31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 106-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba rayonu İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə anım tədbiri-kütləvi ziyarət keçirilib.

Anım tədbirində Quba RİH-nin başçısı cənab İlqar Mahmudov, Azərbaycan Respublikasının Mədəniyyət nazirirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Ağayev, hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, media nümayəndələri, eləcə də onminlərlə insan iştirak edib.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini, daha sonra isə 1918-ci il soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin qarşısına gül dəstələri düzərək kompleksin muzeyi, həmçinin 1918-ci ildə belarusiyalı fotoqraf Lev Daşkeviç tərəfindən lentə alınmış foto-sərgi ilə yaxından tanış olublar.
Sonda Azərbaycan Respublikasının Mədəniyyət Nazirirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva jurnalistləri maraqlandıran sualları cavablandırıb.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakı Qızlar Universitetində “Azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı hadisələrinin nəticələri” mövzusunda respublika elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları – t.ü.f.d, dosent Sübhan Talıblı, Lətafət Beybutova, Ülkər Zeynalova və Nurcan Allahverdiyeva öz elmi məqalələri ilə çıxış ediblər.

1918-ci il Azərbaycanlılara qarşı törədilmiş soyqırımların 106-cı ildönümü ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində “1918-ci il soyqırımları tarixi tədqiqatlarda” adlı II Respublika Elmi Konfransı keçirilmişdir. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları - Lətafət Beybutova və Ülkər Zeynalova konfransda mövzu ilə bağlı məruziləri ilə çıxış etmişlər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qusar Dövlət Rəsm Qalereyası və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilmiş sərgidə iştirak ediblər. Tədbir iştirakçıları 1918-ci ildə belarusiyalı fotoqraf Lev Daşkeviç tərəfindən lentə alınmış fotolarla yaxından tanış olublar.

1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 106-cı ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilmişdir. Akademiyanın tarix kafedrasının təşkilatçılığı ilə həyata keçirilmiş tədbirdə kafedranın professorları, dosentlər, elmi işçilər, eləcə də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova 1918-ci ildə azərbaycan ərazilərində baş vermiş etnik təmizləmə siyasəti barəsində danışaraq qeyd etmişdir ki, bu soyqırımlar öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Daha sonra Akademiyanın prorektoru professor Ə.Z.Abdullayev çıxış edərək qeyd etmişdir ki, erməni qəsbkarları hər zaman xalqımıza qarşı soyqırımlar, etnik təmizləmə və deportasiya həyata keçirmiş, tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşamışdılar.
Soyqırımı Memorial Kompleksinin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı 1918-ci il Lənkəran, Cavad və Göyçay qəzalarında azərbaycanlıların soyqırımı haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Kompleksin mütəxəssisi Nazilə Məmmədova isə Soyqırımı Memorial Kompleksinin ötən 10 il ərzindəki fəaliyyəti barəsində danışmışdır. Qeyd olunmuşdur ki, Kompleksi bu günə qədər 200 mindən çox xarici olmaqla 1 milyondan çox ziyarətçi ziyarət etmişdir.
Sonda tədbir iştirakçılarına Soyqırımı Memorial Kompleks tərəfindən hazırlanmış azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə kitab və bukletlər təqdim olunmuşdur.

Quba şəhərində Soyqırımı Memorial Kompleksi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı onlayn seminar keçirilmişdir. Vebinarda Kompleksin, eləcə də universitetin əməkdaşları XX əsrin əvvəllərində bolşevik-daşnak hərbi birləşmələrinin Azərbaycanın müxtəlif qəzalarında törətdiyi soyqırımlar haqqında öz məruzələri ilə çıxış etmişlər. Ümumilikdə vebinarda 20-ə yaxın insan iştirak edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı rayon filialı və Quba rayon “Soyqırımı Memorial Kompleski”nin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn seminar keçirilib. Vebinarda ali təsil ocağının tarixçi alimləri, eləcə də Soyqırımı Memorial Kompleksinin əməkdaşları iştirak ediblər. Çıxışçılar Azərbaycan torpaqlarında, həmçinin Şərqi Anadolu və Cənubi Azərbaycanda erməni daşnaklarının həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində dinc müsəlman əhaliyə qarşı törədilən soyqırımı hadisələrindən bəhs etmişlər.