Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə 1923-cü il iyulun 7-də Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində mərkəzi Xankəndi şəhəri olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.

1923-1991-ci illərdə mövcud olmuş DQMV inzibati ərazisinə Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonları daxil olmuşdur.
I Qarabağ müharibəsinin gedişatında 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Həmin qərara əsasən, bölgənin Stepanakert şəhəri, Mardakert şəhəri, Martuni şəhərinin tarixi adları bərpa olunaraq Xankəndi şəhəri, Ağdərə şəhəri, Xocavənd şəhəri adları ilə əvəz olundu.
Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusu məhv edildi və “Dağlıq Qarabağ Respublikası” ifadəsi ləğv edilmiş və tarixin arxivinə qovuşmuşdur.

İyulun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilmiş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib.

 
Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.
İclasda çıxın edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva abidələrin qiymətləndirilməsi ilə bağlı mövcud çətinliklər və qarşıda duran məsələlər haqqında danışıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin Abidələrin qorunmasına nəzarət sektorunun müdiri Pərviz Nəcəfov bildirib ki, I mərhələdə Bakı şəhəri üzrə 6 və işğaldan azad edilmiş ərazilər üzrə 51 obyekt, II mərhələdə Binəqədi rayonu üzrə 13 dövlət qeydiyyatında olan abidə və 12 tarix-memarlıq əhəmiyyətli tikili, III mərhələdə isə Memarlar İttifaqının Səbail rayonu üzrə təklif etdiyi 63 tikili – ümumilikdə cəmi 145 abidə baxılması üçün Ekspert şurasına təqdim olunub.
Qeyd edilib ki, I mərhələdə Bakı şəhəri və işğaldan azad edilmiş ərazilər üzrə obyektlərlə bağlı şura üzvləri tərəfindən verilən təkliflər ümumiləşdirilərək Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA tərəfindən 48 obyektin siyahıya daxil edilməsinə müsbət rəy verilib. Bu obyektlərin abidələr siyahısına daxil edilməsi üçün qərar layihəsi hazırlanıb və razılaşdırılması üçün müvafiq orqanlara göndəriləcək.
II mərhələdə Binəqədi rayonu üzrə dövlət qeydiyyatında olan 9 abidənin adı, tarixi və ünvanlarında dəqiqləşdirmə aparılaraq siyahıda düzəliş olunması təklif edilib. 12 tarix-memarlıq əhəmiyyətli tikiliyə dair məlumatlar hazırlanaraq şura üzvləri tərəfindən baxılıb. 8 obyektin abidələr siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunub.
III mərhələdə isə Səbail rayonu üzrə 63 binaya dair hazırlanmış materiallara şura üzvləri tərəfindən baxış olub. Onlardan 49-nun abidələr siyahısına daxil edilməsi məqsədəuyğun sayılıb. Hər iki mərhələdə şura üzvləri tərəfindən verilən təkliflər əsasında AMEA-ya məktub hazırlanıb.
Sonda şura üzvlərinin həyata keçirilən işlərlə bağlı irad və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Ekspert şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub.
Ekspert şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir təşkil olunub. “26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür" adlı tədbirdə Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin, eləcə də “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları iştirak etmişlər.

Giriş sözü ilə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova qoruq əməkdaşlarını salamlayaraq bildirmişdir ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də böyük inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi sayəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır. Daha sonra çıxış edən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov qeyd etmişdir ki, tarixin bütün dövrlərində ordu dövlətin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin təmin olunmasında, regionda və dünyada söz sahibi olmasında xüsusi rola malik olub. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları Naibə Məmmədova, Zaur Cəfərov, Yusifli Emin, Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, Kompleksin əməkdaşları Ülkər Zeynalova, Səriyyə Abidova çıxışlarında ordu quruculuğunun tarixinə nəzər salaraq bildirmişlər ki, Azərbaycan hərb meydanında hər zaman öz sözünü söyləmiş, ən müasir hərbi texnika ilə təchiz olunan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirib və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bu, Azərbaycan ordusunun son yüzillikdə qazandığı ən böyük zəfərdir.
Tədbir mövzu ətrafında müzakirələrin aparılması ilə davam edib.

S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda IV şagird respublika elmi-praktik konfransı keçirilib.

Konfransda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları da iştirak ediblər. Çıxış edən natiqlər 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, bununla əlaqədar gimnaziyada bir sıra əhəmiyyətli yarışların, müsabiqələrin keçirildiyini və hazırda keçirilən “Azərbaycanda elm və təhsilə şagird baxışı” mövzusunda IV şagird respublika elmi-praktik konfransının bu tədbirlər sırasında önəmli yer tutduğunu bildiriblər. Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya-biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya”, “Estetik və fiziki tərbiyə”, “Xarici dillər” bölmələrində davam etdirib.

Qeyd edək ki, konfransın təşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyində olan S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, ETN akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Quba şəhərinda “Soyqırımı Memorial Kompleksi”, Azərbaycan Respublikasının Təhsil İnstitutu və AMEA-nın Şəki Regional Elmi Mərkəzidir.

15 İyun Qurtuluş Günü ilə əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kompleksin direktor müavini Mehriban Əliyeva çıxış edərək bildirmişdir ki, hər il böyük fəxarət hissi ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən etibarən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilas tarixi başlanır. Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, , ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrilib və bu siyasət Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Teymur bəy Novruzov"

Milli Ordu quruculuğu tarixində xidməti olmuş azərbaycanlı hərbi sərkərdələrdən biri də general-mayor Teymur bəy Novruzov idi. Teymur bəy 1880-ci il aprelin 20-də Yelizavetpol qəzasının Qovlar kəndində peşəkar hərbçi ailəsində anadan olmuşdur. İbtidai təhsilini Tiflis kadet korpusunda alandan sonra o, 1898-ci ildə Yelisavetqrad zabit məktəbini müvəffəqiyyətlə bitirmişdir. Teymur bəy Novruzov I Dünya müharibəsində Nijeqorodskoy 17-ci Əlahəzrət draqun polkunun 4-cü eskadronunun komandiri olaraq Cənubi-Qərb cəbhəsinin əməliyyatlarında yaxından iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Teymur bəy hökumətin 2 avqust 1919-cu il tarixli qərarı ilə polkovnik T.Novruzova xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Bir qədər sonra isə Azərbaycan Ordusunda Süvari Diviziyanın komandiri təyin edilərək, o diviziyanın hissələrinin yaradılması, komplektləşdirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində böyük işlər görmüşdür. Süvari diviziyanın 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.
Sovet hakimiyyətinin ilk vaxtlarında işğalçılara qarşı 1920-ci ilin mayında Gəncə üsyanının da təşkilatçılarından və fəal iştirakçılarından biri olan T.Novruzov üsyan yatırıldıqdandan sonra Fransaya mühacirət etmiş və orada vəfat etmişdir.

 

Aslan bəy Əli ağa oğlu Qardaşov

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri olan Aslan bəy Əli ağa oğlu Qardaşov 1866-cı ildə Zaqatala dairəsinin Çökəkoba kəndində anadan olmuşdur. Əvvəlcə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almış, daha sonra İstanbul Universitetində təhsilini davam etdirmişdir. Hüquq, maarif sahəsində çalışan Aslan bəy Qardaşov Dağıstandan II Dumaya üzv seçilmiş, 1917-ci ildən Müsavat partiyasının üzvü olmuş, 1918-ci il dekabrın 25-də yeni çağırılmış AXC Parlamentinin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olmuşdur. Aslan bəy Nəsib bəy Yusifbəylinin 1919-cu ilin martın 14-də təşkil etdiyi dördüncü Hökumət kabinetində Əkinçilik və Dövlət Əmlakı naziri vəzifəsini icra etmişdir.
1920-ci il aprelin 28-də bolşevik istilasından sonra istiqlal ideyalarına sadiq qalmış A.Qardaşov Zaqatala üsyanına rəhbərlik etmişdir. Həmin üsyan vaxtı Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi söylənilsə də, bu haqda dəqiq məlumat yoxdur.

"Naxçıvan Came məscidi"

 Azərbaycanın görkəmli tarix-memarlıq abidələrindən biri də Naxçıvan şəhərində yerləşən Came məscididir. Şəhərin mərkəzində yerləşən Came məscidi XVIII əsrdə Məhəmməd Təqi tərəfindən inşa olunmuş, xalq arasında “Şəhər məscidi” kimi tanınmışdır. Məscid sovet hakimiyyətindən əvvəlki dövrlərdə şəhərin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır.
Ümumi sahəsi təxminən 1000 m² olan məscidin qərbdən giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Mərmər lövhə üzərində həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid naхçıvanlı Hacı Novruzun oğlu Xeyrül-Hac Hacı Məhəmməd Cəfər ağanın səyi ilə inşa edilmişdir.
təsvir olunur Məscid bir minarəlidir. Ermənilərin 1918-ci ildə Naxçıvanda yerli əhaliyə qarşı soyqırımı zamanı minarə top atəşi ilə zədələnmişdir. Görkəmli rəssam Bəhruz Kəngərlinin 1920-ci ildə naturadan çəkdiyi rəsmdə bu zədə aydın.
2007-ci ildə isə Came məscidi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə əsaslı şəkildə bərpa edilmişdir.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda şəhid olmuş igid oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Cümhuriyyət fədailərinə həsr edilmiş qısa sənədli filimin nümayişindən sonra qonaqları salamlayan kompleksin direktoru Dr. Rəxşəndə Bayramova konfransın işinə uğurlar arzulayıb. O, bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.
Daha sonra çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov vurğulamışdır ki, XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentin yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti kimi onun parlamenti də özünəməxsus tarixi yol keçib. Xalq Cümhuriyyəti parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bu gün xalqımızın qürur mənbəyidir.
Elmi məqalələr ilə çıxış edən tarixçi alim və tədqiqatçılar mövzu ətrafında fikir mübadilələri aparmışlar.
Qeyd edək ki, keçirilən konfransın əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, eləcə də XX əsr soyqırımı həqiqətlərini bir daha yada salmaq, regionda elm və tarixin inkişafına dəstək olmaq, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdir.

"Xurşidbanu Natəvanın ev-muzeyi"

Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsidir. 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlamışdır. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılmışdır.
1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlamışdır.
1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsd edilmişdir.
Vətən müharibəsindən sonra Şuşa şəhərində aparılan bərpa və yenidənqurma işləri zamanı Xan qızı Natəvanın evinin köhnə üslubunun saxlanılması şərtilə bərpa edilməsi nəzərdə tutulmuşdur.

"Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi"

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılmışdır. Dünyanın açıq səma altında yaradılmış nadir muzeyləridən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidə e.ə. əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. canlı olaraq qorunub saxlanılmışdır. Dulusçuluq, çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir , Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları nümayiş etdirilir. 2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılmış və karvansara-restoran fəaliyyətə başlamışdır.