu il isə mövcud koronovirus pandemiyasının qarşısının alınması ilə əlaqədar qəbul edilmiş müvafiq qərar və əmrlərə əsasən qeyd olunan tədbirlərin keçirilməsi saxlanılmış, tarixi abidə və yerlərin təbliğinin internet şəbəkələrində aparılması nəzərə alınmışdır Bu təbliğata Soyqırımı Memorial Kompleksi də qoşulmuşdur.
Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur.
Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Tariximizi öyrənək-öyrədək! Dəyərli izləyicilərimiz! Soyqırımı Memorial Kompleksində inşa edilmiş muzeyin görünüşü, alma bağı və simvolik məzarlıq haqqında qısa məlumatı Sizlərə təqdim edirik.

Yeni tərzə inşa edilən sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırımı zamanı və bu hadisələrdən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat toplanılmışdır. Yaşanmış faciənin miqyası, ağırlığı və acılığını göstərmək üçün memar Vahid Kasımoğlu soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq heç bir dekorasiyadan və bəzəkdən istifadə etməmiş və burada matəm sükutunu təcəssüm etməyə çalışmışdır. Muzeyin görünüşü sanki yerə saplanmış 2 qılınc formasındadır. Bu qılıncların yerin altından üzə çıxması tarixi gizlətməyin mümkünsüzlüyünü, iti uclu olması isə ürəkləri parçalayan şiddəti bildirir.
Kompleksin bağında qədimdən bəri Qubanın rəmzi və həyat simvolu sayılan alma ağacları əkilmişdir. “Yeni həyatın başlanğıcı” və “həyat davam edir” mənasını verən alma bağında 3 yaş qrupu üzrə (kiçik, orta, yaşlı ) 40 simvolik mərmər daş yerləşdirilmişdir. Həmin simvolik qəbr daşları 1918-ci il faciə qurbanları olan qadın, gənc, uşaq və qocaların xatirəsinə hörmət əlaməti olaraq yaradılmışdır.

Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev məruzələrlə çıxış ediblər.

Konfransda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd olunması, ölkəmizdə tarix-mədəniyyət abidələrinə dövlət qayğısı və bu sahədə idarəçilik məsələlərindən danışılıb.

Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti həftə davam edəcək seminarlarmızda iştirakınızı səbirsizliklə gözləyirik.

Tariximizi öyrənək-öyrədək!

Əziz izləyicilər! Muzeyin ekspozisiyalarından birində yer alan “Quba qəzası” nın milli tərkibi haqqında qısa məlumatları Sizlərə təqdim edirik.
Quba qəzasına hazirda rayon statusunda olan Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən rayonları daxil idi. Qəzanın mərkəzi Quba şəhəri idi. Həmin ərazi bölgüsü Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Az. SSR -də 1929-cu ilədək mövcud olmuşdur.
1916-cı il “Tifliskiye Vedomosti” adlı statistik məlumatlarda Quba qəzasının milli tərkibi belə göstərilmişdir: Qəzanın ümumi 198. 204 nəfər əhalisinin 64,15 %-ni azərbaycanlılar və tatlar, 24.72%-ni ləzgilər, qrızlar, buduqlar, ceklər, avarlar və s., 7, 58%-ni, yəhudilər, 2,71%-ni ruslar, 0,78% digərləri təşkil edirdi.
Bölmədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərtib edilmiş Quba qəzasının xəritəsidə nümayiş olunur. Məlumat bölməsi təşkil edilərkən həmin xəritədə 1918-ci ildə soyqırımlarına məruz qalmış kəndlər xüsusi qırmızı nişanlarla işarələnmişdir. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur. Quba şəhəri və ətraf kəndlərində-38, Qusarda-27, Xaçmazda-65, Şabranda-21, Siyəzəndə-16 yaşayış məntəqəsi dağıdılmışdır.
Tarixinə sahib çıxan xalq məğlubedilməzdir!

#evimyeniişyerim# Əziz dostlar! Dünyanın hər hansı bir yerində baş verməsindən aslı olmayaraq soyqırımları insanlığa-bəşəriyyətə qarşı çevrilmiş cinayətlərdir.

 Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 1 ilə yaxındır ki, müxtəlif ölkələrdə mövcud olan soyqırımı kompleks və muzeyləri ilə əməkdaşlıq etmək istiqamətində səmərəli fəaliyyət göstərir və bu muzeylərin fəaliyyətləri tərəfimizdən araşdırılır. “Evim -yeni iş yerim” layihəsi çərçivəsində hər həftənin çərşənbə günləri qeyd olunan soyqırımı kompleks və muzeyləri barədə qısa məlumatları Sizlərə təqdim etməyi planlaşdırırıq.
Bizi izləməyi unutmayın!

Azərbaycanın multikultural mühiti-BUDUQLULAR Şahdağ etnik qrupuna aid edilən etnoslardan biri də buduqlulardır. Onların əsas yaşayış məskəni-Buduq kəndi Quba rayonunda yerləşir.

Buduqluların Azərbaycanın etnik tarixində özünəməxsus izi və yeri vardır. Buduqlular erkən orta əsrlərdə Sasani basqınlarından qorunmaq üçün Qafqaz Albaniyasının çətin keçilən dağlıq ərazilərində məskunlaşmışlar. Bunu həm etnoqrafik materiallar, həm də qədim mənbələrdə verilən toponimik məlumatlar təsdiq edir. Tarixi-etnoqrafik məlumatlar buduqluların kök etibarilə qədim alban tayfalarının varislərindən biri olduqlarını, əcdadlarının Bed mahalından gəldiyini və qədim ərazilərinin adını yaddaşlarında qoruyaraq yeni yaşayış məskəninə verdiklərini söyləməyə əsas verir.
Buduq kəndinin ərazisi ilə bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın verdiyi fərman hesab olunur. Həmin fərmana görə, şah Buduq mahalının idarə olunmasını Məlik Davuda tapşırmışdı. XVIII əsrə aid mənbələrdə, o cümlədən Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində Buduğun Quba xanlığının tərkibində bir mahal olduğu qeyd olunur. XVIII əsr və XIX əsrin əvvəllərində Quba xanlarından Hüseynəli xanın, Fətəli xanın və Şeyxəli xanın fərmanlarında Buduq mahalının adı çəkilirdi. Qeyd etmək lazımdır ki, Buduq əsilzadələrinə bəylik rütbəsini də məhz Quba xanları vermişlər. XVIII əsrdən XIX əsrin 30-cu illərinədək Buduq Quba əyalətinin on mahalından biri sayılırdı. Buduq kəndinin memarlıq və qəbir abidələrində Alban mədəniyyəti üçün səciyyəvi olan astral inamlar və təbiət qüvvələri ilə bağlı motivlər bu günədək qorunub saxlanılır. Bu qəbir daşlarından da görünür ki, bu ərazidə islam dininin yayılmasından sonra daş stelalarda islam ənənələri ilə yanaşı, bədii Alban incəsənətinə və inanclarına aid olan bir sıra elementlər də qorunmuşdur.
Buduqluların etnik tarixi, etnoqrafiyası, məişət ənənələri, qədim dini-mifik dünyagörüşləri bütövlükdə Azərbaycan mənəvi mirasının zəngin ənənələrinin yadigarıdır. Bu ənənələr Azərbaycan xalqının keçmişi ilə bu günü arasında körpü yaradaraq Azərbaycan mədəniyyətinin, tarixinin varisliyinin dərin köklərini bir daha təsdiq edir.

Tariximizi öyrənək- öyrədək!

1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olmuşdur. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy “Müsavat” fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən biri idi. Bu zaman onun 41 yaşı vardı.
1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə təhvil verdikdən sonra bolşeviklər heç bir şərtə əməl etməmiş və yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlamışdır. Cümhuriyyətlə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla ölkəni tərk edir, ya da müxtəlif yollarla bolşevik-daşnaklar tərəfindən məhv edilirdilər. Suiqəsd və gülllələnmələr adi həyat tərzinə çevrilmişdir. Dövrün ziyalılarının bir çoxu Nargin adasında “xalq düşməni” damğası ilə güllələnmişlər. Tarixin şərəfli səhifələrinə adını yazdıran bu fədailərdən biri də 1920-ci ildə “xalq düşməni” kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almış Murtuza Axundzadə idi.

Azərbaycanın multikultural mühiti- QRIZLAR

Azərbaycanda yaşayan və Şahdağ qrupuna aid edilən etnoslardan olan qrızlılar kök etibarilə qədim alban tayfalarının varislərindəndirlər. Qubanın Qrız kəndi onların qədim və baş kəndi sayılır. Qrız toponimi də ilk dəfə X əsrə aid mənbədə qeyd edilir.
Qrızlılar əcdadlarının qədim Hərna şəhərindən olduğunu söyləyirlər. Qrızlıların Azərbaycanın qədim yerli tayfalarından biri olduğunu antropoloji materiallar da təsdiq edir. Tədqiqatlar qrızlıların Qafqaz antropoloji tipinə məxsus olub, Azərbaycanın ən qədim sakinlərindən olduğunu müəyyən etmişdir. Qrız kəndi xanlıqlar dövründə Quba xanlığının müvəqqəti iqamətgahı olmuşdur. Abbasqulu ağa Bakıxanov vaxtilə Qrız kəndi haqqında bunları yazmışdır: “1810-cu ildə il yarımdan artıq Təbəsəranda qalmış Şeyx Əli xan əcdadı Səfəvilərin dövründən Şeyx Cüneyd türbəsinin mütəvəllisi olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhriki ilə gəlib Quba əhalisinin çoxunu özünə müttəfiq etdi, ölkəni almaq və qalanı mühasirə etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə köçürüb, yeni bir şəhər salmışdı”. XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycanı istila etdiyi dövrdə Azərbaycanın bir çox bölgələrində olduğu kimi Qrız mahalında da rus istilasına qarşı üsyan qalxmışdı.
Qrızlılar hazırda Quba rayonunun Çek, Əlik, Hapıt, həmçinin Qrız-Dəhnə kəndlərində məskunlaşıblar..
Bu kəndlərdə sənətkarlıq sahələri, xüsusilə də toxuculuq, yun və gön-dəri emalı kimi sahələr geniş inkişaf etmişdir.
Qrız kəndlilərinin başlıca təsərrüfat sahəsi qoyunçuluqdur. Onlar hər il oktyabr-noyabr aylarında mal-qara sürülərini götürərək ailələri ilə birgə Azərbaycanın aran ərazilərinə, qışlaqlara köç edirlər. Qış aylarında bu kəndlər də, demək olar ki, boşalır. Yalnız köç etməyən ailələr – cəmi 30-40 evlik əhali qalır.
Qrızların öz dilləri və mədniyyətləri vardır.

Tariximizi öyrənək-öyrədək! Azərbaycanın multikultural mühiti- AVARLAR. Azərbaycanın rəngarəng etnik xəritəsində özünəməxsus yer tutan, özlərini əsasən «maarulal» adlandıran avarlar bu torpaqlara indiki Dağıstan Respublikasının ərazisindən köç etmişlər.

Hazırda avarların böyük bir hissəsi Dağıstanın cənub-qərb hissəsində yaşayır. Azərbaycanda isə avarlar şimal-qərb bölgələrində – Balakən rayonunun Mahamalar, Matsex, Bərətbinə, Katex, Çədərovtala, Qasbinə, Qəbizdərə, Qoçəhməd, Qabaqçöl, Xırxatala, Beretbinə, Mazımqara, Sarıbulaq, Uzuntala, Mollaçıbinə, Pirdax, Meşə Şambul, Cincarta- la, Hotavar Kilsəbuqov, Zaqatala rayonunun Car, Axaxdərə, Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Yolayrıc, Danaçı, Taxtalar, Çökəkoba, Aşağı Çar- daxlar, Yuxarı Çardaxlar, Silban, Makov, Oytala, Paşan, Matsex, Zilbal Qəbiz- dərə, Mazıx, Uzuntala, Yolayrıc kimi kəndlərində məskunlaşmışlar.
Avarların etnik adı – maarulal sözü «dağ xalqı», «dağlılar» və «dağ adamı» kimi izah edilir. «Avar» kəlməsi isə qədim türk mənşəli olmaqla «çılğın, dik- baş, döyüşkən, cəsarətli» anlamlarını verir. Görünür, tarixin bütün mərhələlə- rində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də məhz bu xüsusiyyətləri ilə bağlı idi. Bu xarakterik keyfiyyət onların etno- nimində də öz əksini tapmışdır. Qafqaza sürgün edilən rus yazıçısı Aleksandr Bestujev-Marlinski də avarları Qafqazın ən döyüşkən tayfası, azad, öz üzərin- də heç bir hakimiyyəti qəbul etməyən, cəsur, sözlərində düz, qonaqpərvər xalq kimi təsvir etmişdir.
XIX əsr Azərbaycan maarifçilərindən olan Abbasqulu ağa Bakıxanov da yazırdı ki, qüdrətli avar xalqının bir tayfası indi də Qafqaz dağlarında yaşayır və öz dilinə, adət-ənənəsinə, hökmdarına malikdir.
Bu gün Azərbaycanda digər xalqlar kimi avarların da öz milli özünəməx- adət ənənələrini qorumaq və inkişaf etdirmək üçün əlverişli şərait yaradılmışdır. Avarların sıx yaşadıqları qəsəbə və kənd məktəblərində avar dili tədris olunur. Avar ənənələrinin qorunub-saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün folklor kollektivləri, o cümlədən Balakəndə oğlanlardan ibarət «Qafqaz», «Cahan» rəqs qrupları, Zaqatalada isə «Alazan», «Hudulki» xalq rəqs qrupları fəaliyyət göstərir