17.04.2021-ci il tarixində saat 11.00-da Quba Soyqırımı Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə "18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" ilə əlaqədar "Şimali-şərqi Azərbaycanın tarixi abidələri" mövzusunda onlayn elmi seminar keçiriləcəkdir. Seminarda sözü gedən mövzu haqqında arxeoloq, tarix üzrə fəlsəfə doktoru, Laçın Mustafayev məruzə edəcəkdir.

https://us04web.zoom.us/j/74671320590?pwd=cUhISkVSUWFlbWVHaW1vSDMyamFiUT09

Əziz ziyarətçilərimiz!

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda o cümlədən Quba şəhərində “Soyqırımı Memorial Kompleksində” tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif layihələr və tədbirlər keçirilir. Bu il həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumatları təqdim edir və Sizləri Kompleksimizi ziyarətə dəvət edirik.
Keçirilməsi nəzərədə tutulan layihə və tədbirlər:
1. 15-18 aprel Kompleksin sosial şəbəkələrdə mövcud olan səhifə profillərində ölkəmizin mədəni irsinin inciləri sayılan qorunan abidələrimiz və tarixi yerlər barədə hazırlanmış müxtəlif sənədli filmlərin izləyicilərə təqdim olunması;.
2. 15-18 aprel Kompleksin muzeyində tarixi abidələr haqqında sənədli filmlərin nümayişi;
3. 17-18 aprel Kompleksə gələn ziyarətçilər üçün muzeyin çıxışında –bayraq meydançasında 1918-ci ilə aid hadisələr ilə bağlı suallar əsasında viktorinanın təşkil olunması və viktorinada fəal olan iştirakçılara kiçik hədiyyələrin təqdim olunması həmçini “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” barədə məlumatların verilməsi;
4. 17-18 aprel Kompleksə ziyarətə gələcək azyaşlılara müxtəlif kiçik hədiyyə, şar və bayraqların verilməsi;
5. 17-18 aprel Quba şəhərində yerləşən qorunan tarixi abidələr barədə Kompleksın mütəxəssisləri tərəfindən hazırlanmış videoçarxın sosial şəbəkələrdə yayımlanması və təbliq olunması;
6. 17-18 aprel İşğaldan azad olunmuş ərazilərdə erməni vandalizmi nəticəsində dağıdılmış mədəni və tarixi abidələrin fotoşəkilləri əsasında hazırlanmış slaydın təqdim olunması;
7. 17-18 aprel 1918-ci ildə Qubada baş verən soyqırımları zamanı dağıntıya məruz qalmış rayonun Alpan kəndində yerləşən “Subaba” türbəsi və qədim qəbir daşları haqqında məlumatların əks olunduğu videoçarxın Kompleksə aid sosial şəbəkələrdə yayımlanmasının təşkili;
8. 17-aprel Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə “Şimali-şərqi Azərbaycanın tarixi abidələri” mövzusunda onlayn seminarın keçirilməsi.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü ilə Türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti Quba rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ini ziyarət etmişlər.

Ziyarətçilərə erməni vandallarının 1918-ci ildə Azərbaycanda o cümlədən Qubada törətdikləri insanlığa sığmayan vəhşilikəri haqqında ətraflı məlumat verilmişdir.
Görüşün sonunda Kompleks tərəfindən hazırlanan təbliğat və tanıtım xarakterli, buklet, müxtəlif kitabçalar, flayer və digər çap məhsulları gələn ziyarətçilərə, Türkiyəli qonaqlar tərəfindən isə Soyqırımı Memorial Kompleksinə xatirə hədiyyəsi təqdim edilmişdir.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə “31 Mart Azərbaycanlıların Soyqırımı”nın 103-cü il dönümünə həsr edilmiş anım tədbiri təşkil edilmişdir. Anım tədbirində Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Anar Kərimov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Quba Rayonu Icra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak etmişlər

İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, daha sonra Memorial Kompleksdə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək, önünə gül dəstələri düzmüşlər. Tədbir iştirakçıları Kompleksin muzeyini ziyarət etməklə yanaşı “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilən foto və kitab sərgisi ilə tanış olmuşlar.

Tarixçilərimizin qələmindən : 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bir baxış #genocid

Vaqif Abışov- “Azərbaycanlılara eləcə də türklərə qarşı törətdikləri 31 mart soyqırımının həyata keçirilməsində “Böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər əsas rol oynayırdılar. Sovet hakimiyyəti öz bölməsini Bakıda yaratmaq üçün Stepan Şaumyandan istifadə edib. Şaumyan isə Rusiyanın niyyətini həyata keçirmək, eləcə də böyük Ermənistan dövlətini yaratmaq niyyətini reallaşdırmaq üçün bütün qüvvəsi ilə çalışırdı. Şaumyanın Bakıda, eləcə də bölgələrdə kütlə arasında nüfuzu sıfıra bərabər idi. Məhz bu baxımdan O 1920-ci ilə kimi Bakıda öz mövqeyini möhkəmlətməsi istiqamətində bir növ fürsət gözləyirdi. Bu illər ərzində dəfələrlə iri və xırda təxribatlar törətsə də ciddi bir məqsədə nail ola bilməmişdir.
Şaumyanın Azərbaycanlılara qarşı törətdiyi ilk təxribat Azərbaycan tatar süvari polkunun qərargah rəisi olan Talışınskinin Bakı vağzalına gələndə qərargahı ilə bir yerdə həbs edilməsi oldu ki, bu da o zaman cəmiyyətdə böyük narazılıq yaratdı. Evelin gəmisində Lənkərana getmək istəyən Azərbaycan hərbi qüvvələrinin Şaumyanın göstərişi ilə erməni hərbçiləri tərəfindən tərkisilah edilməsi isə sonda qarşıdurmalara gətirib çıxartdı. Artıq uzun müddətdir ki, ciddi hazırlıq işləri görən Şaumyan İrandan, Cənubi Qafqazdan, eləcə də Türkiyədən türklərə qarşı döyüşən bir qrup erməni hərbçilərini artıq Bakıya yerləşdirmişdi. Bununla da 1918-ci ilin mart ayının 31-dən başlayaraq 3 gün müddətində Azərbaycanlılara qarşı qanlı qırğınlar törədildi.
Qeyd edək ki, Mart soyqırımı zamanı Bakı Quberniyası üzrə 1918-ci ilin iyunun 15-dən yaradılmış Fövqəladə Tədqiqat Komissiyasının topladığı tarixi sənədlərdə 3500 səhifədən ibarət 36 cilddə hüquqi sənədlər öz əksini tapmışdır. Burada öldürülən insanların siyahısı, əhaliyə və ölkəyə dəyən maddi ziyanın hesabatı toplanıb. Son günlər tarixi həqiqətləri üzə çıxartmaq üçün Milli Elmlər Akademiyasının Tarix İnstitutu Moskva, İngiltərə və Fransadan gətirilən tarixi sənədlərin üzərində xüsusi araşdırmalar aparır.