Tarixçilərimizin qələmindən : 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bir baxış #genocid

Firdovsiyyə Əhmədova: “…1918-ci ilin Azərbaycanın qəzalarında törədilən qırğınların əsas səbəbi bunlar idi: milli hərəkatın tamamilə zərərsizləşdirilməsi, onun sosial bazadan məhrum edilməsi, yəni yerli əhalinin faktiki olaraq etnik cəhətdən təmizlənməsi. Qırğınların geniş miqyas alması üçün bolşeviklər özlərinin hərbi qüvvələrinin üstünlüyünü təmin etmək məqsədilə daşnaklarla, erməni milli şurası ilə ittifaqa getməli idi. Ermənilər öz niyyətlərini gerçəkləşdimək üçün bolşevik diktaturasına üstünlük verdilər. Bolşevik-daşnak iş birliyi kütləvi şəkildə dinc müsəlman əhalisinin qırılması ilə nəticələndi…”

#armenianVandalism #KarabakhisAzebaijan @UNESCO Zəngəzur qəzası.

 
Cənubi Qafqazda müstəqil respublikalar (1918-ci il) yaradıldıqdan sonra ermənilərin Zəngəzura qarşı ərazi iddiaları may -avqust aylarında soyqırımları ilə müşahidə olunmağa başladı. Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü Mixaylovun məruzəsində ermənilər tərəfindən Zəngəzur qəzasında 115 kəndin, 10-a yaxın təzə binə yaşayış məskənlərinin yerlə -yeksan edildiyi bildirilirdi. Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasında 10.068 nəfər insan öldürülmüş və ya şikəst edilmişdir.
Yerli dinc sakinləri müdafiə etmək məqsədi ilə 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Bütün müdafiə tədbirlərinin görülməsinə baxmayaraq ermənilərin Zəngəzur qəzasının azərbaycanlı əhalisinə qarşı soyqırımı 1919- 20- ci illərdə də davam etdirilmişdir.
Mənfur xislətli düşmən Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet dönəmində Zəngəzuru Azərbaycandan qoparmaq siyasətində daha da fəallaşmış qəzanın torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilmişdir.
Əzəli Azərbaycan torpaqlarında 1920-ci illərin sonlarından həyata keçirilən rayonlaşdırma siyasəti zamanı həmin ərazilərdə Qafan, Gorus, Mehri və Sisiyan rayonları təşkil edilmiş, Zəngəzur bir tarixi vilayət kimi ləğv edilmişdir.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.459-460

"Qarabağ abidələrini taniyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur. Şuşa tarixi-memarlıq abidələri

Yuхarı Gövhər ağa məscidi — Şuşa şəhərinin mərkəzi meydanında yerləşən ən qədim məsciddir. Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. 1768-1769-cu illərdə həmin məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscidin memarı Qarabağlı Kərbəlayi Səfixan olubdur. Yuxarı Gövhər ağa məscidi inşa edildikdən sonra isə, bu məscid Şuşa camaatı arasında Aşağı Gövhər ağa məscidi adlandırılmağa başlandı. Məscidin inşa tarixi 1874-1875-ci illərə təsadüf edir. Aşağı və Yuxarı Gövhər ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılırdı.
8 may 1992-ci ildə Şuşanın işğal edilməsi ilə şəhərin bütün memarlıq abidələri kimi bu məscidlərdə erməni vandalizminin qurbanına çevrilmiş və keçən 28 il müddətində bu abidələr xeyli dağıntılara məruz qalmışdır. II Qarabağ savaşı nəticəsində Şuşa işğaldan azad edilmiş və oradakı tarixi, memarlıq abidələrimiz erməni əsarətindən azad olmuşdur.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib. 

Martın 2-də baş tutan görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb.  Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib. 

Görüş zamanı Türkiyə ilə Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb.

Görüşdə ikitərəfli münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

A.M.Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Məhyəddin oğlu Cəfərli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2021-ci il.

Ziyarətçilərin nəzərinə

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən 01 aprel 2021-ci il tarixinədək bazar ertəsi günləri dezinfeksiya tədbirləri görülməsi məqsədi ilə qoruqlarda, o cümlədən Soyqırımı Memorial Kompleksində qeyri iş günü müəyyən edilmişdir. 
Xatırlatmaq istərdik ki, Kompleksdə çərşənbə axşamı-bazar günləri daxil olmaqla həftənin 6 günü saat 10.00-17.00-dək ziyarətçi qəbulu həyata keçirilir və göstərilən xidmətlər ödənişsizdir.

Rəxşəndə Bayramova/ Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Xudeyri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir

Fevral ayının 12 də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Xudeyri Quba rayonunda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində cənab səfir Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir. Erməni vandallarının 1918-ci ildə Azərbaycanda, o cümlədən Qubada törətdikləri soyqırımı hadisələri haqqında ətraflı məlumatlandırılan səfir, muzeydə gördüklərindən dəhşətə gəldiyini vurğulamışdır.
Cənab səfir Haməd bin Abdullah bin Xudeyri muzeyin xatirə kitabına öz təəssüratlarını yazaraq, erməni daşnakların insanlığa sığmayan mənfur əməllərini pisləmişdir. Sonda qonağa Kompleksin direktoru Rəxşəndə Bayramova tərəfindən soyqırımı hadisələrinə həsr olunmuş müxtəlif kitabçalar o cümlədən ərəb dilində hazırlanmış tanıtım bukleti təqdim edilmişdir.