1918-ci il erməni-bolşevik birləşmələri tərəfindən soyqırımı həqiqətlərini araşdırmaq məqsədilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının toplamış olduğu bir sıra sənəd və materialların əksəriyyətini şahid ifadələri təşkil edirdi:

Dindirmə protokolu 1918-ci il, 9 oktyabr Bakı şəhəri

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Polkovnik Vladimir Konstantinoviç Olonqren, 54 yaşım var, Bakıda, Aşurbəyov qardaşlarının Kamenistaya və Qoqol küçələrinin tinindəki 205-32 №-li evində yaşayıram. Bu ilin mart ayının 19-da, bazar ertəsi səhər saat 5-ə yaxın Aşurbəyovların evinə zabit formasında iki erməninin başçılıq etdiyi 20-25 nəfər silahlı erməni əsgəri daxil oldu. Bu dəstə üçüncü mərtəbədən başlayaraq evin bütün mənzillərini bir-bir gəzməyə başladı. Əli bəy Aşurbəyovun mənzilinə girərək və orada Berdan tipli tüfəngin patronlarının olduğu yeşiyi taparaq, ermənilər, heç nəyi salamat qoymadan, bütün mənzili dağıtmağa başladılar: mebeli, güzgüləri, çilçıraqları, saatları və digər əşyaları qundaqlarla sındırdılar və qiymətli əşyaları talan etdilər. Zabitlərdən ortaboylu birisi Əli bəyin xəz kürkünü geyindi və onun üstündən bir neçə əsgərin köməkliyi ilə öz forma şinelini geyə bildi və çıxıb getdi. Bu zabiti, eləcə də onun ucaboylu və həddən artıq arıq yoldaşını görsəm, tanıya bilərəm. Əli bəy Aşurbəyovun bütün ev avadanlıqlarından yalnız onun xalçalarını xilas etmək mümkün oldu. Sonradan bu evə dəfələrlə dəstədəstə ermənilər soxulurdu və hər dəfə mən onları dilə tutmalı olurdum ki, mənzillərə girməsinlər. Əli bəyin mənzilinin talan edilməsində iştirak edən ucaboylu zabit bütün evə baxdığı və burada müsəlmanları tapmadığı barədə mənə kağız verdi. Bu kağızı evə gələn erməni dəstələrinə göstərməli olurdum və onlar mənzillərə girmədən evdən uzaqlaşırdılar. Oxundu. İmza. Polkovnik Olonqren. Fövqəladə Təhqiqat komissiyasının üzvləri: Andlı iclasçı Məmməd Xan Təkinski, Prokuror köməkçisi А.Kluge (imzalar) AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 14. Solmaz Rüstəmova-Tohidi –  Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə səh.250 https://soyqirim.az/books

“Qədim Şabran: Orta əsrlərin şəhər mədəniyyəti arxeoloji tapıntılar kontekstində”

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi, arxeoloq Laçın Mustafayevin “Qədim Şabran: Orta əsrlərin şəhər mədəniyyəti arxeoloji tapıntılar kontekstində” adlı ustad dərsi təşkil olunmuşdur.
İlk olaraq torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Dr.Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq 1918-ci il hadisələri, Kompleksin fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva muzeylər arasında sıx əməkdaşlığın əhəmiyyətli rol oynadığını bildirmiş, ölkə başçısı İlham Əliyevin 22 oktyabr 2019-cu il sərəncamı ilə “Çıraqqala” və “Şabran” qoruqları birləşdirilərək “Çıraqqala-Şabran” dövlət tarix-mədəniyyət qoruğu yaradıldığını qeyd etmişdir. Şabran şəhərinin qalıqları arasından aşkar edilmiş maddi-mədəniyyət nümunələri, dəmir və dulusçuluq məhsullarından ibarət sərgiyə istinad edən arxeoloq Laçın Mustafayev Alban mədəniyyəti, şəhərsalma mədəniyyəti haqqında ətraflı çıxış edərək bildirmişdir ki, “Çıraqqala-Şabran” qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan üçü dünya əhəmiyyətlidir. Natiq vurğulamışdır ki, hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində də öz təsdiqini tapır. Daş dövründən bu günə kimi bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindən biri sayılmaqla, öz əhəmiyyətini nəinki qoruyub saxlayıb, hətta bəşər mədəniyyəti inciləri sırasına qəbul edilib. Aparılan arxeoloji tədqiqatlar təsdiqləyib ki, dulusçuluq neolit dövrünün yadigarıdır. Təşkil olunmuş ustad dərsində 50-yə yaxın regionun tarixlə əlaqəli müəssisələrinin əməkdaşı, tələbə və gənclər, mədəniyyət işçiləri iştirak edib.
Qeyd edək ki, avqust ayının 1-dən etibarən Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin muzey hissəsində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid sərgi nümayiş olunmaqdadır.

"Mir Yaqub Mehdiyev"

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından olan Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olmuşdur. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirmişdir.
Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən Mir Yaqub Mehdiyev sonralar İttihad Partiyasının təşkilatçısı olmuş, partiyanın birinci və ikinci qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdi. O, İttihad Partiyasını təmsil etməklə yanaşı Zaqafqaziya Seyminin üzvüdə seçilmiş və Zaqafqaziya Seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış etmişdi.
1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuş, Milli Şuranın 1918-ci il noyabrın 19-da verdiyi “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmiş və məclis üzvü kimi fəaliyyətə başlamışdır. Parlamentdə “İttihad” fraksiyasının üzvü olmuşdur. Mir Yaqub Mehdiyev Paris Sülh Konfransında (1919–1920) iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində yer almışdır. Eyni zamanda, Azərbaycanın müstəqilliyinin 1920-ci ilin yanvarın 11-də de-fakto tanınmasında da Mir Yaqub bəyin xidmətləri olmuşdur. Seym üzvü olarkən 1918-ci il mart hadisələrindən sonra ilk dəfə “Biz Rusiyadan ayrılıb müstəqil olmalıyıq “şüarını da ilk dəfə Mir Yaqub bəy səsləndirmişdi.
Mehdiyev 7 noyabr 1949-cu ildə Türkiyənin İstanbul şəhərində vəfat etmişdir. O, Feriköy məzarlığında dəfn edilmişdir.

Bu Gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ulu Öndər həmin fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

"Əbdüləli Şirəli bəy oğlu Əmircanov"

1918-ci ilin martında Bakıda Türk-müsəlmanlara qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmiş Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində təhsilini başa vuran Əbdüləli Əmircanov 1888-ci ildə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.
O, XX əsrin əvvəllərindən müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmişdir.
1917-ci ildə Fevral inqilabından sonra Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olan Əmircanov 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökumət kabinəsində maliyyə naziri, daha sonra dövlət nəzarətçisi olmuşdur. Həmin ilin 19 noyabrda Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”na əsasən, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir .
1920-ci ilin aprel işğalından sonra mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. O, 1948-ci ildə vəfat etmişdi.

Hörmətli izləyicilər! Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə əməkdaşlığı çərçivəsində 01.08.2024-cü il tarixindən etibarən Kompleksdə “Qədim Şabranın yaşayış mədəniyyəti” adlı sərgi təşkil ediləcək.

Sərgidə “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid, Şabran çay ətrafında yerləşən qədim Şabran şəhərinin qalıqları arasından aşkar edilmiş onlarla maddi-mədəniyyət nümunələri, dəmir və dulusçuluq məhsulları və s. nümayiş olunacaq. Gələn ziyarətçilərə maddi-mədəniyyət nümunələri ilə bərabər “Çıraqqala-Şabran” qoruğuna daxil olan abidələr və onların tarixləri barədə də video görüntülər göstərilməklə “Çıraqqala-Şabran” qoruğunun bələdçiləri tərəfindən ətraflı məlumat veriləcək. Qeyd edək ki, tariximizin tanıdılması və təbliği məqsədilə həyata keçirilən yeni layihə əsasında təşkil olunan sərgi avqust-sentyabr ayları ərzində hər gün saat 10:00-dan 16:00-a kimi Soyqırımı Muzeyində davam edəcək.

 

Mirzə Bala Məhəmmədzadə. "Əksinqilabçılar”

Mirzə Bala Məhəmmədzadənin “Əksinqilabçılar” hekayəsi 1918-ci il mart soyqırımına həsr edilmiş ilk bədii əsərdir. Yazıçı bu hekayəsi ilə Rusiyanın ideoloji təsiri altına düşmüş Azərbaycan ziyalısının soyqırımı faciəsini öz gözləri ilə görsə də, hadisələrdə öz yaxınlarını, əzizlərini itirsə də, yenə də qətlə yetirilənlərin “əksinqilabçılar” olduğunu söyləməsi, həqiqəti görə bilməkdə və dilə gətirməkdə çətinlik çəkməsi, problemin mahiyyətini dəyərləndirməkdə rus bolşeviki, erməni daşnakı kimi düşünməsi məsələsini qabartmış, nəticədə bu gün də aktual səslənən mükəmməl bir Hüseyn obrazı yaratmışdır.
Əsərdə yazılırdı: “Şamaxı hadisəsi Krım, Türküstan hadisələri kimi, Hüseyni o qədər düşündürmədi. Çünki müəqqəq (doğru) mənbələrdən aldığı məlumata görə, o türk ocaqlarında qırılanlar “əksinqilabçılar” idi. Fəqət indi isə Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng, qurşun səsi ilə paraxodların bombardmanı, cəmaətin qışqırığı, çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri anladırdı. Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı… Dəstə ilə qadınlar, qızlar, qocalar başları açıq, ayaqyalın evdən-evə, küncdən-küncə qaçırdı. Bu nə üçün idi?! Bunlar türk-islamlar idi. Bunlar hürriyyət, muxtariyyət arzulayanlardı. Bunlar əsrlərlə əsarət, əziyyət, həqarətdən usanmış, daha insancasına yaşamaq arzu etmişlərdi. Ona görə cəzalanıblar. Əksinqilabçıdılar. Yəni “Velikorus” imperialistliyinə tabe olmaq istəməyirlər. Bilməm, bunları Hüseyn görürmü?!”

Məhəmməd Hadi - "Qəhrəman türk əsgərlərinə"

Azərbaycanın köməyinə gələn Qafqaz İslam ordusunun baş qərargahı Gəncədə yerləşirdi. Həmin dövrlərdə Gəncədə olan Məhəmməd Hadi onların Azərbaycana köməyini sevinclə qarşılamış və 1918-ci ildə
“Qəhrəman türk əsgərlərinə” şeirini burada yazmışdır.
Qorxmaz yürekli ərləriz,
Həp əsgər oğlu əsgəriz.
Türk oğlu qaçmaz hərbdən,
Qeyrətliyiz, cəngavəriz.
Türk milləti, türk milləti,
Qəhr etdi canlı zülməti.
Əlhəmdüillah parladı
Türkün hilalü şövkəti.

"Ağdü məbədi"

Ağdü məbədi – Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən – Sisian) rayonunun Ağdü (19.04.1991-ci ildən – Aqitu) kəndində qəbirüstü abidə. VII yüzildə tikilmiş bu abidənin hündürlüyü 9 m-dir. Ağdü kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, 1988-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. Kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçmüşlər.

MƏMMƏD SƏİD ORDUBADİ “QANLI İLLƏR”

Ötən əsrin əvvəllərində erməni vəhşiliyinin canlı şahidi olmuş Məmməd Səid Ordubadi tarixi faktlar və dərin müşahidələr əsasında “Qanlı illər”adlı kitab yazmışdır. Yazıçı bu əsərində 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman qırğınlarından, eləcə də ermənilərin Azərbaycan ərazilərində insanlara qarşı törətdiyi faciələrin, ağlagəlməz işgəncələrin, talanların şahidi olmuş 245 nəfərin ifadələri əsasında qələmə almışdır. Ordubadi azərbaycanlıların onlara məxsus dədə-baba ocağında ermənilərin insanlığa sığmayan vəhşilikləri barədə erməni xəyanətini, dəhşətini olduğu kimi əks etdirən “Qanlı illər” əsərində namərd qonşularımızın necə hiyləgər, bəd əməl, qaniçən, türk qanına susamış cani olduqlarını törətdikləri fəlakət və bəlalarla səciyyələndirib.
Hələ çar senzurasının hökm sürdüyü bir dövrdə erməni daşnaklarının onlara söykənərək həyata keçirdiyi soyqırımı barədə fakt və şahidlərin söylədikləri hadisələrin əsasında yazan Ordubadi bu əsəri 1908-ci ildə tamamladı. Təəssüf ki, fakt və dəlillər əsasında yazılan bu kitabın taleyi bəd gətirdi. Həqiqətləri açıq-aydın dediyinə və bu milli cəsarətinə görə ermənilərin güdazına gedən Məmməd Səid Ordubadi 1914-cü ildə Culfada həbs edilərək Rusiyanın Saritsin (Volqoqrad) şəhərinə sürgün olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri, görkəmli dövlət və siyasi xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya gəlmişdir.

Rusiya Müəssislər məclisinə nümayəndə seçilən, lakin 1917-ci ildə oktyabr çevrilişi baş verdiyi üçün Petroqrada gedə bilməyən Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirakı olmuşdur. 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutaraq milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, daha sonra Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifı və dini etiqad naziri vəzifələrini tutmuşdur.
Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin, eləcə də məktəb dərsliklərinin hazırlanması və nəşri, savadsızlıqla mübarizə kurslarının açılması və s. Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. Bundan əlavə hökumətin qəbul etdiyi son qərarlardan biri də hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar idi.
Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması müjdəsini yanvarın 14-də Nəsib bəy Yusifbəyli Azərbaycan xalqına çatdırmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Nəsib bəy Yusifbəyli 1920-ci il, may ayının 31-də yolda faciəli surətdə qətlə yetirildi.