
Qeyd: məqalənin son hissəsində Quba Soyqırımı Memorial Kompleksi və onun tarixi barədə geniş məlumat verilmişdir. Dəyərli alimimiz tarix elmləri doktoru, professor Solmaz xanım Tohidiyə təşəkkür edirik.
Xəzər dənizində Azərbaycana aid “Cəhənnəm adası” və ya “İlan adası” kimi tanınan “Nargin” adası (Böyük-Zirə adası) Bakı buxtasında, şəhərdən on kilometr cənubda çox kiçik – təxminən üç kvadrat kilometr ərazidə yerləşir.
XVII əsrdə ruslar, xüsusilə də kazaklar Bakı arxipelağına aid olan adaların əksəriyyətinin adlarını dəyişdirmişlər. 1719-cu ildə Rusiya İmperatoru I Pyotr bu adaya Fin körfəzində yerləşən Nargin adasına bənzədiyi üçün bu adı vermişdir.
Müxtəlif ilanların olduğu yer kimi məşhur olan ada Rusiya tərəfindən bir ölüm kampına çevrilmişdir. Əvvəlcə Çar Rusiyasısı, sonra isə Sovet hakimiyyətinın ilk illərində Birinci Dünya müharibəsi zamanı imperiya cəlladlarının girov götürdükləri türk əsgərləri, eləcə də türk-müsəlman kəndlərindən əsir götürülmüş 10 000-dən çox insan bu adada amansız işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülmüşdür.
Adada türk tarixi baxımından 1914-1915-ci illərdə Sarıqamış döyüşlərində Anadolu kəndlərindən üç yaşlı uşaqlardan tutmuş, 80 yaşadək türk-müsəlmanların zorla girov götürülərək qətlə yetirilməsinə dair sənədlər, həmçinin aclıq, xəstəlik, zəhərli ilanların sancması ilə ölən və ruhi xəstəlik tapıb əldən düşən insanların şəkilləri Rusiyanın müxtəlif arxivlərində üzə çıxmışdır.
Nargin adasında tutulan on minlərlə əsirin bir qismi Azərbaycan türklərinin köməkliyi ilə oradan qaçırılmışdır. Bu məsələdə Müsəlman Xeyriyyə Cəmiyyəti, Hacı Zeynalabdin Tağıyev, İsmayıl bəy Səfərəliyev, Murtuza Muxtarov və Əjdər bəy Aşurbəyovun fəaliyyətlərini xüsusilə qeyd etmək lazımdır. 1918-ci ilin sentyabr ayında Bakıya daxil olan Qafqaz İslam Ordusu əsirləri azad etsədə Nargin həbsxanasının qanlı tarixi bununla da bitməmişdir. 1920-ci ildə Bakıda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra Azərbaycanın bir sıra dövlət və ictimai xadimləri, Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı fəalları, həm də Stalin repressiyası qurbanları Nargin və Bulla adalarında güllələmişdir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra onun ilk adı özünə qaytarılaraq “Böyük Zirə” adlandırılır.
Tarixən ermənilər özlərinə aid olmayan məhsuldar torpaqlarda məskunlaşır, daha sonra bu torpaqların sahibləri kimi davranaraq, yerli əhalini müxtəlif üsullarla oz doğma yurdlarından sıxışdırıb çıxarır, tarixi və mədəniyyət abidələrini məhv edir və ya dəyişdirirlər. Bu xalqın belə məskunlaşma siyasəti və vandalizmi haqqında bir çox rus tarixçiləri də öz əsərlərində qeydlər etmişlər. Məsələn; rus etnoqrafı L.P. Zaqurskiy özünün yazdığı “Qafqaz bölgəsi” (Kaвкфзкаго отдела-1873) kitabında ermənilərin Cavaxetiya torpaqlarına yerləşdirilməsi ilə bağlı yazır: “Ümumiyyətlə, Cavaxetiyada türk hakimiyyəti dövründə əhali çox az məskunlaşmışdı. İndiki Axaltsixe qəzası ruslar tərəfindən fəth edilməsindən sonra Ərzurumlu köçkünlər (red:Ərzurumdan gəlmiş ermənilər nəzərdə tutulur) buranın əksəriyyət əhalisini təşkil etdilər. Qeyd etmək lazımdır ki, bu vərdişi əldə etmiş ermənilər (siyasi müstəqilliyini itirən vaxtdan bəri) vətənlərini asanlıqla tərk edir, maddi nemətlər əldə edəcəkləri bir ölkədə həvəslə məskunlaşırlar. Buraya yerləşdikdən sonra inşa etdikləri kilsələrdə köçkünlər adətən keçmiş vətənlərindən gətirilmiş şəkillər və köhnə kilsə kitablarını qoyur, sonra kilsələr ətrafında məskən salır, əmlak alır, ticarət edir və tamamilə yeni ölkənin sakinləri olurlar. Yerli əhali ilə assimilyasiya olmadan və milli xarakterlərinin əsas xüsusiyyətlərini saxlayaraq müəyyən dərəcədə təcrid olunmuş bir cəmiyyət meydana gətirirlər. Belə koloniya halında fəaliyyət göstərən bu xalq bir müddət sonra elə təsəvvür yaradır ki, onlar (Ermənilər) elə kökdən buranın əhalisi olmuşlar”. Bu deyilənlərin görüntüsünü Cavaxetiyada izləyə bilərik.
(Загурский Л.П. Поездка в Ахалцихский уезд в 1872 году // Записки Кавказского отдела Императорского русского географического общества. Кн. VIII. — Тифлис, 1873. С. 64—65.)
Tarixçilərin ümumi fikrinə görə ermənilərin Azərbaycan torpaqlarına geniş miqyaslı köçürülməsinin əsası I Pyotr tərəfindən qoyulmuşdur . Həmin bu fikr “Russkiy Vestnik” sənədlər toplusunun 1867-ci il buraxılışında da qeyd olunmuşdur.(Русский Вестникь [1867]. T. 68. [№ 3-4. Mart-aprel], səh. 596-597)
Belə ki, I Pyotr aydın şəkildə ermənilərin Azərbaycan torpaqlarında, xüsusilə Bakı ətrafında və Dərbənd şəhərinin mərkəzində yerləşdirilməsinin vacibliyini bildirmişdir. Məqsəd Rusiya İmperiyasının şərqdə siyasətini və gələcəkdə işgalları həyata keçirmək üçün ermənilərdən daxildə iğtişaşlar və siyasi gərginliklər yaratmaq üçün istifadə etmək idi.
Mənbə: “Əgər növbəti yay ticarətçi, sənətkar və köçkün ermənilər Dərbənddə, Bakıda məskunlaşsalar (Allah izniylə, oraları mənimsəyəcəyik) və onları qəbul etsələr, Bakı yaxınlığında qəsəbələrdə və Asalin adasında yerləşəsinlər… “.
Qeyd:I Pyotrun 1722-ci ildə Dərbəndə daxil olduğunu əks etdirən rəsm təqdim olunur.
Hatəm ağa Çağarvi haqqında 1871-ci ilin avqustun 20-də general-mayor Komarovun tərtib etdiyi Küre və Samur dairələri siyahısında məlumat verilmişdir. Rusiyada hərbi təhsil almış və polkovnik rütbəsinə kimi yüksəlmiş Hatəm Sərkərov 1918-ci ildə Möhübəli Kuzunvi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı döyüşmüşdü. Hatəm ağa həmçinin Möhübəli əfəndinin və Əli bəy Zizikskinin dəstələri ilə birlikdə dəfələrlə bolşevik adı ilə Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşdur. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndindəki “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşununu darmadağın etmişdi. Hatəm ağa Sovet hakimiyyəti qalib gəldikdən sonra da bolşeviklərə qarşı mübarizəni davam etmişdir. 1921-ci ilin sentyabrın 8-də Azərbaycan KP Quba qəzasında “əksinqilabi hərəkatı” ləğv etməklə bağlı xüsusi qərar qəbul etdi və Hatəm ağanı ələ keçirmək üçün Qusara iki polk göndərmişdir. Lakin qırmızılar Hatəm ağanın rəhbərlik etdiyi 300 döyüşçü ilə bacarmamışlar. Belə olduqda, Sovet hökuməti Hatəm ağanı Quba qəzasında milis idarəsinin rəisi təyin etmişdir. Amma yeni quruluşun haqsızlıqlarını görən Hatəm ağa 1922-ci ildə həmin vəzifədən imtina edərək, yenidən bolşeviklərə qarşı mübarizəyə qalxmışdır. O, 3 minlik sovet ordusuna qarşı 2 ay döyüşmüş və qəhrəmancasına həlak olmuşdur.
İsmayıl xan Ziyadxanov 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətliamlara məruz qalan azərbaycanlıların acısını dərindən duyaraq siyasi fəaliyyətə qoşulmşdur. O, Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer almış və 1906-cı ildə Yelizavetpol (Gəncə) quberniyasından 1-ci Dövlət Dumasının deputatı seçilmişdir. Dumanın müsəlman fraksiyasının büro üzvü və “Xalq Azadlığı” partiyasının üzvü olmuş İsmayıl xan dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini, Qafqazda törədilmiş soyqırımları eləcə də erməni daşnaklarının xalqımızın başına gətirdiyi bəlaları kəskin tənqid etmişdir.
1918-ci il martın 28-də də İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən yerli dəstələr qısa vaxt ərzində Şamaxını erməni daşnaklarından azad etmişdir.
Qeyd edək ki, İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkili, daha sonra isə Xarici İşlər Nazirinin 1-ci müavini təyin edilmişdir.
Azərbaycan Demokratik Respublikasının ilk parlament üzvlərindən olmuş Həmdulla Əfəndi İsmayıl oğlu Əfəndizadə 1888-ci ildə Quba qəzasının Dəvəçi nahiyəsinin Qələgah kəndində anadan olmuşdur. Dövrünün görkəmli ziyalılarından olan ictimai xadim ilk təhsilini kənd mollaxanasında, daha sonra Qubadakı mədrəsədə almış və 1906-cı ildə isə ikisinifli rus məktəbini bitirmişdir. O, ərəb, fars, türk və rus dillərini mükəmməl bilirdi.
Həmdulla Əfəndi 1918-ci ildə Quba qəzasında erməni-bolşevik daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımının qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olmuşdur. O, Quba qəza komissarı Əli Bəy Zizikski ilə birlikdə ermənilərə qarşı təşkil olunan mübarizədə öz dəstələri ilə döyüşmüşdür.
Həmin günlərdə fəal bolşevik Ə.Nəcəfovun da daxil olduğu 50 nəfərlik dəstə Dəvəçinin Əmirxanlı kəndindən at alıb qayıdarkən Həmdulla əfəndinin dəstəsi ilə döyüş baş vermiş, bolşeviklər məğlub olaraq Xaçmaza çəkilmişdilər.
Həmdulla Əfəndi həmçinin siyasi baxışları ilə fərqlənmiş və Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkənin ictimai-siyasi həyatında nüfuzlu bir şəxs kimi iştirak etmiş, “İttihad” partiyasının fəal üzvlərindən biri olmuşdur. Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una (1918, 19 noyabr) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, “İttihad” fraksiyasının üzvü olmuşdur
1920-1928-ci illərdə bolşeviklərə qarşı aparılmış mübarizədə Dəvəçi nahiyəsində Həmdulla əfəndi, onun qardaşı Şəmsəddin əfəndi kimi bölgənin tanınmış simaları rəhbərlik etmişdir. Onların başçılıq etdikləri silahlı dəstələrdə 12 minədək yerli döyüşçülərin cəmləşdiyi bildirilir.
Azərbaycanda Sovet hökuməti qurultuqdan sonra Həmdulla əfəndi, 25 oktyabr 1928-ci ildə həbs edilmiş və 1928-ci ildə repressiyaya məruz qalaraq, Sibirə sürgün olunmuş, orada vəfat etmiş
dir.
Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi.
1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da İ.Stalin Kremldə Q.Arutinovu qəbul edir. Q.Arutinov İ.Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir.
Oktyabrın 27-də Q.Arutinov yenidən İ.Stalinin qəbulunda olarkən İ.Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir. Q.Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında məktubunu Stalinə təqdim edir.
SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın ikinci katibi G.Malenkov Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Arutinovun Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M.C.Bağırov həmin məktuba cavab olaraq göndərdiyi sərt cavab məktubundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi aktuallaşmışdı.
SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana “deportasiya” edilən ermənilərə Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda məskunlaşmışdıı. Onlar əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşdırılmışdılar.
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər.
SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, ilk növbədə İrəvan ətrafında və Ermənistanın xarici sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin köçürülməsinə nail olunsun. Ermənistan hökumətinin nümayəndələri azərbaycanlı əhalinin psixoloji cəhətdən köçürülməyə hazırlanması üçün müxtəlif şayiələr yayırdılar. Ermənistan SSR-in daxili işlər naziri general-mayor X.Qriqoryanın imzası ilə 3 may 1948-ci ildə M.C.Bağırova ünvanlanmış “Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar Ermənistanın azərbaycanlı əhalisi arasındakı əhval-ruhiyyə haqqında arayış”da təkcə köçürülməsi nəzərdə tutulan rayonların azərbaycanlı əhalinin narazılıqları deyil, bu işdə marağı olan, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsini arzulayan ermənilərin söylədikləri də öz əksini tapmışdır.
Arxiv sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar da bunu göstəriri. Məsələn, 1948-ci ilin dekabrında İrəvan şəhərindən 64 azərbaycanlı ailəsinin (253 nəfər) köçürüldüyü, 1949-cu ildə isə 400 ailənin köçürülməsinin nəzərdə tutulması faktı qeyd edilmişdir.
1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3500 ev tikmək qərara alınsa da, yalnız 470 ev tikilmişdi. Yalnız 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunmuşdu. 1951-ci ildə köçkünlər üçün 5000 yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3074 ev tikilib istifadəyə verilmişdi. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır və plan artıqlaması ilə (124,6 faiz) yerinə yetirilir.
Ermənistandan azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra orada yaşayan azərbaycanlı əhalinin azalmasını bəhanə edərək, rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanıldı.
Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin azərbaycanlı birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katibləri vəzifədən azad edərək yerlərinə erməniləri təyin etdilər. Amasiya, Basarkeçər və Krasnoselo rayonlarından başqa, yerdə qalan rayonlarda Azərbaycan dilində çıxan qəzetlər bağlandı.
C.Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1949-cu ildə azərbaycanlıların yaşamadığı Basarkeçər rayonunun mərkəzinə köçürülmüş, 1952-ci ildə isə maliyyələşdirilməməsi səbəbindən bağlanmışdı. İrəvan teatrı yalnız 1967-ci ildə yenidən İrəvanda fəaliyyətini bərpa etmişdi.
X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda 1937-ci ildən təhsili Azərbaycan dilində olan bölmələri – dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri və Ermənistan Dövlət Qiyabi Pedaqoji İnstitutunda mövcud olan eyniadlı fakültələri bağlanaraq, 1948-ci ildə Azərbaycandakı müvafiq institutlara köçürüldülər. 1924-cü ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq onun fakültələri kənd rayonu hesab edilən Xanlar ( hazırda Göygöl ) rayon mərkəzinə köçürüldü.
1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azaldı. 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 6569 nəfər azərbaycanlının qeydə alındığı halda, 1959-cu ildə 3413 nəfər azərbaycanlı qeydə alınmışdı (1949-cu ildə siyahıyaalma keçirilməmişdir)
Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adlarını erməniləşdirmişlər.
Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır.
Nazim Mustafa,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi
Quba qəzasının müdafiəçilərindən biri olan Əli bəy Zizikski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçısı və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuşdur. Fevral inqilabından sonra kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdir. 1917-ci il oktyabr çevrilişindən sonra Əli bəy qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. 1918-ci il mart soyqırımı zamanı Zizikski öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdur. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradaraq, şəhər üzərinə son hücum hazırlığına başlamışdılar. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələrin nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşdular.
1918-ci ilin aprelində Bakı Soveti tərəfindən Quba qəzasına bolşevik adı altında daşnak ermənilərdən ibarət qoşun göndərilmişdir. Həmin dəstələr bir neçə gün sonra Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri tərəfindən Quba şəhərindən çıxarılmışlar. Bunun ardınca mayın əvvəlində S.Şaumyan və G.Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı altında Qubaya 3 min daşnak-bolşevik qüvvələri yeridilmişdir. Qəzanın milli qüvvələri Zizikski başda olmaqla düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib Dağıstana keçməyə məcbur olmuşdular. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstələr yaradılmasında təşkilatçılıq edən Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil edərək Qubanın azad edilməsində iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil olmuşlar..
Aprel işğalından sonra Zizikski bolşevik təqiblərinə məruz qalmış, həbs edilmiş, “erməni qırğını törətməkdə” ittiham olunaraq daha sonralar edam edilmişdir.